Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vəftizdən sonra nə etməliyəm? Hissə 2. Həsr olunarkən verdiyin vədə sadiq qal

Vəftizdən sonra nə etməliyəm? Hissə 2. Həsr olunarkən verdiyin vədə sadiq qal

 Müqəddəs Kitabda deyilir ki, «kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz» (Zəbur 84:11). «Kamillik yolunda [yerimək]» nə deməkdir? Bu, həsr olunarkən Yehovaya verdiyin vədə sadiq qalmaq deməkdir (Vaiz 5:4, 5). Həsr olunarkən verdiyin vədə vəftizdən sonra necə sadiq qala bilərsən?

Bu məqalədə

 Çətinliklər qarşısında sınma

 Əsas ayə: «Biz Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik» (Həvarilərin işləri 14:22).

 Mənası. Elə məsihi yoxdur ki, çətinliklər ondan yan keçsin. Bəzi çətinliklərlə, məsələn, rişxənd və ya təqiblərlə məsihi olduğun üçün üzləşəcəksən. Digər çətinliklər isə — maddi problemlər və ya xəstəliklər hamının başına gələ bilər.

 Çətinlik. Həyatda vəziyyət hərdən dəyişir, amma bəzən bu dəyişikliklər ürəyincə olmayacaq. Müqəddəs Kitabda deyilir ki, hər kəsin başına iş gələ bilər və insanın məsihi olub-olmamasının buna aidiyyəti yoxdur (Vaiz 9:11).

 Nə edə bilərsən? İndi ki həyatda vəziyyətin dəyişəcəyini bilirsən, yaxşısı budur, buna qabaqcadan hazırlaşasan. Çətinliklərə imanını möhkəmləndirmək və Yehovaya daha çox güvənmək fürsəti kimi bax (Yaqub 1:2, 3). Onda həvari Bulusun növbəti sözlərinə bənzər sözləri sən öz təcrübənə əsaslanaraq deyə biləcəksən: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

 OLMUŞ HADİSƏ. «Vəftiz olunmağımdan çox keçməmiş qardaşlarım həqiqətdən getdi və əvvəlcə valideynlərim, sonra isə özüm xəstələndim. Belə vəziyyətdə təslim olmaq, yəni Yehovaya həsr olunarkən ibadəti hər şeydən üstün tutacağım barədə verdiyim vədi unutmaq çox asan idi. Amma məhz Yehovaya həsr olunarkən verdiyim bu vəd sayəsində çətinliklərlə mübarizədə qalib çıxdım» (Karen).

 Məsləhət. Yusif barədə öyrən. Onun həyatı haqda «Yaradılış» kitabının 37, eləcə də 39-dan 41-dək fəsillərindən oxuya bilərsən. Bu suallar üzərində düşün: «Yusif hansı gözlənilməz çətinliklərlə üzləşdi və onların öhdəsindən necə gəldi? Yehova Yusifə necə kömək etdi?»

 Əlavə kömək lazımdır?

 Nəfsə uyma

 Əsas ayə: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaqub 1:14).

 Mənası. Vaxtaşırı nəfs bizi şirnikdirə bilər. Nəfsimizə nəzarət etməsək, günah edə bilərik.

 Çətinlik. Vəftizdən sonra nəfs yoxa çıxmır (2 Butrus 2:18). Nəfs səni hətta nikahdan əvvəl cinsi əlaqəyə girməyə şirnikdirə bilər.

 Nə edə bilərsən? Necə davranacağına nəfs səni artıq tovlayanda yox, ondan əvvəl qərar ver, əks halda, çətin olacaq. İsanın bu sözlərini heç vaxt unutma: «Heç kim iki ağaya qulluq edə bilməz» (Mətta 6:24). Kimin sənə ağa olacağını özün seçməlisən. Qoy bu, Yehova olsun. Nə qədər güclü olmasından asılı olmayaraq, nəfslə mübarizədə qalib gəlmək sənin əlindədir (Qalatiyalılara 5:16).

 Məsləhət. Güclü və zəif cəhətlərini tanı. Özünü sənə yaxşı təsir göstərəcək dostlarla əhatə et. Nəfslə mübarizəni çətinləşdirən və düzgün davranmaq əzmini zəiflədən insan, yer və vəziyyətlərdən uzaq dur (Zəbur 26:4, 5).

 Əlavə kömək lazımdır?

 Xidmətə həvəsini gücləndir

 Əsas ayə: «Arzumuz budur ki... çalışqan olub ümidinizi axıradək möhkəm saxlayasınız. Beləcə, [tənbəlləşməyəsiniz]» (İbranilərə 6:11, 12).

 Mənası. İşinə başdansovdu yanaşan asanlıqla tənbəlləşə bilər.

 Çətinlik. Çox ehtimal ki, vəftizdən sonra sevincin yerə-göyə sığmırdı və daha çox xidmət etmək arzusu ilə alışıb-yanırdın. Ürəyində Yehovaya məhəbbət aşıb-daşırdı. Amma, yəqin, bir müddət sonra fikir verdin ki, hər şeydə Yehovaya itaətkar olmaq çətindir. Bu, adamı ruhdan sala və xidmət etmək həvəsini öldürə bilər (Qalatiyalılara 5:7).

 Nə edə bilərsən? Həvəsin olmayanda da Yehovanın iradəsini yerinə yetirməyə davam et (1 Korinflilərə 9:27). Eyni zamanda, səmavi Atanı daha yaxından tanımaqla və Onunla duada tez-tez söhbət etməklə Ona yaxınlaş. Həmçinin Yehovaya xidmət etməyi sevənlərlə yaxından dostluq et.

 Məsləhət. Unutma: Yehova səni bərk-bərk sevir və sənə kömək etməyə hazırdır. Fikirləşmə ki, həvəsin bir müddətlik ölübsə, O buna görə səndən narazıdır. Müqəddəs Kitabda deyilir: «O, yorğunlara güc, taqətsizlərə qüvvət verir» (Əşiya 40:29). Yehova xidmətdə əvvəlki kimi şövqlü olmaq istəyini görsə, hökmən sənə kömək edəcək.

 Əlavə kömək lazımdır?

 Nəticə. Həsr olunarkən verdiyin vədə sadiq qalsan, Yehovanın ürəyini sevindirmiş olacaqsan (Məsəllər 27:11). Onun tərəfini tutduğun üçün Yehova sevinəcək və Şeytan İblisin hücumları qarşısında möhkəm dura biləsən deyə sənə lazım olan hər şey verəcək.