Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Yazışmaq haqqında nəyi bilməliyəm?

Yazışmaq haqqında nəyi bilməliyəm?
  • :-) Düzgün şəkildə yazışmaq sənə ətrafda baş verənlərdən xəbərdar olmağa kömək edəcək.

  • :-( Düşünmədən yazışmaq dostlarınla münasibətlərini korlaya, həm də adına xələl gətirə bilər.

Bu məqalədə yazışmaqla bağlı bilməli olduğun vacib məqamlar vurğulanır:

Həmçinin:

 Kiminlə yazışmalı?

 Bir çox yeniyetmələr yazışmağı əvəzolunmaz ünsiyyət vasitəsi hesab edirlər. Yazışmaq kontakt siyahısındakı dost-tanışlarınla əlaqə saxlamağa imkan yaradır, əlbəttə, əgər valideynlərin buna etiraz etmirlərsə.

 «Bacımla mən oğlanlarla söhbət edəndə atamın heç xoşuna gəlmirdi. Əgər danışırdıqsa da, bu ancaq ev telefonu ilə, qonaq otağında və hamının gözü qabağında olmalı idi» (Lenora).

 Nəyi bilməlisən? Əgər nömrəni kimə gəldi versən, başına iş aça bilərsən.

 «Nömrəni kimə verdiyinə fikir verməsən, gec-tez ədəbsiz mesajlar və şəkillər alacaqsan» (Skott).

 «Əks cinsin nümayəndəsi ilə tez-tez yazışsan, qısa bir vaxtda aranızda bağlılıq yaranacaq» (Stiven).

 Müqəddəs Kitabda deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar» (Süleymanın məsəlləri 22:3). Bir neçə ehtiyat tədbiri görsən, özünü bir çox yersiz problemlərdən sığortalaya bilərsən.

 Olmuş əhvalat: «Mən bir oğlanla dostluq edirdim və biz səhərdən axşama kimi yazışırdıq. Fikirləşirdim ki, biz sadəcə yaxşı dostuq. Lakin bir gün o, məndən xoşu gəldiyini deyəndə başa düşdüm ki, artıq məsələ ciddidir. Mən indi dərk edirəm ki, gərək onunla bu qədər vaxt keçirməyəydim və çox yazışmayaydım» (Melinda).

 Bir düşün: Melindanın dostunun ona eşq elan etməsi dostluqlarına necə təsir etdi?

 Qayıdaq əvvələ. Melinda və dostu necə davranmalı idilər ki, elə dost olaraq qalsınlar?

 Nə barədə yazışmalı?

 Mesaj göndərmək asan, almaq isə xoşdur. Hərdən də unudursan ki, başqaları mesajı səhv başa düşə bilər.

 Nəyi bilməlisən? Yazdığın sözlər başqa cür başa düşülə bilər.

 «Yazışarkən hətta smaylik və bu tip digər simvollardan istifadə etsən də, hisslərini və səs tonunu qarşı tərəfə ötürə bilməzsən. Bunun ucbatından anlaşılmazlıq yarana bilər» (Briana).

 «Mən elə qızlar tanıyıram ki, onlar artıq ad çıxarıblar və hamı onları oğlanlara göndərdikləri mesajlara görə yüngül qızlar kimi tanıyırlar» (Laura).

 Müqəddəs Kitabda deyilir: «Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər» (Süleymanın məsəlləri 15:28). Nəticə: «Göndər» düyməsini basmazdan öncə, mesajını bir də oxu.

 Nə vaxt yazışmalı?

 Ağlını işlədərək özün üçün yazışma qaydaları və ya bəzilərinin dili ilə desək, yazışma etikası tərtib edə bilərsən.

 Nəyi bilməlisən? Yazışarkən ədəb-ərkan qaydalarını gözləməsən, hamı sənə kobud insan kimi baxacaq, heç kəs səninlə dostluq etmək istəməyəcək.

 «İnsan yazışarkən etikanı asanlıqla unuda bilər. Elə vaxtlar olurdu ki, mən kiminləsə danışanda və ya nahar zamanı masa arxasında başlayırdım yazışmağa» (Ellison).

 «Sükan arxasında yazışmaq çox təhlükəlidir, bir anlıq gözünü yoldan çəkmək qəzanın yaranmasına səbəb ola bilər» (Anna).

 Müqəddəs Kitabda deyilir: «Hər şeyin öz vaxtı var... susmağın öz vaxtı, danışmağın öz vaxtı» (Vaiz 3:1, 7). Bu məsləhət danışmağa aid olduğu kimi, yazışmağa da aiddir!

 Məsləhətlər

Kiminlə yazışmalı?

  •  ;-) Valideynlərinin qoyduğu qaydalara riayət et (Koloslulara 3:20).

  •  ;-) Nömrəni kimə verdiyinə fikir ver. Telefon nömrəsi kimi şəxsi məlumatlarını verməkdən nəzakətlə imtina etməklə indidən özündə sənə köməyi dəyəcək xasiyyət formalaşdırırsan.

  •  ;-) Yazışarkən həddini aşma və flirt etmə. Əgər romantik hisslər yaranarsa, bu, sənə məyusluq və ürəkağrısından başqa heç nə gətirməyəcək.

 «Valideynlərim telefondan düzgün istifadə etdiyimi bilirlər. Onlar arxayındırlar ki, mən telefonun kontaktına adını saldığım insanları ağılla seçirəm» (Briana).

Nə barədə yazışmalı?

  •  ;-) Mesajı yazmağa başlamazdan öncə, özündən soruş: «Mesaj yazmağın yeri varmı?» Bəlkə, ən yaxşısı zəng etmək və ya sözü adamın özünü görəndə deməkdir?

  •  ;-)İnsanın üzünə deməyəcəyin sözləri yazma. 23 yaşlı Sara deyir: «Ağzına almayacağın sözü mesajla göndərmə».

 «Kimsə sənə ədəbsiz şəkillər göndərirsə, valideynlərinə de. Bu, səni həm qoruyacaq, həm də valideynlərinin etimadını qazandıracaq» (Sirvan).

Nə vaxt yazışmalı?

  •  ;-) Mobil telefondan ümumiyyətlə istifadə etməyəcəyin vaxtı qabaqcadan müəyyənləşdir. Oliviya adlı bir qız deyir: «Yemək yeyəndə və ya nəsə oxuyanda telefonuma yaxın durmuram. Yığıncaq zamanı telefonumu söndürürəm ki, fikrim onda qalmasın».

  •  ;-) Başqalarını düşün (Filipililərə 2:4). Kiminləsə söhbət edərkən yazışma.

 «Özümə belə bir şərt qoymuşam ki, əgər təcili deyilsə, dostlarımla olarkən yazışmayım. Üstəlik, mən heç vaxt yaxşı tanımadığım insanlara öz nömrəmi vermirəm» (Ceynelli).