Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Dərslərimi necə çatdırım?

Dərslərimi necə çatdırım?

 «Gecə saat birdə dərs oxumaq işgəncədir. Yatmaqdan başqa səni heç nə maraqlandırmır» (Deyvid).

 «Bəzən saat beşin yarısına kimi dərs oxuyursan, saat altıda da dərsə gedirsən. Bu ağlamalı vəziyyətdir!» (Teresa).

 Dərslərin başından aşır? Onda bu məqalə sənə kömək edə bilər.

 Ev tapşırığı nə üçündür?

 Ev tapşırığı başqa şeylərlə yanaşı...

  •   biliyini artırır

  •   məsuliyyətli olmağı öyrədir

  •   vaxtdan düzgün istifadə etməyi öyrədir

  •   dərs vaxtı keçilənləri mənimsəməyə kömək edir a

 «Müəllimlər ev tapşırığını ona görə verirlər ki, şagird dərsdə keçilənləri bir qulağından alıb, o biri qulağından ötürməsin, beyninə həkk eləsin» (Mari).

 Xüsusən də, riyaziyyat və təbiət elmləri adamın problemləri həll etmək bacarığını itiləyir. Bu isə mütəxəssislərin fikrincə, beyində yeni neyron birləşmələrini yaradıb möhkəmləndirir. Deməli, ev tapşırığı beyin üçün məşqdir!

 Faydasını görsən də, görməsən də, ev tapşırığı həyatın qaçılmaz gerçəkliyidir. Amma şad xəbər də var: ev tapşırıqlarının həcmi səndən asılı olmasa da, bu tapşırıqları yerinə yetirmək üçün sərf etdiyin vaxtı azaltmaq sənin ixtiyarındadır. Görək necə.

 Məsləhətlər

 Ev tapşırıqlarını yerinə yetirmək sənə çətindirsə, unutma, əsas məsələ çox əlləşmək yox, ağılla hərəkət etməkdir.

  •   Məsləhət 1: Qabaqcadan planlaşdır. Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5). Bütün dərs ləvazimatların əlinin altında olsun ki, hər dəfə yerindən durmayasan.

     Həmçinin elə yerdə otur ki, fikrini cəmləyə biləsən. Bəziləri evdə sakit, işıqlı otaqda otururlar, bəziləri isə dərslərini evdə yox, başqa yerdə, məsələn, kitabxanada hazırlayırlar.

     «Cədvəl tutmaq vaxtı düzgün planlaşdırmağa kömək edir. Evə hansı tapşırıqların verildiyini, hansı tapşırığı nə vaxt etmək lazım olduğunu yazanda adamın stressi azalır» (Riçard).

  •   Məsləhət 2: Ardıcıllığı yaz. Müqəddəs Kitabda deyilir: «Qoy hər şey... nizamla olsun» (1 Korinflilərə 14:40). Bunu yadda saxlayaraq ev tapşırıqlarını hansı ardıcıllıqla edəcəyini qərarlaşdır.

     Kimisi çətinindən başlamağı xoşlayır, kimisi isə əvvəlcə asanları edir, dərslər bir-bir aradan çıxdıqca daha da həvəslənir. Sənin üçün hansı yaxşıdırsa, onu da et.

     «Nəyi hansı ardıcıllıqla edəcəyimi yazanda rahat olur. Bilirəm nə etməliyəm, onda dərslər gözümə dağ kimi görünmür» (Heydi).

  •   Məsləhət 3: Başla. Müqəddəs Kitabda deyilir: «Tənbəl olmayın, çalışqan olun» (Romalılara 12:11). Nə qədər çox istəsən də, ev tapşırıqlarına ayırdığın vaxtı başqa şeyə sərf etmə.

     İşi sonraya saxlayanda lazım olan vaxtda qurtara bilməyəcəksən, yaxud da tələsik edəcəksən. O zaman isə dərsin, işin keyfiyyəti aşağı düşəcək. Ev tapşırığını etməyə mümkün qədər tez başlasan, nə lazımsız yerə narahatçılıq keçirməyəcəksən, nə də kefin pozulmayacaq.

     «Məktəbdən gələn kimi dərslərimi edəndə, tapşırıq verilən kimi dərhal etməyə başlayanda sonradan narahat olmuram, başqa işlərimi də rahat görə bilirəm» (Serina).

     TƏKLİF: Ev tapşırıqlarını hər gün eyni vaxtda et. Bu sənə intizamlı olmağa və dərslərini etməyi vərdişə çevirməyə kömək edəcək.

  •   Məsləhət 4: Fikrin yayınmasın. Müqəddəs Kitabda deyilir: «Nəzərin irəli zillənsin» (Məsəllər 4:25). Bu o deməkdir ki, dərs öyrənəndə fikrin başqa şeylərə, xüsusilə də İnternetə yayınmamalıdır.

     İnternetdə dolaşanda, mesajlaşanda ev tapşırıqlarını etməyə ikiqat artıq vaxt gedir. Amma dərslərini edəndə fikrin yayınmasa, həm stressin azalacaq, həm də boş vaxtın çox qalacaq.

     «Telefon, kompüter, oyunlar, televizor adamın diqqətini yayındırır. Mən dərs hazırlayanda telefonu, yaxınlıqda olan hər şeyi söndürürəm» (Coel).

  •   Məsləhət 5: Tarazlı ol. Müqəddəs Kitabda deyilir: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5). Dərs stressini azaltmaq üçün arada fasilə et. Açıq havada gəz, velosiped sür, yaxud qaç.

     Əgər yenə də dərslərin öhdəsindən gələ bilmədiyini görsən, müəllimlərinlə danış. Onlar görsələr ki, sən, doğrudan da, bacardığını edirsən, bəlkə də, nəyisə dəyişərlər.

     «Ev tapşırıqlarına görə həddən artıq stress keçirmə. Əlindən gələni et. Elə şeylər var ki, onlara görə özünü öldürməyə dəyməz. Ev tapşırığı da bu şeylərdən biridir» (Culiya).

 Özünə növbəti sualları ver:

  •   Ev tapşırığını yerinə yetirmək üçün mənə nə lazımdır?

  •   Ev tapşırıqlarını etmək üçün ən yaxşı vaxt hansıdır?

  •   Nə zaman fikrimi toplamaq mənə asan olur?

  •   Dərslərimi oxumağı təxirə salmamaq üçün nə edə bilərəm?

  •   Nələr mənim diqqətimi dərsdən yayındırıb, vaxtımı alır?

  •   Diqqətimin elektron cihazlara və ya başqa şeylərə yayınmaması üçün nə edə bilərəm?

  •   Ev tapşırıqlarını stressiz, həyəcansız necə yerinə yetirə bilərəm?

 VACİB YADDAŞLIQ: Əmin ol ki, ev tapşırığını başa düşmüsən. Sualın olsa, dərs qurtarmamış müəllimdən soruş.

a Fikirlər Ceyn Şamın «School Power» adlı kitabından götürülüb.