Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Mən məsuliyyətli insanam?

Mən məsuliyyətli insanam?

 Kənardan özünə baxıb qiymət ver!

  •  Mən həmişə/çox vaxt/bəzən... olmuşam, yaxud da heç vaxt... insan olmamışam

    •  dürüst

    •  etibarlı

    •  hər işini vaxtında görən

    •  zəhmətkeş

    •  intizamlı

    •  yardımsevər

    •  nəzakətli

    •  hörmətcil

    •  qayğıkeş

  •   Bu xüsusiyyətlərdən hansını daha yaxşı təzahür etdirirsən?

     Sükanı belə saxla (Filipililərə 3:16).

  •   Bəs sənə hansı xüsusiyyətin üzərində daha çox işləmək lazımdır?

 Növbəti məlumat bu işdə sənə kömək edəcək.

 Məsuliyyətli olmaq nə deməkdir?

 Məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar. Səhv bir iş tutanda belə insanlar günahlarını boyunlarına alır, üzr istəyir və səhvlərini düzəltməyə çalışırlar.

 Müqəddəs Kitabda deyilir: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (Qalatiyalılara 6:5).

 Məsuliyyətli olmaq nəyə görə vacibdir?

  Məsuliyyətli insan öz qabiliyyətlərindən ağılla istifadə edir; buna görə əksəriyyət belə insanın hörmətini saxlayır, onunla uşaq kimi davranmır, ona daha çox sərbəstlik və imtiyazlar verilir.

 Müqəddəs Kitabda deyilir: «İşində mahir olanı görürsənmi?.. Şahların hüzurunda dayanar» (Süleymanın məsəlləri 22:29).

  Məsuliyyətli insan, adətən, səxavətli, əliaçıq olduğundan çox vaxt onun yanında gözəl dostlar olur.

 Müqəddəs Kitabda deyilir: «Həmişə verin, onda sizə də verəcəklər» (Luka 6:38).

  Məsuliyyətli insanın daxilində məmnunluq və iftixar hissi olur, bu isə, öz növbəsində, onda özünəinam hissi hasil edir.

 Müqəddəs Kitabda deyilir: «Qoy hər kəs öz işini sınaqdan keçirsin, onda özünü başqaları ilə müqayisə etmədən özünə baxıb sevinəcək» (Qalatiyalılara 6:4).

 Daha da məsuliyyətli olmaq üçün nə etməliyəm?

 Həmyaşıdlarının dediklərinə diqqət yetir. Onlardan hansının fikri sənin vəziyyətini əks etdirir?

 «Səni dəqiqəbaşı valideynlərinə zəng edib harada olduğunu demək tələb olunan balaca uşaq yerinə qoyanda lap dilxor olursan!» (Kerri).

 «Valideynlərim çox vaxt problemsiz məni dostlarımla gəzməyə buraxırlar» (Riçard).

 «Həmyaşıdlarıma və onların hərəkətlərinə baxanda fikirləşirəm: “Bəs mənim valideynlərim məni niyə qoymurlar?”» (Anna).

 «Demək olar ki, valideynlərim mənə istədiyim hər şeyi etməyə icazə verirlər. Mənə bu qədər sərbəstlik verdikləri üçün onlara minnətdaram» (Marina).

 Nəticə. Bəzi gənclərə digərləri ilə müqayisədə daha çox sərbəstlik verilir. Bunun səbəbi nədir?

 Gerçəklik. Sənə nə qədər sərbəstlik veriləcəyi çox vaxt qazandığın etibardan asılıdır.

 Nümunə üçün yuxarıda sözləri gətirilən iki gəncin dediyinə nəzər sal.

 Riçard: «Bir ara valideynlərim sərbəstlikdən düzgün istifadə edəcəyimə şübhə edirdilər. Ancaq indi onlar mənə etibar edirlər, çünki bu sərbəstlikdən məsuliyyətlə istifadə edirəm. Mən onları aldatmıram, kiminlə və hara getdiyimi xəbər deyirəm. Mən onlara planlarım barədə çox vaxt qabaqcadan, hələ onlar soruşmamış deyirəm».

 Marina: «Ömrümdə ikicə dəfə valideynlərimə yalan söyləmişəm, hər iki halda da yalanımın üstü açılmışdı. O vaxtdan bəri daha yalan danışmıram. Məsələn, hansı işlə məşğul olduğumu həmişə onlara tam təfərrüatları ilə danışıram, evdə olmayanda isə onlara zəng edirəm. İndi onlar mənə daha çox etibar edirlər».

Əyləncə, yoxsa ev işləri — sənin üçün birinci yerdə nə durur?

 İstəyirsən, sənin də valideynlərin səninlə Riçard və Marinanın valideynləri kimi davransınlar? Belə isə, növbəti sahələrdə özünü yoxla.

EV İŞLƏRİ

  •   Sənə tapşırılan ev işlərinin hamısını görürsən?

  •   Valideynlərinin dediyi vaxtda evdə olursan?

  •   Ata-anana və bacı-qardaşlarına hörmət göstərirsən?

 Sənə bu sahələrdən hansının üzərində işləmək lazımdır?

 Müqəddəs Kitabda deyilir: «Valideynlərinizin sözünə qulaq asın» (Efeslilərə 6:1).

TƏHSİL

  •   Ev tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirirsən?

  •   Dərslərini yaxşı oxumaq üçün səy göstərirsən?

  •   Oxuyub-araşdırmağı sevirsən?

 Sənə bu sahələrdən hansının üzərində işləmək lazımdır?

 Müqəddəs Kitabda deyilir: «Hikmət... insanın sipəridir» (Vaiz 7:12). Savad sənə hikmətə yiyələnməyə kömək edəcək.

QAZANDIĞIN AD

  •   Valideynlərinə və digər insanlara qarşı dürüstsən?

  •   Puldan düzgün istifadə etməyi bacarırsan?

  •   Səni etibarlı insan kimi tanıyırlar?

 Sənə bu sahələrdən hansının üzərində işləmək lazımdır?

 Müqəddəs Kitabda deyilir: «Yeni şəxsiyyətə [bürünün]» (Efeslilərə 4:24). Xasiyyətini düzəltmək və yaxşı insan kimi ad qazanmaq sənin öz əlindədir.

 Məsləhət. Yaxşılaşdırmalı olduğun sahəni seç. Həmin sahədə nümunəvi olanlarla söhbət et, onlardan məsləhət istə. Həmin sahəni necə yaxşılaşdıracağını jurnala yaz və bir ay ərzində onun üzərində necə işlədiyini qeyd et. Uğurlarını və səhvlərini həmin jurnalda yaz. Ayın sonunda əldə etdiyin nailiyyətləri yoxla.