Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Utancaqlığım ilə necə bacarım?

Utancaqlığım ilə necə bacarım?

 Pis xəbər. Utancaqlıq ucbatından gözəl insanlarla dostlaşmaq və həyatını maraqlı hadisələrlə zənginləşdirmək fürsətini əldən verə bilərsən.

 Yaxşı xəbər. Utancaq olmaq həmişə pis deyil. Bu, sənə danışmazdan əvvəl düşünməyə, yaxşı müşahidəçi və dinləyici olmağa kömək edə bilər.

 Daha yaxşı xəbər. Utancaqlıq ömürlük keyfiyyət deyil. Sən onun mənfi tərəflərinin ağası ola bilərsən. Gəl görək necə.

 Qorxularını təhlil et

 Utancaqlıq ucbatından kiminləsə üz-üzə söhbət etmək fikri səni qorxuda bilər. Buna görə özünü tənha hiss edə bilərsən. Ancaq qorxularını təhlil etsən, nədən qorxduğunu başa düşsən, görəcəksən ki, onlar əsassızdır. Üç nümunəyə baxaq.

  •   Qorxu #1. «Bilmirəm nə haqda danışım».

     Fakt. İnsanların yadında daha çox dediyin sözlər yox, onlarda yaratdığın təəssürat qalır. Daha yaxşı dinləyici olmaqla və maraqla qulaq asmaqla öz qorxularının ağası ola bilərsən.

     Düşün. Necə insanla dost olmaq istərdin: elə hey danışan, yoxsa dinləməyi bacaran?

  •   Qorxu #2. «İnsanlar elə düşünəcəklər ki, mən darıxdırıcıyam».

     Fakt. Utancaq oldun-olmadın — hər iki halda insanlarda sənin barəndə müəyyən fikir formalaşacaq. Qorxularının ağası olsan və başqalarına əslində necə insan olduğunu görməyə imkan versən, onlara barəndə daha yaxşı fikirdə olmağa kömək edəcəksən.

     Düşün. Başqalarının barəndə pis fikirdə olduğunu düşünürsənsə, məgər pis niyyət yazaraq onları haqsız yerə mühakimə etmirsən?

  •   Qorxu #3. «Səhv söz desəm, pərt olaram».

     Fakt. Bu, hamının başına gəlir. Belə vəziyyətlərin üstündən gülərək keçməklə qorxularının ağası olursan.

     Düşün. Məgər sənə ideal olmadıqlarını dərk edən insanlarla ünsiyyət etmək daha xoş deyil?

 Bilirdin? Bəziləri çoxlu mesajlaşdıqlarına görə düşünürlər ki, utancaq deyillər. Ancaq başqaları ilə üz-üzə söhbət edəndə əsl dostluq qurmaq daha asandır. Psixoloq və texnologiyalar üzrə mütəxəssis Şeri Törkl yazıb: «Biz bir-birimizin üzünü görəndə, bir-birimizin səsini eşidəndə aramızda bağlılıq yaranır». a

Qorxularının ağası olsan, görəcəksən ki, üz-üzə söhbət etmək, sən demə, göründüyü kimi qorxulu deyilmiş

 Hərəkət planı

  •   Müqayisə etməkdən çəkin. Səndən elə hey gülüb-danışan insan olmaq tələb olunmur. Sadəcə utancaqlıq hissinin ağası ol. Onda gözəl insanlarla dostlaşmağı və həyatını maraqlı hadisələrlə zənginləşdirmək fürsətini əldən verməyəcəksən.

     «Şərt deyil ki, uzun-uzadı söhbət edəsən, yaxud məclisin canı olasan. Tanış olmadığın adama yaxınlaşıb özünü təqdim et və bir-iki sadə sual ver» (Alisiya).

     Müqəddəs Kitab prinsipi: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

  •   Müşahidə et. Ünsiyyətcil adamlara fikir ver və gör onlar başqaları ilə necə söhbət edir. Nə alınır? Nə alınmır? Onlardan özün üçün nə götürə bilərsən?

     «Asanlıqla dostlaşan insanları müşahidə et və onlardan öyrən. Fikir ver onlar ilk dəfə gördükləri insanlara nə deyirlər və nə edirlər» (Aaron).

     Müqəddəs Kitab prinsipi: «Dəmir dəmiri itilər, insan da insanı» (Məsəllər 27:17).

  •   Suallar ver. Adətən insanlar öz fikirlərini deməyi xoşlayırlar. Ona görə sual vermək söhbətə başlamağın əla yoludur. Üstəlik, insanların diqqəti səndə olmayacaq.

     «Qabaqcadan hazırlaşmaqla narahatçılığı azaltmaq olar. Məclisdən əvvəl bir-iki mövzu və ya sual hazırla. Onda yeni-yeni insanlarla tanış olmaq sənin üçün stresli olmayacaq» (Alana).

     Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

a Mənbə: «Reclaiming Conversation» kitabı.