Kontentə keç

Mündəricatı göstər

Yehovanın düşüncəsini mənimsəyirsiniz?

Yehovanın düşüncəsini mənimsəyirsiniz?

«Düşüncənizi yeniləşdirərək büsbütün dəyişin» (ROM. 12:2).

NƏĞMƏ: 56, 123

1, 2. Ruhani cəhətdən inkişaf etdikcə nəyi öyrənirik? Nümunə çəkin.

BALACA uşağa hədiyyə verirlər. Valideynləri ona deyir ki, hədiyyə verənə «çox sağ ol» desin. Uşaq da onların dediyi kimi edir. O, indi bunu mexaniki etsə də, böyüdükcə valideynin bu nəsihətini, minnətdarlıq bildirməyin vacibliyini başa düşür. Artıq mexaniki yox, səmimi-qəlbdən təşəkkür edir, çünki minnətdar olmağı öyrənib.

2 Eynilə, biz də həqiqəti təzə-təzə öyrənəndə Yehovanın qayda-qanunlarına riayət etməyin vacibliyini öyrənmişik. Ruhani cəhətdən böyüdükcə Yehovanın düşüncə tərzini — Onun bəyəndiyi və bəyənmədiyi şeyləri, müxtəlif vəziyyətlərə necə yanaşdığını daha yaxşı dərk edirik. Yehova kimi düşünməyi öyrənməklə, Onun düşüncəsini hərəkətlərimizdə və qərarlarımızda əks etdirməyə çalışmaqla göstəririk ki, Onun düşüncə tərzini mənimsəyirik.

3. Nə üçün Yehovanın düşüncə tərzini əks etdirmək çətin ola bilər?

3 Yehovanın düşüncə tərzini əks etdirməyi öyrənmək böyük fərəhdir, amma günahlı olduğumuz üçün bəzən vəziyyətə Onun kimi baxmaq çətin ola bilər. Misal üçün, ola bilsin, Yehovanın əxlaqi təmizliyə, maddiyyata, təbliğ işinə, qandan istifadəyə və digər məsələlərə baxışını tam dərk edə bilmirik. Bəs hər şeyə Yehovanın gözü ilə baxmağı necə öyrənə bilərik? Bu bizə həm indi, həm də gələcəkdə düzgün qərarlar verməyə necə kömək edəcək?

YEHOVA KİMİ DÜŞÜNMƏYİ ÖYRƏNƏK

4. Həvari Bulusun düşüncəmizi yeniləşdirməklə bağlı verdiyi məsləhətə necə əməl edə bilərik?

4 Romalılara 12:2 ayəsini oxuyun. Həvari Bulus bu ayədə Yehova kimi düşünməyi öyrənmək üçün nə edə biləcəyimizi təsvir edir. Öncəki məqalədə öyrəndik ki, «bundan sonra bu zəmanəyə» uyğunlaşmamaq üçün dünyəvi düşüncə tərzi ilə qidalanmamalıyıq. Həvari Bulus həmçinin düşüncəmizi yeniləşdirməyin də vacibliyini vurğulayır. Bu o deməkdir ki, Yehovanın Kəlamını mütaliə edərək Onun baxış tərzini anlamalı, bunun üzərində dərindən düşünməli və Onun düşüncəsini əks etdirməyə çalışmalıyıq.

5. Oxumaqla mütaliə arasındakı fərqi izah edin.

5 Mütaliə etmək sadəcə məlumatı oxuyub sualların cavabını işarələmək demək deyil. Mütaliə zamanı məlumatın Yehova, Onun yolları və düşüncə tərzi haqda nə dediyi üzərində ətraflı düşünürük. Yehovanın verdiyi əmrlərin, qoyduğu qadağaların səbəbini anlamağa çalışırıq. Həmçinin həyatımızda və baxış tərzimizdə dəyişməli olduğumuz məqamlar üzərində düşünürük. Təbii ki, hər dəfə mütaliə edərkən bütün bunların üzərində düşünmək olmur. Lakin yaxşı olar ki, heç olmasa, mütaliə üçün ayırdığımız vaxtın yarısını oxuduqlarımızın üzərində düşünək (Zəb. 119:97; 1 Tim. 4:15).

6. Yehovanın baxış tərzi üzərində düşünərkən nə baş verir?

6 Müntəzəm olaraq Yehovanın Kəlamı üzərində düşünəndə möhtəşəm bir şeyə şahid oluruq. Yehovanın düşüncə tərzinin mükəmməl olduğunu tam dərk edirik, buna heç bir şübhəmiz qalmır. Yehovanın baxış tərzini anlamağa və dəstəkləməyə başlayırıq. Düşüncəmiz yeniləşir və beləcə, yeni düşüncə tərzinə yiyələnirik. Vaxt keçdikcə Yehovanın düşüncə tərzini mənimsəmiş oluruq.

DÜŞÜNCƏMİZ DAVRANIŞIMIZA TƏSİR EDİR

7, 8. a) Yehovanın maddiyyata münasibəti necədir? (Məqalənin əvvəlindəki şəkillərə baxın.) b) Əgər maddiyyata Yehovanın gözü ilə baxsaq, həyatda nəyə üstünlük verəcəyik?

7 Unutmayaq ki, düşüncələrimiz təkcə nəyə necə yanaşmağımıza yox, hərəkətlərimizə də təsir edir (Mark 7:21—23; Yaq. 2:17). Gəlin bunu daha yaxşı başa düşmək üçün bir neçə vəziyyətə nəzər salaq. Məsələn, İncildən Yehovanın maddiyyata münasibətini aydın görmək olar. Allah Öz Oğlunu böyütməsi üçün Məryəmlə Yusifi seçdi, baxmayaraq ki, onlar imkanlı deyildilər (Lav. 12:8; Luka 2:24). İsa Məsih dünyaya gələndə Məryəm onu «tövlədə axura qoydu, çünki mehmanxanada yer tapa bilməmişdilər» (Luka 2:7). Yehova Oğlunun daha yaxşı şəraitdə dünyaya gəlməsi üçün tədbir görə bilərdi. Lakin Oğlunun ruhani düşüncəli bir ailədə böyüyüb boya-başa çatması Onun üçün daha vacib idi.

8 Bu hadisədən Yehovanın maddi şeylərə necə yanaşdığını öyrənirik. Bəzi valideynlərin fikri-zikri övladlarının maddi rifahındadır, baxmayaraq ki, bu, uşağın Yehova ilə münasibətlərini korlaya bilər. Aydındır ki, Yehova üçün Onunla münasibətlərimiz hər şeydən üstündür. Bəs siz Yehovanın düşüncə tərzinə yiyələnmisiniz? Əməlləriniz bu barədə nə deyir? (İbranilərə 13:5 ayəsini oxuyun.)

9, 10. Başqalarını büdrətmək məsələsinə Yehova kimi yanaşdığımızı necə göstərə bilərik?

9 Digər bir vəziyyət Yehovanın başqalarını büdrətmək məsələsinə baxış tərzidir. İsa Məsih demişdi: «İman edən bu kiçiklərdən birini günaha sürükləyən adamın boynuna dəyirman daşı asıb onu dənizə atsaydılar, daha yaxşı olardı» (Mark 9:42). Necə də güclü sözlərdir! İsa Məsih Yehovanın xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirdiyi üçün, əmin ola bilərik ki, Yehova da bu məsələyə olduqca ciddi yanaşır və insanın hərəkətləri ilə dindaşını büdrətdiyini vecinə almaması Onun diqqətindən yayınmır (Yəh. 14:9).

10 Biz də bu məsələyə Yehova və İsa Məsih kimi yanaşırıq? Bəs hərəkətlərimiz bu barədə nə deyir? Tutaq ki, geyim-kecim məsələsində hansısa xüsusi tərzə üstünlük veririk. Amma bu tərz yığıncaqda kiməsə pis təsir edir, yaxud kimdəsə şəhvət oyadır. Belə olan halda dindaşımıza məhəbbət bizi sevdiyimiz tərzdən imtina etməyə təşviq edəcək? (1 Tim. 2:9, 10).

11, 12. Pisliyə Yehova kimi yanaşmaq və özümüzə hakim olmaq bizi necə müdafiə edir?

11 Üçüncü nümunə: Yehova pisliyə nifrət edir (Zəb. 5:4). Düzdür, O bilir ki, günahlı olduğumuzdan bəzən düzgün davranmaq bizim üçün elə də asan deyil. Bununla belə, bizim də Onun kimi pisliyə nifrət etməyimizi istəyir. (Zəbur 97:10 ayəsini oxuyun.) Yehovanın pisliyə nə üçün nifrət etdiyi haqda düşünmək Onun baxış tərzini mənimsəməyə kömək edəcək və pisliyə qarşı durmaq əzmimizi möhkəmləndirəcək.

12 Yehova kimi pisliyə nifrət etməyi öyrənməyin sayəsində hətta Müqəddəs Kitabda konkret olaraq adı çəkilməyən pis əməlləri ayırd edə biləcəyik. Misal üçün, pozğun davranışın bir növü olan qucaq rəqsi bu gün dünyada getdikcə məşhurlaşır. Bəziləri bu rəqsin cinsi əlaqə ilə eyni şey olmadığını hesab edərək onu qəbahət saymır *. Bəs bu cür düşüncə hər cür pisliyə nifrət edən Allahın düşüncəsini əks etdirir? Gəlin özümüzə hakim olmağı və Yehovanın ikrah etdiyi əməllərdən ikrah etməyi öyrənərək pislikdən uzaq duraq (Rom. 12:9).

ÜZLƏŞƏCƏYİNİZ VƏZİYYƏTLƏR HAQDA İNDİDƏN DÜŞÜNÜN

13. Yehovanın müəyyən vəziyyətlərə necə yanaşdığı barədə düşünmək gələcək qərarlarımıza necə təsir edəcək?

13 Mütaliə zamanı Yehovanın hər hansı vəziyyətə baxış tərzini gələcəkdə üzləşə biləcəyimiz vəziyyətdə necə əks etdirə biləcəyimiz haqda düşünməliyik. Beləcə, cəld qərar verməli olduğumuz vəziyyətlər qarşısında aciz qalmayacağıq (Məs. 22:3). Gəlin Müqəddəs Kitabdan bir neçə nümunəyə nəzər salaq.

14. Həzrəti Yusifin Fitfirin arvadının təkliflərini rədd etməsindən nə öyrənirik?

14 Fitfirin arvadı Həzrəti Yusifi yoldan çıxarmağa çalışanda o, dərhal onun təklifini rədd etmişdi. Aydındır ki, Yusif Yehovanın nikahda sədaqət məsələsinə necə yanaşdığı üzərində düşünmüşdü. (Yaradılış 39:8, 9 ayələrini oxuyun.) Həmçinin Fitfirin arvadına verdiyi cavab göstərir ki, Yusif Yehovanın düşüncəsini mənimsəmişdi. O, Fitfirin arvadına demişdi: «İndi mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» Bəs bizim haqqımızda nə demək olar? Təsəvvür edin ki, iş yoldaşınız sizə xüsusi münasibət bəsləməyə başlayıb. Yaxud telefonunuza seksual xarakterli şəkil və mesajlar göndərilir *. Yehovanın bu kimi məsələlərə necə yanaşdığı üzərində düşünsək, Onun düşüncə tərzini mənimsəsək, həmçinin necə davranacağımızı öncədən qərarlaşdırsaq, Ona sadiq qalmaq daha asan olacaq.

15. Üç ibrani gənc kimi Yehovaya sədaqətimizi necə qoruya bilərik?

15 Sədrah, Misah, Abidnağu adlı üç ibrani gəncin nümunəsini nəzərdən keçirək. Padşah Navuxodonosor onlardan ucaltdığı qızıl heykələ səcdə qılmağı tələb etmişdi. Gənclərin padşaha verdiyi qəti və aydın cavabdan görünürdü ki, onlar Yehovaya sadiq qalmağın nə demək olduğu haqda öncədən düşünmüşdülər (Çıx. 20:4, 5; Dən. 3:4—6, 12, 16—18). Bəs bizim haqda nə demək olar? Tutaq ki, müdiriniz sizdən yalan dinlə bağlı bir mərasimin keçirilməsi üçün pul verməyinizi istəyir. Siz nə edəcəksiniz? Buna həmin vaxt qərar verməkdənsə, niyə də Yehovanın bu kimi məsələlərə necə yanaşdığı barədə indidən düşünməyəsiniz? Onda belə vəziyyətlərlə üzləşəndə üç ibrani gənc kimi düzgün davranmaq, düzgün sözlər seçmək sizə asan olacaq.

Araşdırma aparıb, tibbi sənədi doldurub həkiminizlə bu barədə danışmısınız? (16-cı abzasa baxın)

16. Yehovanın düşüncə tərzini qavramaq təcili tibbi müdaxiləyə ehtiyac yaranan zaman bizə necə kömək edir?

16 Yehovaya sədaqətli qalmaq haqda öncədən düşünmək təcili tibbi müdaxiləyə ehtiyac yaranan zaman da karımıza gələcək. Aydındır ki, biz xalis qan və onun dörd əsas komponentinin köçürülməsinin qəti əleyhinəyik. Lakin qanın istifadə olunduğu bəzi tibbi prosedurlar zamanı hər bir məsihi Müqəddəs Kitabdakı prinsiplər əsasında şəxsən qərar verməli olur (Həv. 15:28, 29). Bəs bu kimi məsələləri nə zaman qərarlaşdırmalıyıq? Ağır vəziyyətdə xəstəxanaya düşəndə və tez-tələsik qərar verməli olanda? Əlbəttə yox. Yaxşı olar ki, indidən araşdırma aparaq, mövqeyimizi göstərən tibbi sənədi dolduraq və bu barədə həkimimizlə danışaq *.

17—19. Yehovanın düşüncəsinə indidən bələd olmaq nə üçün vacibdir? Hazırlıqlı olmağımız gərəkən vəziyyətə dair nümunə çəkin.

17 Sonda gəlin Butrusun «özünə yazığın gəlsin, Ağa!» deyərək İsa Məsihə verdiyi yanlış məsləhəti bir də xatırlayaq. Ona dərhal cavab verməklə Məsih göstərmişdi ki, Yehovanın onunla bağlı iradəsi və Müqəddəs Yazılarda onun həyatı və ölümü ilə bağlı yazılanlar haqda dərindən düşünüb. Bu biliklər onun Yehovaya sadiq qalmaq və həyatını uğrumuzda qurban vermək qətiyyətini möhkəmləndirmişdi. (Mətta 16:21—23 ayələrini oxuyun.)

18 Yehova Allahın bizimlə də bağlı iradəsi var. O istəyir ki, Onun dostu olaq və təbliğ işində mümkün qədər çox iştirak edək (Mət. 6:33; 28:19, 20; Yaq. 4:8). Butrusun İsa Məsihə dediyi kimi, ola bilsin, bizi də kimsə yaxşı niyyətdən irəli gələrək bu işdən yayındırmağa çalışsın. Misal üçün, müdiriniz sizə daha çox maaşı olan yüksək vəzifəli iş təklif edə bilər. Amma bilirsiniz ki, bu iş sizin ibadətə ayırdığınız vaxtı məhdudlaşdıracaq. Yaxud əgər məktəblisinizsə, tutaq ki, sizə evdən uzaqda əlavə təhsil almaq üçün təklif gəlir. Bu kimi vəziyyətlər yaranarsa, sizə dua etmək, axtarış aparmaq, ailə üzvləriniz, yaxud ağsaqqallarla məsləhətləşmək lazım gəlməyəcək ki? Məgər indidən Yehovanın bu vəziyyətə necə yanaşdığını öyrənmək və Onun düşüncə tərzini mənimsəmək daha yaxşı olmaz? Onda gələcəkdə belə bir təklif alsanız, bu sizin üçün sınaq olmayacaq. Artıq ruhani məqsədlər qoyduğunuz, ürəyinizdə qəti qərar verdiyiniz üçün sizdən sadəcə qərarınıza uyğun davranmaq tələb olunacaq.

19 Gözlənilmədən baş verə biləcək digər vəziyyətlərdə də necə davranacağınızı indidən düşünə bilərsiniz. Düzdür, başınıza gələ biləcək bütün vəziyyətlərə özünüzü hazır edə bilməzsiniz. Əgər şəxsi mütaliə zamanı Yehovanın baxışı haqqında düşünsəniz, öyrəndiklərinizi yadınıza salaraq üzləşdiyiniz vəziyyətə tətbiq edə biləcəksiniz. Odur ki, gəlin Yehovanın müxtəlif vəziyyətlərə necə yanaşdığını araşdıraq, düşüncəmizi Yehovanın düşüncəsinə uyğunlaşdıraq və bunu həm indiki, həm də gələcək qərarlarımızda necə tətbiq edə biləcəyimiz haqda düşünək.

YEHOVANIN DÜŞÜNCƏ TƏRZİ VƏ SİZİN GƏLƏCƏYİNİZ

20, 21. a) Nə üçün azadlığımız yeni dünyada bizə sevinc bəxş edəcək? b) İndi həyatdan məmnunluq duymaq üçün nə edə bilərik?

20 Biz böyük səbirsizliklə yeni dünyanı gözləyirik. Əksəriyyətimizin ümidi yer üzü Cənnətdə əbədi yaşamaqdır. Allahın Padşahlığının hakimiyyəti altında bəşəriyyət bu dünyada çəkdiyimiz əzab-əziyyətlərdən xilas olacaq. Sözsüz ki, onda da iradə azadlığımız olacaq və hər birimiz sevdiyimiz, üstünlük verdiyimiz şeyləri seçməkdə sərbəst olacağıq.

21 Düzdür, azadlığımız məhdudiyyətsiz olmayacaq. Yeni dünyada yaşayacaq həlim insanlar nəyin yaxşı, nəyin pis olduğuna qərar verərkən Yehovanın düşüncə tərzini və verdiyi qanunları rəhbər tutacaqlar. Bu da öz növbəsində böyük xoşbəxtlik və əmin-amanlıq gətirəcək (Zəb. 37:11). O vaxt yetişənə qədər də Yehovanın düşüncə tərzini mənimsəyərək sevinc duya bilərik.

^ abz. 12 Qucaq rəqsi birinin yarıçılpaq vəziyyətdə müştərinin qucağında əyləşərək erotik hərəkətlər etməsidir. Mövcud vəziyyətlə bağlı faktlar nəzərə alınaraq, bu hərəkət intizam tədbiri tələb edən cinsi əxlaqsızlıq əməli hesab oluna bilər. Bu cür iş tutan məsihi ağsaqqallardan kömək istəməlidir (Yaq. 5:14, 15).

^ abz. 14 Mobil telefon vasitəsilə seksual xarakterli şəkil, mətn və videoların göndərilməsi «sekstinq» adlanır. Mövcud vəziyyətlə bağlı faktlar nəzərə alınaraq, bu hərəkət intizam tədbiri tələb edə bilər. Hətta sekstinqlə məşğul olan bəzi azyaşlılar cinsi istismara görə cinayət məsuliyyətinə cəlb olunub. Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün jw.org saytında yer alan «Gənclərin sualları. Sekstinq barədə nəyi bilməliyəm?» adlı məqaləni oxuya bilərsiniz. (MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > YENİYETMƏLƏR bölməsinə daxil olun.) Həmçinin «Oyanın!» jurnalının 2013-cü il noyabr sayının 4 və 5-ci səhifələrində yerləşən «Övladımla sekstinq barədə necə danışım?» adlı məqaləyə (rus.) baxa bilərsiniz.

^ abz. 16 Mövzuyla bağlı Müqəddəs Kitaba əsaslanan prinsipləri nəşrlərimizdən tapmaq mümkündür. Məsələn, «Allahın məhəbbətindən ayrılmayın» kitabının 215—218 səhifələrinə baxa bilərsiniz.