Kontentə keç

Xidmətə hazır könüllülər. Albaniya və Kosovo

Xidmətə hazır könüllülər. Albaniya və Kosovo

 Albaniyada təbliğçilərə tələbat olduğu üçün İngiltərədən ora köçən Qven deyir: «Heç vaxt ağlıma gəlməzdi ki, Yehova üçün bu qədər iş görə bilərəm» a.

 Qven «xalqların ləl-cəvahiri»ni yığmağa kömək etmək üçün Albaniyaya köçən çoxsaylı Yehovanın Şahidlərindən biridir (Həqqay 2:7). Onları buna təşviq edən nə idi? Bunun üçün həyatlarında nəyi dəyişməli oldular? Sevinc sayəsində onlar hansı çətinlikləri aşdılar?

Fərqli vəziyyətlər, eyni arzu

 Albaniyaya köçən təbliğçilərin hamısı bunu eyni səbəbdən ediblər: onlar Yehovanı sevir və başqalarına Onu tanımağa kömək etmək istəyirlər.

 Köçməzdən əvvəl onlar addımbaaddım xidmətlərini genişləndirirdilər, bu isə onları başqa ölkədə üzləşəcəkləri çətinliklərə hazırladı. Qven deyir: «Əvvəlcə mən şəhərimdəki albandilli qrupa keçdim. Sonra Albaniyada keçirilən regional toplantıya getdim. Daha sonra isə dili daha yaxşı öyrənmək üçün bir müddət orada yaşadım».

Qven

 23 yaşı olanda Manuela kiçik bir yığıncağa kömək etmək üçün İtaliyanın başqa bir ərazisinə köçdü. O deyir: «Orada mən dörd il xidmət etdim. Sonra xəbər tutdum ki, Albaniyada təbliğçilərə tələbat daha çoxdur. Odur ki, öncül kimi xidmət etmək üçün bir neçə aylıq ora köçdüm».

Manuela (ortada)

 Regional toplantıda Albaniya barədə hesabatı eşidəndə Federikanın cəmi yeddi yaşı var idi. O deyir: «Hesabatı təqdim edən qardaş demişdi ki, Albaniyada təbliğçilər çoxlu Müqəddəs Kitab dərsləri başlayır və yığıncaqlara həqiqətə maraq göstərən çoxlu sayda insan gəlir. Valideynlərimə Albaniyaya getmək istədiyimi dedim. Onlar buna çox təəccübləndi, amma atam dedi: “Bu barədə dua et, əgər bu, Yehovanın iradəsidirsə, O cavab verəcək”. Bir neçə aydan sonra bizi ailəlikcə Albaniyaya xidmət etməyə dəvət etdilər». O vaxtdan çox illər ötsə də, Federika hələ də Albaniyada tamvaxtlı xidmət edir, indi həyat yoldaşı Orges ilə.

Orges və Federika

 Canpyero pensiyaya çıxdıqdan sonra yoldaşı Qloriya ilə birgə Albaniyaya köçdü. O deyir: «Oğullarımız İtaliyada böyüyüb. Onlardan üçü təbliğçilərə tələbat olan ölkələrə köçüb. “Gözətçi qülləsi” jurnalında dərc olunmuş “Makedoniyaya keçə bilərsənmi?” məqaləsi bizə güclü təsir bağışladı. Biz aldığım pensiya ilə Albaniyada necə dolana biləcəyimizi yaxşıca götür-qoy etdik».

Canpyero və Qloriya

Hər şeyi yaxşıca planlaşdırdılar

 Təbliğçilərə tələbat olan ölkələrə köçmək istəyənlər hər şeyi yaxşıca planlaşdırmalı və lazımi dəyişikliklər etməlidirlər (Luka 14:28). Məsələn, onlar necə dolanacaqları barədə düşünməlidirlər. Yuxarıda adı çəkilən Qven hələ İngiltərədə yaşayanda bir qədər pul yığmaq üçün bacısının yanına köçdü. Sofiya və Kristofer də İngiltərədəndir. Onlar xatırlayır: «Biz maşınımızı və bəzi mebelimizi satdıq. Məqsədimiz Albaniyada ən azı bir il xidmət etmək idi». Xoşbəxtlikdən, onlar orada daha çox qala bildilər.

Kristofer və Sofiya

 Bəzi təbliğçilər Albaniyada bir neçə ay xidmət edib ölkələrinə qayıdırlar. Orada işləyib pul yığandan sonra isə yenidən Albaniyaya dönürlər. Eliseo və Miriam da belə edirdilər. Eliseo deyir: «Miriam İtaliyanın turistik şəhərindəndir və orada mövsümi iş tapmaq asandır. Biz yayda üç ay orada işləyir və qazandığımız pulla Albaniyada doqquz ay dolanırdıq. Beş il belə yaşadıq».

Miriam və Eliseo

Çətinlikləri aşdılar

 Köçəndən sonra təbliğçilər yeni vəziyyətə uyğunlaşmalı olurlar, amma yerli bacı-qardaşların məsləhətləri və nümunəsi sayəsində onlar çətinliklərin öhdəsindən gəlirlər. Yuxarıda adı çəkilən Sofiya deyir: «Qışda Albaniyada evlər öyrəşdiyimdən soyuq olur. Mən yerli bacılara baxaraq daha isti geyinməyə başladım». Polşadan olan Qjeqoş və yoldaşı Sona Kosovonun b mənzərəli Prizren şəhərinə köçüb. Qjeqoş deyir: «Yerli bacı-qardaşlar çox təvazökar, xeyirxah və səbirlidirlər! Onlar bizə dili öyrənməyə və bir çox başqa sahələrdə kömək edirlər. Məsələn, onlar bizə sərfəli qiymətləri olan mağazaları göstərdilər və yerli bazarda necə alış-veriş etməyi izah etdilər».

Sevinmək üçün çoxlu səbəblər

 Xidmət üçün xaricə köçənlər yerli bacı-qardaşlarla yaxından tanış olur və dostlaşırlar. Sona deyir: «Yehovanın məhəbbətinin gücünü gördüm. Yehova haqda öyrənən yerli sakinlərin dini etiqadlarını və həyatlarını necə dəyişdiklərini görəndə imanım möhkəmlənir. Yığıncaqda özümüzü dəyərli hiss edirik. Biz artıq bizim dostlarımız olan bacı-qardaşlarla çiyin-çiyinə xidmət edirik» (Mark 10:29, 30). Qloriya deyir: «Mən Yehovanın Şahidlərinə nifrət edən yerli sakinlərin şiddətli müqavimətlərinə dözən bacıları tanıyıram. Onların Yehovaya məhəbbətini görəndə ürəyim riqqətə gəlir».

Qjeqoş və Sona

 Xaricdə xidmət edə-edə bacı qardaşlar çox şey öyrənirlər və ola bilsin, öz ölkələrində onların belə imkanları olmayacaqdı. Məsələn, xidmətdə əvvəllər onlara çətin gələn şeyləri edəndə daha çox sevinc hiss edirlər. Stefano deyir: «Öz ölkəmdə mən, əsas etibarilə, domofon qarşısında qısa təqdimələrdən istifadə edərək təbliğ edirdim. Amma albanlar danışmağı sevir, xüsusilə də kofe içə-içə. Çox utancaq olduğum üçün əvvəl-əvvəl bilmirdim nə deyim. Amma vaxt keçdikcə insanlara səmimi maraq göstərməyi öyrəndim və indi onlarla söhbət etmək çox xoşuma gəlir və xidmətdən daha çox zövq alıram».

Alida və Stefano

 Lea yoldaşı Vilyamla ABŞ-dan Albaniyaya köçüb. Lea deyir: «Burada xidmət edəndən çox şeyə başqa cür baxırıq. Biz qonaqpərvərlik, hörmət və dostluq barədə çox şey öyrəndik! Eləcə də təbliğ etməyin, mülahizə yürütməyin və fikrimizi ifadə etməyin yeni üsullarını öyrəndik». Vilyam deyir: «Albaniyaya gələn əksər turistlər onun möhtəşəm çimərliklərinə vurulur. Mən isə Albaniyanın qayalı Alp dağlarında gəzməyi sevirəm. Amma ən çox buranın adamlarına heyranam! Ərazimizdə yerləşən əksər kəndlərdə xoş xəbər yalnız xüsusi kampaniyalar zamanı təbliğ olunub. Belə kəndlərdə təbliğ edəndə gün ərzində bəzən yalnız bir neçə ailə ilə danışmağa macal tapırıq».

Vilyam və Lea

 Təbliğçilərə tələbat olan yerlərdə xidmət edənlər ən çox insanların müjdəyə hay vermələrinə sevinir (1 Salonikililərə 2:19, 20). Albaniyaya gənc ikən köçmüş Laura adında subay bir bacı deyir: «Bir müddət Fiyeri şəhərində xidmət edirdim. Cəmi iki il yarım müddətə orada 120 nəfər təbliğçi oldu. 16 nəfərinə mən dərs keçmişəm!» Sandra adında başqa bacı isə xatırlayır: «Bazarda işləyən bir qadına təbliğ etmişdim. O bizim bacımız oldu və öz kəndinə qayıtdı. Axırıncı dəfə onun barəsində eşidəndə o, 15 nəfərə Müqəddəs Kitab dərsi keçirdi!»

Laura

Sandra

Yehova dözüm göstərənləri mükafatlandırır

 Albaniyaya köçmüş bəzi təbliğçilər illər sonra da orada yaşamağa davam edir və sevinclə xidmət edirlər. Onların əkdikləri toxum bəzən uzun illər sonra bəhrə gətirir (Vaiz 11:6). Yuxarıda adı çəkilən Kristofer deyir: «Albaniyaya birinci dəfə gəldiyim vaxt Müqəddəs Kitab dərsi keçdiyim insana rast gəldim. O, ilk söhbətlərimizi təfsilatı ilə danışanda məəttəl qaldım. İndi həm özü, həm də arvadı Yehovanın vəftiz olunmuş xidmətçisidir». Yuxarıda adı çəkilən Federika isə deyir: «Bir yığıncaqda bacı mənə yaxınlaşıb soruşdu: “Məni xatırlayırsan?” Sən demə, ona doqquz il əvvəl təbliğ etmişdim. Bundan bir qədər sonra mən başqa şəhərə köçdüm, o isə Müqəddəs Kitabı öyrənməyə başladı və vəftiz olundu. Amma mənə elə gəlirdi ki, Albaniyada keçirdiyimiz ilk illər bəhrəsiz idi. Necə də yanılırdım!»

 Albaniya və Kosovoya köçmüş bacı-qardaşlar hiss edirlər ki, Yehova onların zəhmətini mükafatlandırıb və yaşadığı illər hədər getməyib. Albaniyada çoxillik xidmətinin nəticəsi haqda Eliseo deyir: «Biz insanlara hərdən elə gəlir ki, dünyanın gözündə vacib sayılan şeylərə ümidimizi bağlamaqla sabit həyat sürə bilərik. Lakin bu, belə deyil. Bizə həyatda məqsəd və sabitlik verən Yehovanın prinsipləridir. Təbliğçilərə tələbat olan yerdə xidmət etməyim bunu bərk-bərk yadda saxlamağa kömək edir. Hiss edirəm ki, mən burada lazımam və məni dəyərləndirirlər. Ətrafımda eyni məqsədlərə can atan dostlarım var». Sandra onun sözlərinə şərikdir: «Təbliğçilərə tələbat olan əraziyə köçəndə Yehova çoxdankı arzumu — xüsusi təyinatlı müjdəçi kimi xidmət etmək arzumu gerçəkləşdirdi. Albaniyaya köçdüyümə peşman deyiləm. Ömrümdə bu qədər xoşbəxt olmamışam».

a Albaniyadakı təbliğ fəaliyyətimizin tarixi haqda daha ətraflı məlumat üçün «2010—Yehovanın Şahidlərinin illik fəaliyyəti» (rus) kitabına baxın.

b Kosovo Albaniyanın şimal-şərqində yerləşir. Bu ərazinin əksər sakinləri alban dialektində danışır. Albaniyadan, bir neçə Avropa ölkəsindən və ABŞ-dan olan təbliğçilər Kosovonun albandilli sakinləri arasında müjdəni təbliğ edirdilər. 2020-ci ildə səkkiz yığıncaq, üç qrup və iki natamam qrupda 256 təbliğçi xidmət edirdi.