Kontentə keç

Mündəricatı göstər

Xidmətə hazır könüllülər

Xidmətə hazır könüllülər

TƏBLİĞÇİLƏRƏ ehtiyac olan ölkələrdə xidmət edən çalışqan bacı-qardaşların sırasında çoxlu subay bacılar var. Bu bacıların bəziləri artıq onilliklərdir ki xarici ölkədə xidmət edir. Görəsən, illər əvvəl onlara başqa ölkəyə köçməyə nə kömək edib? Evdən uzaqda xidmət etmək onlara nə öyrədib? Bunun onların həyatına hansı təsiri olub? Biz bu sahədə təcrübəsi olan bir neçə bacıdan müsahibə götürmüşük. Əminik ki, bu müsahibənin xidmətdən məmnunluq duymaq istəyən subay bacılara böyük köməyi dəyəcək. Əslində, bu bacıların sözləri Yehovanın bütün xidmətçilərinə fayda gətirə bilər.

TƏRƏDDÜDLÜ FİKİRLƏRİ RAM EDİRLƏR

Anita

Yəqin bilmək istəyərdiniz, subay öncüllərə xarici ölkədə xidmətlərini uğurla yerinə yetirməyə nə kömək edib? Hazırda 75 yaşı olan Anita deyir ki, cavan olanda onda özünə əminlik hissi yox idi. O, İngiltərədə böyüyüb və 18 yaşında orada öncül xidmətinə başlayıb. Anita deyir: «İnsanlara Yehova Allah haqqında danışmağı çox sevirdim. Amma xarici ölkədə xidmət etməyi ağlıma belə gətirməyə qorxurdum. Heç vaxt xarici dil öyrənməmişdim və düşünürdüm ki, bunu bacarmaram. Buna görə də Gilad Məktəbinə dəvət olunanda şokda idim. Fikirləşirdim ki, mənim kimi heç nəyə yaramayan insanın nəyini bu məktəbə dəvət ediblər. Amma sonra öz-özümə dedim: “Əgər Yehova inanırsa ki, mən bunu bacararam, cəhd edəcəm” Bu, 50 il bundan əvvəl olan söhbətdir. O vaxtdan bu günə Yaponiyada xüsusi təyinatlı müjdəçi kimi xidmət edirəm». O əlavə edir: «Hərdən gənc bacılara ürəkdolusu deyirəm: “Əşyalarınızı yığın gəlin ardımca, siz də qoşulun bu təkrarolunmaz səyahətə!”. Çoxlarının dəvətimi qəbul etməsi məni sevindirir».

CƏSARƏT TAPIRLAR

Xarici ölkədə xidmət edən bacıların bir çoxu başqa yerə köçməyə əvvəlcə tərəddüd ediblər. Gəlin görək onlara özlərində cəsarət tapmağa nə kömək edib?

Morin

64 yaşın içində olan Morin deyir: «Böyüdükcə məndə mənalı, fədakar həyat yaşamaq arzusu baş qaldırırdı». 20 yaşına çatanda Morin Kanadanın Kvebek şəhərinə köçür, çünki orada öncüllərə böyük ehtiyac olur. O deyir: «Sonralar məni Gilad Məktəbinə dəvət etdilər. Amma dost-tanışdan uzaqda xidmət etmək fikri məni qorxudurdu. Həmçinin anama görə narahat idim. Onu qoyub getməyə ürəyim gəlmirdi, çünki o, xəstə atama baxırdı. Neçə gecə ağlaya-ağlaya Yehovaya bu məsələ ilə bağlı dua etdim. Məni narahat edən fikirləri valideynlərimlə bölüşdüm, onlar mənə dəvəti qəbul etməyi məsləhət gördülər. Yığıncağımızdakı bacı-qardaşların ata-anama kömək etdiyini görəndə, Yehovanın nə qədər qayğıkeş olduğunu başa düşəndə əmin oldum ki, O, mənim də qayğıma qalacaq. Bu, mənə irəli getməyə kömək etdi». Morin 1979-cu ildə Qərbi Afrikaya xüsusi təyinatlı müjdəçi təyin olunur və 30 ildən artıq bu xidmət növündə iştirak edir. Bu gün o, Kanadada xüsusi müjdəçi kimi xidmət edir və anasının qeydinə qalır. O, xarici ölkədə keçirdiyi xidmət illərini xatırlayaraq deyir: «Yehova həmişə mənə ehtiyac duyduğum şeyi ehtiyac yaranan anda verib».

Vendi

Avstraliyadan olan 65 yaşlı Vendi adlı bacı yeniyetmə olanda öncül xidmətinə başlayıb. Vendi o günləri xatırlayıb deyir: «Mən çox ürkək qız idim. Tanımadığım insanlarla söhbət etmək mənim üçün çox çətin idi. Amma öncüllük mənə müxtəlif insanlarla ünsiyyət etməyi öyrətdi və bunun sayəsində özümə əminliyim artdı. Bir müddət sonra bu sahədə ümumiyyətlə problemim qalmadı. Öncül xidməti mənə Yehovaya güvənməyi öyrətdi. Başqa ölkədə xidmət etmək fikri daha məni elə də qorxutmurdu. Həm də bir subay bacı məni üç ay Yaponiyada təbliğ etməyə dəvət etdi. O, 30 ildən artıq idi ki orada xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. Onunla əməkdaşlıq etmək mənim xarici ölkəyə köçmək arzumu daha da alovlandırdı». 1986-cı ildə Vendi Avstraliyadan 1770 kilometr şərqdə yerləşən Vanuatuya (ada-dövlət) köçür.

Vendi bu gün də Vanuatuda xidmət edir, amma indi o, filialın nəzdində fəaliyyət göstərən tərcümə ofisində çalışır. O deyir: «Ucqar ərazilərdə yeni qrupların və yığıncaqların yarandığını görmək mənə böyük sevinc bəxş edir. Bu kiçik adalarda Yehovanın həyata keçirdiyi işə zərrə qədər də olsa, töhfə vermək mənim üçün sözlə ifadə edə bilməyəcəyim dərəcədə böyük şərəfdir».

Kumiko (ortadakı)

Yaponiyadan olan 65 yaşlı Kumiko əvvəllər orada öncül kimi xidmət edib. Bir gün onun öncül əməkdaşı Nepala köçməyi təklif edir. Kumiko deyir: «O, dönə-dönə bu söhbəti açırdı, mən də hər dəfə “yox” deyirdim. Yeni dil öyrənmək, təzə yerə köçmək barədə fikirləşəndə məni həyəcan basırdı. İçimdə özüm-özümlə savaşırdım. Bir gün motosiklet qəzası nəticəsində xəstəxanaya düşdüm. Orada öz-özümə dedim: “Kim bilir, sabah başıma nə iş gələcək. Hansısa ciddi xəstəliyə tutula bilərəm. Onda başqa ölkədə öncüllük etmək şansım olmayacaq. Məgər, heç olmasa, bircə il xarici ölkədə xidmət edə bilmərəm?” Yehovaya yalvarırdım ki, mənə addım atmağa kömək etsin». Xəstəxanadan çıxandan sonra Kumiko Nepala qonaq gedir, sonralar isə öncül əməkdaşı ilə birgə oraya köçür.

Kumiko on ilə yaxındır ki, Nepalda xidmət edir. O, bu illərə nəzər salıb deyir: «Yolumu kəsən narahatçılıqlar Qırmızı dənizin suları kimi yolumdan çəkildi. Çox xoşbəxtəm ki, o vaxt təbliğçilərə ehtiyac olan əraziyə köçməyə qərar verdim. Burada təbliğ edəndə tez-tez maraqlı hallar baş verir, bir evdə kiminləsə danışanda beş-altı qonşu tökülüşüb qulaq asmağa gəlir. Balaca uşaqlar da şirin-şirin adamdan buklet istəyirlər. İnsanların həqiqətə bu cür dəyər verdiyi ərazidə xidmət etmək məni xoşbəxt edir».

ÇƏTİNLİKLƏRƏ SİNƏ GƏRİRLƏR

Təbii ki bu cəsarətli bacılar çoxlu çətinliklərlə üzləşmişdilər. Bəs bu maneələri onlar necə aşıblar?

Diana

Kanadadan olan Diana deyir: «Əvvəl-əvvəl ailəm üçün çox darıxırdım». Hazırda Diananın 62 yaşı var. Ömrünün 20 ilini o, Fil dişi sahilində (indiki adı Kot-d’İvuar) xüsusi təyinatlı müjdəçi kimi xidmət edib. Diana öz hisslərini bölüşür: «Yehovaya yalvarırdım ki, mənə təbliğ etdiyim ərazidəki insanları sevməyə kömək etsin. Gilad məktəbindəki müəllimlərdən biri Cek Redford qardaş bizi xəbərdar etmişdi ki, ola bilsin, təyin olunduğumuz ərazidə əvvəl-əvvəl bizə çətin olacaq, oranın şəraiti bizi dəhşətə sala bilər, xüsusən də, oradakı kasıbçılıq. O dedi: “Amma siz kasıbçılığa yox, insanların simasına, gözlərinə baxın. Müqəddəs Kitabdakı həqiqətləri eşidəndə necə hay verdiklərini diqqətlə izləyin”. Mən bu cür də edirdim və nəticəsi çox gözəl oldu. Görürdüm ki, insanlar müjdəni eşidəndə gözləri sevincdən alışıb-yanır!» Xarici ölkəyə alışmağa Dianaya daha nə kömək etdi? «Dərs keçdiyim insanlarla dostlaşmağa çalışırdım. Onlar Yehovaya xidmət etməyə başlayanda sevincimdən uçmaq istəyirdim. Təyin olunduğum ərazi mənim üçün doğma evim kimi oldu. Yehova orada mənə İsa Məsihin söz verdiyi kimi ana, ata, qardaş və bacı verdi» (Mark 10:29, 30).

46 yaşı olan En Asiya ölkələrindən birində, fəaliyyətimizin qadağan olunduğu ərazidə xidmət edir. O deyir: «Xarici ölkədə xidmət etdiyim bu illər ərzində tamam fərqli mədəniyyətlərdən olan, xasiyyətcə məndən yerlə-göy qədər fərqlənən bacılarla yaşamışam. Buna görə də hərdən narazılıq yaranırdı, bir-birimizin xətrinə dəyirdik. Belə hallar yarananda çalışırdım onlarla daha yaxın münasibət qurum, onların mədəniyyəti ilə yaxından tanış olum. Həmçinin onlara anlayış, məhəbbət göstərmək üçün əlimdən gələni edirdim. Bu zəhmətimin gözəl bəhrəsi oldu, bu bacılarla aramızda sarsılmaz və əbədi dostluq telləri yarandı. Bu dostluq mənə təyinatımda yaranan çətinlikləri uğurla aşmağa kömək edir».

Uta

Almaniyadan olan Uta bacı, hazırda onun 53 yaşı var, 1993-cü ildə xüsusi təyinatlı müjdəçi kimi Madaqaskara təyin olunmuşdu. O deyir: «İlk çətinliyim dil öyrənmək, oranın rütubətli iqliminə alışmaq, malyariya, amöblü dizenteriya və parazit qurdlarla mübarizə aparmaq olub. Ancaq mən köməksiz qalmırdım. Oradakı bacılarla uşaqları və Müqəddəs Kitabı öyrətdiyim insanlar mənə dili öyrənməyə kömək edirdilər. Xəstə olanda isə mənimlə birgə xidmət edən əməkdaşım mənə baxırdı. Ən çox köməyi isə Yehovadan alırdım. Narahatçılıqlarımı Ona danışırdım. Sonra da Onun cavabını gözləyirdim. Hərdən bu, bir neçə gün, hərdən isə bir neçə ay çəkirdi. Ancaq Yehova bütün problemlərimi həll etdi». Artıq 23 ildir ki Uta Madaqaskarda xidmət edir.

NEMƏTLƏRLƏ DOLU HƏYAT

Təbliğçilərə ehtiyac olan ərazilərə köçən bütün dindaşlarımız kimi bu subay bacılar da bu xidmətin onların həyatına rəng qatdığını, onlara çoxlu nemətlər bəxş etdiyini deyir. Gəlin görək söhbət hansı nemətlərdən gedir.

Haydi

Hal-hazırda 73 yaşı olan almaniyalı Haydi 1968-ci ildən Fil dişi sahilində (indiki adı Kot-d’İvuar) xüsusi təyinatlı müjdəçi kimi xidmət edir. Haydi hisslərini bölüşür: «Mənə ən çox sevinc gətirən Müqəddəs Kitabı öyrətdiyim insanların həqiqət yolunda yeridiklərini görməkdir. Onlardan kimisi öncül, kimisi ağsaqqal kimi xidmət edir. Çoxu məni “ana” və “nənə” deyə çağırır. Bu ağsaqqallardan biri, həm özü, həm də arvad-uşağı mənə ailə üzvləri kimi yanaşırlar. Buna görə də deyə bilərəm ki, Yehova mənə oğul, gəlin və üç nəvə nəsib edib» (3 Yəh. 4).

Karen (ortadakı)

Kanadadan olan 72 yaşlı Karen 20 ildən çox Qərbi Afrikada xidmət edib. O deyir: «Xüsusi təyinatlı müjdəçi kimi xidmət etdiyim illər mənə sevməyi, fədakar və səbirli olmağı öyrətdi. Müxtəlif ölkələrdən olan əməkdaşlarla xidmət etmək dünyagörüşümü artırdı. Həmçinin başa düşdüm ki, sən demə, bir işi müxtəlif üsullarla görmək olar. Hazırda dünyanın hər yerində dostlarım var, bu da Yehovadan mənə gözəl hədiyyədir! Zaman təyinatlarımıza və həyatımıza təsir etdi, amma dostluğumuz olduğu kimi qalıb».

İngiltərədən olan Marqaret, indi onun 79 yaşı var, Laosda xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. O deyir: «Xarici ölkədə xidmət etməyin sayəsində mən öz gözlərimlə Yehovanın müxtəlif xalqlardan, irqlərdən olan insanları Öz təşkilatına necə gətirdiyini gördüm. Bunu görmək mənim imanımı möhkəmləndirdi. Əmin oldum ki, Yehova Allah təşkilatını idarə edir və Onun bütün niyyətləri mütləq yerinə yetəcək».

Həqiqətən də subay bacıların xoş xəbərin yayılmasında böyük əməyi var. Onlar səmimi təriflərə layiqdirlər (Hak. 11:40). Üstəlik, onların sayı get-gedə artır (Zəb. 68:11). Bəs siz həyatınızda müəyyən dəyişiklik edib müsahibə verən bu zəhmətkeş bacılar kimi xidmət etmək istəyərdinizmi? Onda Yehovanın necə gözəl Allah olduğunu özünüz dadıb görəcəksiniz (Zəb. 34:8).