Kontentə keç

Müqəddəs Kitabda təbii fəlakətlər haqda nə deyilir?

Müqəddəs Kitabda təbii fəlakətlər haqda nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Allah bu gün təbii fəlakətlərin olmasına səbəbkar deyil, üstəlik, O, bu fəlakətlərdən zərər çəkən insanların qeydinə qalır. Allahın Padşahlığı təbii fəlakətlər də daxil olmaqla, əzab-əziyyətə səbəb olan hər şeyi aradan qaldıracaq. Bundan əlavə, Allah hal-hazırda təbii fəlakətlərdən zərər çəkən insanlara təsəlli verir (2 Korinflilərə 1:3).

 Nəyə görə əmin ola bilərik ki, təbii fəlakətlər Allahın cəzası deyil?

 Müqəddəs Kitabdan görə bilərik ki, təbii fəlakətlər Allahın istifadə etdiyi təbiət qüvvələrindən fərqlidir.

  •   Təbii fəlakətlər ucdantutma bütün insanları öldürür və şikəst qoyur. Amma Allah hökmünü icra etmək üçün təbiət qüvvələrindən istifadə edəndə O, yalnız pis insanların məhv olmasına yol verir. Məsələn, Allah qədim şəhərləri, Sədum və Əmurəni dağıdanda saleh Lutu və onun iki qızını qorumuşdu (Yaradılış 19:29, 30). Allah həmin dövrdə yaşayan insanların ürəklərini görmüş və yalnız pisləri məhv etmişdi (Yaradılış 18:23—32; 1 İşmuil 16:7).

  •   Təbii fəlakətlər, adətən, kiçik xəsarətlərlə və xəbərdarlıq olmadan baş verir. Amma Allah insanlara qarşı təbiət qüvvələrini istifadə etməzdən əvvəl xəbərdarlıq edir. Bu xəbərdarlıqlara qulaq verən insanların xilas olmaq imkanı olur (Yaradılış 7:1—5; Mətta 24:38, 39).

  •   Bəzi təbii fəlakətlərin olmasına səbəb insan qərarları və hərəkətləridir. Hansı mənada? Ətraf mühitin zərər görməsi və ərazilərdə tikililərin artması zəlzələlərə, daşqınlara və həddən artıq güclü fırtınalara səbəb olur (Vəhy 11:18). İnsanların yol verdiyi səhvlərə və onun pis nəticələrinə görə Allah təqsirli deyil (Məsəllər 19:3).

 Təbii fəlakətlər axırzamanın əlamətidir?

 Bəli, Müqəddəs Kitab peyğəmbərliklərində deyilir ki, «dövrün yekunu»nda və ya «axırzamanda» fəlakətlər baş verəcək (Mətta 24:3; 2 Timutiyə 3:1). Məsələn, bizim günlərlə əlaqəli İsa Məsih demişdi: «Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:7). Allah tezliklə təbii fəlakətlər də daxil olmaqla, əzab-əziyyətə səbəb olan hər şeyə son qoyacaq (Vəhy 21:3, 4).

 Allah təbii fəlakətdən zərərçəkənlərə necə kömək edir?

  •   Allah zərər çəkən insanlara Sözü olan Müqəddəs Kitab vasitəsilə təsəlli verir. Müqəddəs Kitab bizi əmin edir ki, Allah bizimlə maraqlanır və biz əzab çəkəndə O da əzab çəkir (Əşiya 63:9; 1 Butrus 5:6, 7). Bu, həmçinin təbii fəlakətlərin bir daha olmayacağına dair vədi açıqlayır. (« Təbii fəlakətdən zərərçəkənlərə təsəlli verən Müqəddəs Kitab ayələri»nə bax.)

  •   Allah zərərçəkənlərə Ona ibadət edənlər vasitəsilə kömək edir. Allahın bəndələri bu sahədə İsa Məsihin qoyduğu nümunəni izləyir. Peyğəmbərlik edilmişdi ki, İsa Məsih «qəlbisınıqlara» və «bütün yaslılara» təsəlli verəcək (Əşiya 61:1, 2). Allahın mömin bəndələri də bu cür davranmağa çalışır (Yəhya 13:15).

     Allah həmçinin Öz bəndələrindən təbii fəlakətlərdən zərərçəkənlərə əməli yardım etmək üçün də istifadə edir (Həvarilərin işləri 11:28—30; Qalatiyalılara 6:10).

Yehovanın Şahidləri Puerto-Rikoda qasırğa ucbatından zərərçəkənlərə əməli yardım göstərir

 Müqəddəs Kitab bizi təbii fəlakətlərə hazırlaya bilər?

 Bəli. Düzdür, Müqəddəs Kitabda təbii fəlakətlər haqda yazılmasının məqsədi bizi buna hazırlamaq deyil, amma oradakı prinsiplər bizə bu sahədə kömək edə bilər. Məsələn:

  •   Təbii fəlakət baş versə, nə edəcəyinizə dair plan qurun. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Təhlükəli vəziyyətlərdə nə edəcəyimizi qabaqcadan planlaşdırmaq müdrik hərəkət olardı. Bu cür planlaşdırmaya ehtiyat çantasına zəruri əşyaları yığmaq və fəlakət zamanı ailənin harada görüşəcəyini qabaqcadan məşq etmək daxildir.

  •   Həyatı maddi şeylərdən üstün tutun. Müqəddəs Kitabda deyilir: «Biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq» (1 Timutiyə 6:7, 8). Fəlakətdən xilas olmaq üçün əşyalarımızı və evimizi tərk etməyə hazır olmalıyıq. Yadda saxlamalıyıq ki, həyatımız maddi şeylərdən çox-çox qiymətlidir (Mətta 6:25).