Kontentə keç

Axırzamanda yaşayırıq?

Axırzamanda yaşayırıq?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda «axırzamanda» yaşadığımızı və «dünyanın [sonunun]» yaxın olduğunu müəyyən etməyə kömək edən hadisələr, dünyadakı şərait və insanlara xas keyfiyyətlər peyğəmbərlik edilmişdi (2 Timutiyə 3:1, Mətta 24:3, «İncil—1993», Dənyal 8:19).

Axırzaman barədə nə peyğəmbərlik edilib?

 Müqəddəs Kitabda axırzamanda yaşadığımızı göstərən çox şey peyğəmbərlik edilib. Bunların hamısı bir yerdə axırzamanın «[əlamətini]» təşkil edir (Luka 21:7). Onlardan bəziləri bunlardır:

 Bütün dünyada baş verən müharibələr. İsa Məsih peyğəmbərlik etmişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:7). Eynilə də, Vəhy 6:4 ayəsinə əsasən, müharibələri təmsil edən atlıya «yer üzündən sülhü götürmək izni verilmişdi».

 Aclıq. İsa peyğəmbərlik etmişdi: «Qıtlıq... olacaq» (Mətta 24:7). «Vəhy» kitabında başqa bir rəmzi atlı barədə də yazılıb, o meydana çıxandan dünyanın müxtəlif yerlərində şiddətli aclıq başlayacaqdı (Vəhy 6:5, 6).

 Güclü zəlzələlər. İsa demişdi ki, «gah burada, gah orada... zəlzələlər olacaq» (Mətta 24:7; Luka 21:11). Bu güclü zəlzələlər görünməmiş miqyasda dağıntılara və insan tələfatına səbəb olacaqdı.

 Xəstəliklər. İsa xəstəliklərin və ya epidemiyaların olacağını demişdi (Luka 21:11, haşiyə).

 Cinayətkarlıq. Cinayətkarlıq əsrlərdir var. Amma İsa sadəcə cinayətkarlığın olacağını deyil, «[hərc-mərcliyin baş alacağını]» peyğəmbərlik etmişdi (Mətta 24:12).

 Yerin tələf edilməsi. Vəhy 11:18 ayəsində insanların «yeri tələf [edəcəyi]» peyğəmbərlik edilmişdi. Yer müxtəlif üsullarla tələf olunacaqdı. O, pislik və zorakılıqla dolacağından əlavə, insanlar ətraf mühiti də məhv edəcəkdilər.

 İnsanların pozulması. 2 Timutiyə 3:1—4 ayələrində peyğəmbərlik edilmişdi ki, insanlar ümumilikdə «nankor, vəfasız... barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni, xain, tərs, təkəbbürlü olacaqlar». İnsanlar o dərəcədə korlanacaqdılar ki, həmin dövr haqlı olaraq «son dərəcə çətin bir vaxt» adlanacaqdı.

 Ailə böhranı. 2 Timutiyə 3:2, 3 ayələrində insanların «doğmalarını [sevməyəcəyi]», eləcə də uşaqların «valideynlərinə itaət [etməyəcəyi]» peyğəmbərlik edilmişdi.

 Allaha məhəbbətin soyuması. İsa demişdi: «Əksər insanlarda məhəbbət soyuyacaq» (Mətta 24:12). İsa insanların Allaha qarşı da məhəbbətinin soyuyacağını nəzərdə tuturdu. 2 Timutiyə 3:4 ayəsində həmçinin deyilir ki, axırzamanda belə insanlar «Allahdan çox eyş-işrəti sevəcəklər».

 Dindarların ikiüzlüyü. 2 Timutiyə 3:5 ayəsində peyğəmbərlik olunmuşdu ki, insanlar üzdən özlərini Allah bəndəsi kimi göstərəcək, əslində isə Onun qayda-qanunları ilə yaşamayacaqlar.

 Müqəddəs Kitab peyğəmbərliklərinin açıqlanması. «Dənyal» kitabında deyilmişdi ki, «[axırzamanda]» bir çox insanlar Müqəddəs Kitab həqiqətini, o cümlədən bu peyğəmbərlikləri başa düşəcək (Dənyal 12:4, haşiyə).

 Müjdənin bütün dünyada təbliğ edilməsi. İsa demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək» (Mətta 24:14).

 Ümumi laqeydlik və rişxənd. İsanın peyğəmbərliyinə əsasən, ümumilikdə insanlar sonun yaxınlaşdığına dəlalət edən açıq-aydın sübutlara məhəl qoymayacaqdılar (Mətta 24:37—39). 2 Butrus 3:3, 4 ayələrində isə deyilir ki, bəziləri hətta bu sübutlara rişxənd edəcək və qeyri-adi nəyinsə baş vermədiyini deyəcəkdi.

 Bütün peyğəmbərliklərin eyni vaxtda yerinə yetməsi. İsa demişdi ki, axırzamanın əlaməti bu peyğəmbərliklərin bir neçəsinin və ya əksəriyyətinin deyil, hamısının eyni vaxtda yerinə yetməsi olacaqdı (Mətta 24:33).

Biz axırzamanda yaşayırıq?

 Bəli. Dünyanın vəziyyəti və Müqəddəs Kitab xronologiyası aydın göstərir ki, axırzaman 1914-cü ildə, Birinci Dünya müharibəsinin başladığı ildə başlayıb. Bu videoya baxın və görün dünyanın vəziyyəti axırzamanda yaşadığımızı necə sübut edir.

 1914-cü ildə Allahın Padşahlığı göydə idarə etməyə başladı və ilk növbədə Şeytan İblisi və cinləri oradan birdəfəlik qovub yerə atdı (Vəhy 12:7—12). Həmin vaxtdan Şeytan yalnız insanlara təsir göstərə bilir və bu təsir onların xasiyyət və hərəkətlərindən görünür. Təəccüblü deyil ki, axırzaman Müqəddəs Kitabda «son dərəcə çətin bir vaxt» adlanır (2 Timutiyə 3:1).

 Dünyanın vəziyyəti, o cümlədən insanların bir-biriləri ilə yola getməməsi çoxlarında narahatçılıq doğurur. Bəziləri hətta qorxur ki, bəşəriyyət özü-özünü məhv edəcək.

 Amma başqa qrup insan da var. Ətrafda baş verənlər onları da narahat edir, bununla belə, onlar gələcəyə ümidlə baxırlar. Onlar əmindir ki, Allahın Padşahlığı tezliklə hərəkətə keçəcək və dünyanı problemlərdən azad edəcək (Dənyal 2:44; Vəhy 21:3, 4). Onlar səbirlə Allahın vədlərinin yerinə yetəcəyi günü gözləyir və İsanın növbəti sözlərindən təsəlli alırlar: «Axıra kimi dözən xilas olacaq» (Mətta 24:13; Mikə 7:7).