Kontentə keç

Mündəricatı göstər

2017-ci ildə keçirilmiş Gilad məktəbi

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Gilad məktəbinin beynəlxalq miqyası

Gilad məktəbinin beynəlxalq miqyası

1 DEKABR 2020

 Hər il bütün dünyadan xüsusi tamvaxtlı xidmətdə olan xeyli sayda bacı-qardaş Gözətçi Qülləsinin Təlim Mərkəzində (Nyu-York ştatı, Paterson) keçirilən Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilada a dəvət olunur. Bu məktəbdə təlim alan tələbələr Yehovanın təşkilatındakı tapşırıqlarını daha səmərəli icra etməyi öyrənirlər. Bu təlim sayəsində onlar bütün dünyada yığıncaqları və filialları daxildən möhkəmləndirirlər.

 Gilad həqiqətən də beynəlxalq miqyaslı məktəbdir. Məsələn, 2019-cu ildə keçirilmiş 147-ci sinifdə dünyanın 29 ölkəsindən 56 tələbə oxuyub. Gilad məktəbində xüsusi tamvaxtlı xidmətin müxtəlif növlərində olan, məsələn, beytellilər, rayon nəzarətçiləri, xüsusi təyinatlı müjdəçilər və xüsusi öncüllər oxuyur.

 Məktəbə hazırlıq ilk dərs günündən xeyli əvvəl başlayır. Məsələn, Baş idarədəki Səyahət şöbəsi məktəbə dəvət alanlar üçün təyyarə biletləri alır. Gilad məktəbinin 147-ci sinfində oxuyan hər xarici tələbənin gediş-gəliş bileti orta hesabla 1075 ABŞ dollarına başa gəlmişdi. Solomon Adalarından olan tələbələr Patersona gəlib çıxmaq üçün dörd, evlərinə qayıtmaq üçün isə üç təyyarə dəyişmişdilər. Ümumilikdə onlar 35 400 kilometrdən çox məsafə qət etmişdilər. Bu tələbələrin hər birinin bileti 2300 ABŞ dollarına başa gəlmişdi. Xərcləri azaltmaq üçün Səyahət şöbəsi münasib qiymətə biletlər tapmaq üçün xüsusi bron kompüter proqramlarından istifadə edir. Hətta bileti bron edəndən sonra da proqram həftələr və aylarla daha ucuz biletləri axtarmağa davam edir. Səyahət şöbəsi bilet almaq üçün həmçinin ianə olunmuş uçuş millərindən də istifadə edir.

 Əksər tələbələrə ABŞ-a gəlmək üçün viza lazımdır. Onlara tələbə vizası almaqda Baş idarənin Hüquq şöbəsi kömək edir. Viza və qeydiyyat haqqı hər tələbə üçün orta hesabla 510 ABŞ dolları təşkil edir.

 Bu bacı-qardaşların aldığı təlimdən biz necə faydalanırıq? Hendra Qunavan Cənub-şərqi Asiyada ağsaqqal kimi xidmət edir. Onların yığıncağında Gilad məktəbini bitirmiş bir ər-arvad var. Qardaş deyir: «Əvvəllər bizim yığıncaqda öncül yox idi. Gilad məzunları yığıncağa gələndən vəziyyət dəyişdi: onların şövqü başqalarına da sirayət etdi və onlar da öncül olmaq istədilər. Yığıncağımızdan olan bir bacı hətta Padşahlıq Müjdəçiləri Məktəbini keçdi!»

 Cənub-şərqi Asiyada yerləşən filialda Sergio Pancaitan adlı bir qardaş Gilad məzunları ilə birgə xidmət edir. O deyir: «Onların aldığı təlim yalnız onlar üçün yox, bizim üçün də xeyir-duadır. Onlar çox şey öyrənib, ancaq bizdən seçilməyə çalışmırlar, əksinə, öyrəndiklərini bizimlə bölüşürlər və beləcə hamı ruhlanır».

 Bəs Gilad məktəbinin xərcləri nəyin hesabına ödənilir? Ümumdünya təbliğ işinə edilən ianələr hesabına. İanələrin bir çoxu donate.isa4310.com saytı vasitəsilə edilir. Saytda ianə etməyin müxtəlif yolları göstərilir. Bu beynəlxalq məktəbin keçirilməsi üçün etdiyiniz səxavətli ianələrinizə görə minnətdarlığımızı bildiririk.

a Bu məktəbin proqramını Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının Təlim komitəsinin nəzdində fəaliyyət göstərən Teokratik məktəblər şöbəsi hazırlayır və yeniləyir. Məktəbdə həmin şöbədən olan təlimatçılar, dəvət edilmiş təlimatçılar və Rəhbərlik Şurasının üzvləri dərs deyir.