Kontentə keç

Yehovanın Şahidləri ianələri nəyə sərf edir?

Yehovanın Şahidləri ianələri nəyə sərf edir?

 Biz ianələri təşkilatımızın dini və humanitar fəaliyyətlərinə sərf edirik. Bu fəaliyyət bizim əsas işimizin, insanlara İsa Məsihin şagirdi olmağa kömək etmək işinin bir hissəsidir (Mətta 28:19, 20).

 Bu ianələr heç kəsin cibinə getmir. Təşkilatımızda maaş alan ruhanilər sinfi yoxdur. Yehovanın Şahidləri ev-ev təbliğ etdiklərinə görə maaş almır. Filiallarda və ümumdünya baş idarəmizdə xidmət edənlər, o cümlədən Rəhbərlik Şurasının üzvləri heç bir məvacib almadan könüllü qismində xidmət edir.

Fəaliyyətimiz

  •   Nəşriyyat. Biz Müqəddəs Kitaba əsaslanan nəşrləri tərcümə edir, dərc edir və lazım olan ölkələrə çatdırırıq. Həmçinin hər il milyonlarla Müqəddəs Kitab və digər nəşrlər pulsuz paylanır. Rəqəmsal nəşrlərimizin yerləşdiyi jw.org saytının və «JW Library» tətbiqinin istifadəsi ödənişsizdir və gəlir əldə etmək üçün heç birində reklam yerləşdirilmir.

  •   Tikinti və təmir. Bütün dünyada yığıncaqlarımızın münasib yerdə ibadət görüşləri keçirməsi və Allaha birgə həmd etməsi üçün sadə ibadət evləri tikir və ya mövcud ibadət evlərini təmir edirik. Eyni şey filial binalarına və tərcümə ofislərinə də aiddir. Bu işlərin əksəriyyəti könüllülər tərəfindən icra olunur və bunun sayəsində xərclərə qənaət olunur.

  •   Administrasiya. Ümumdünya baş idarədə, filiallarda, tərcümə ofislərində görülən işlər, eləcə də səyyar xidmətçilərin fəaliyyəti ümumdünya işinə edilən ianələrin hesabına qarşılanır.

  •   Təbliğ. Yehovanın Şahidləri müjdəni təbliğ etdiklərinə və insanlara «Allahın sözünü» öyrətdiklərinə görə maaş almır (2 Korinflilərə 2:17). Lakin birinci əsrdəki məsihilərdə olduğu kimi, bu gün də vaxtının çoxunu təbliğ işinə sərf edən təlim almış müəyyən xidmətçilər sadə yaşayış yeri ilə təmin olunur və zəruri tələbatları ödənilir (Filippililərə 4:16, 17; 1 Timutiyə 5:17, 18).

  •   Təlim. Toplantılarımızın xərcləri könüllü ianələrin hesabına ödənilir. Bundan başqa, Müqəddəs Kitaba əsaslanan audio və video proqramlar hazırlanır. Həmçinin ağsaqqalların və tamvaxtlı xidmətçilərin təyinatlarını daha yaxşı icra etmələri üçün məktəblər təşkil olunur.

  •   Zərərçəkənlərə yardım. Təbii və digər fəlakətlərdən zərər çəkənlər qida, su və yaşayış yeri ilə təmin olunur. Bu humanitar yardım təkcə «iman qardaşlarımıza» yox, Yehovanın Şahidi olmayanlara da göstərilir (Qalatiyalılara 6:10).