Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

İbadət görüşləri videokonfrans formatında

İbadət görüşləri videokonfrans formatında

26 İYUN 2020

 Bütün dünyada bir çox ölkələrdə sosial məsafənin qorunması ilə bağlı tələblər qoyulub və ictimai yerlərdə birgə toplaşmaq qadağan edilib. Yehovanın Şahidləri bu tələblərə əməl etməyə, eləcə də ibadət görüşlərini təhlükəsiz bir şəkildə keçirməyə qətiyyətlidirlər. Bunun üçün onlar «Zoom» kimi videokonfrans formatlı proqramlardan istifadə edirlər.

 İbadət görüşlərinin müntəzəm və təhlükəsiz keçirilməsi məqsədilə Rəhbərlik Şurası ianələrdən istifadə edərək yığıncaqlar üçün «Zoom» hesablarının satın alınmasını təsdiq edib. Bu qərar bir çox yığıncaqlar üçün böyük kömək oldu. Bu proqramın ödənişli versiyası 15—20 dollar və daha yüksək dəyərdə olduğu üçün bəzi yığıncaqlar ondan istifadə edə bilmirdi. Onlar adətən ödənişsiz proqramlardan istifadə edirdilər, bu proqramlarda isə iştirakçı sayına məhdudiyyət qoyulurdu və təhlükəsizlik kifayət qədər təmin olunmurdu. İndi həmin yığıncaqlar təşkilatın təmin etdiyi «Zoom» hesablarından istifadə edirlər. Bu hesablarda təhlükəsizlik təmin olunur və çoxlu sayda iştirakçı qoşula bilir. Hal-hazırda 170-dən çox ölkədə 65 000-dən çox yığıncaq bu hesablardan istifadə edir.

 Manadoda (Şimali Sulavesi, İndoneziya) «Kayragi» yığıncağı əvvəllər ibadət görüşləri üçün ödənişsiz proqramdan istifadə edirdi. Amma indi onlar təşkilatın təmin etdiyi «Zoom» hesabından istifadə edirlər. Hadi Santoso qardaş deyir: «Hətta elektron cihazlardan istifadə etməyə çətinlik çəkən bacı-qardaşlar da ibadət görüşlərinə rahat qoşula bilir. Onlar çox şaddırlar ki, indi görüş boyu bir neçə dəfə təzədən qoşulmaq lazım gəlmir».

 Quayakildə (Ekvador) «Quayakanes Oeste» yığıncağında xidmət edən Lester Hihon adlı bir ağsaqqal deyir: «Bacı-qardaşların əksəriyyətinin maddi vəziyyəti zəif olduğundan, bəzi yığıncaqlar “Zoom” proqramının ödənişli versiyasından istifadə edə bilmirdilər. Buna görə də bütün yığıncaq eyni vaxta görüşə qoşula bilmirdi. Amma indi təşkilatımızın təmin etdiyi “Zoom” hesabları ilə yığıncağa daha çox insanı dəvət edə bilirik və iştirakçı sayının limiti keçəcəyinə görə narahat olmuruq».

 Lusakada (Zambiya) «Nqverere şimal» yığıncağında ağsaqqal kimi xidmət edən Conson Mvanza qardaş deyir: «Bir çox bacı-qardaş dönə-dönə deyir ki, təşkilatımızın təmin etdiyi “Zoom” hesabları vasitəsilə nəinki bacı-qardaşlara yaxın oluruq, həm də Yehovanın sevgisini və qayğısını hiss edirik».

 Təşkilatımızın təmin etdiyi «Zoom» hesabları təbii fəlakətlər üçün ayrılmış büdcədən ödənilib. Bu kimi büdcələr ümumdünya işi üçün edilən könüllü ianələr hesabına yaradılır. Bu ianələrin çoxu donate.isa4310.com saytı vasitəsilə edilir. Səxavətlə etdiyiniz ianələrə görə sizə ürəkdən minnətdarıq. İanələrinizin sayəsində bütün dünyada ehtiyacı olan bacı-qardaşlara kömək edə bilirik (2 Korinflilərə 8:14).