Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Qaçqın böhranı. Milyonlarla insan Ukraynadan qaçır

Qaçqın böhranı. Milyonlarla insan Ukraynadan qaçır

 24 fevral 2022-ci il tarixində Rusiya Ukraynaya hərbi qoşunlarını yeritdi. Dinc əhalinin müharibə zonasından qaçması nəticəsində ağır humanitar böhran yarandı a.

 «Şəhərə bomba atılır və partlayışlar baş verirdi. Çox qorxulu idi, bunu sözlə ifadə etmək mümkün deyil. Təxliyə qatarları barədə eşidəndə şəhəri tərk etmək qərarına gəldik. Bütün həyatını bir balaca bel çantasına yerləşdirməli idin. Biz yalnız sənədləri, dərman, su və bir az ərzaq götürə bildik. Qalan hər şeyi geridə qoyub, şəhərə düşən bombalar altında vağzala yollandıq» (Natalya, Ukrayna, Xarkov şəhəri).

 «Son anadək inana bilmirdik ki, müharibə olacaq. Şəhərin müxtəlif yerlərində baş verən partlayışları eşidirdim, pəncərələr silkələnirdi. Mən qaçmaq qərarına gəldim və özümlə yalnız həqiqətən də vacib olan şeyləri götürdüm. Saat 8-də evdən çıxdım, Lvova gedən qatara mindim, oradan isə avtobusla Polşaya getdim» (Nadejda, Ukrayna, Xarkov şəhəri).

Bu məqalədə

 Qaçqın böhranının əsl səbəbləri

 Ukraynada qaçqın böhranı Rusiyanın ora hücumundan sonra başlayıb. Amma Müqəddəs Kitab bu böhranın daha dərin səbəblərini göstərir:

  •   İnsan hökumətləri ümidləri doğrultmayıb. Hakimiyyətdə olanlar çox vaxt öz səlahiyyətlərindən istifadə edərək başqalarına zülm edirlər (Vaiz 4:1; 8:9).

  •   «Bu dünyanın hökmdarı» Şeytan İblisin insanlara göstərdiyi pis təsir o qədər güclüdür ki, Müqəddəs Kitabda deyilir: «Bütün dünya... Şəririn əlindədir» (Yəhya 14:30; 1 Yəhya 5:19).

  •   Əsrlər boyu bəşəriyyəti narahat edən problemlərlə yanaşı, biz indi Müqəddəs Kitabda peyğəmbərlik edilmiş «axırzamanda», yəni «son dərəcə çətin bir vaxt»da yaşayırıq (2 Timutiyə 3:1). Axırzamanın əlamətləri olan müharibələr, təbii fəlakətlər, qida qıtlığı və epidemiyalar xeyli sayda insanın qaçqın düşməsinə səbəb olur (Luka 21:10, 11).

 Qaçqınlar haradan ümid tapa bilər?

 Müqəddəs Kitabda deyilir ki, Yaradanımız Yehova b Allah qaçqınlara və evlərindən didərgin düşmüş insanlara məhəbbət və şəfqət göstərir (Qanunun təkrarı 10:18). O, insan hökumətlərini əvəz edəcək Allahın Padşahlığı adlanan səmavi hökuməti vasitəsilə qaçqınların problemlərini həll edəcəyini vəd edir (Dənyal 2:44; Mətta 6:10). Yehova Padşahlığı vasitəsilə Şeytan İblisi məhv edəcək (Romalılara 6:10). Allahın Padşahlığı bütün dünyanı idarə edəcək, ona görə də parçalanmaya səbəb olan ölkələrarası sərhədlər olmayacaq. Dünyadakı bütün insanlar bir ailə kimi yaşayacaq. Daha heç vaxt insanlar öz evlərindən qaçmalı olmayacaqlar, çünki Müqəddəs Kitabda vəd edilir: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq, bunu ordular Allahı Yehova deyib» (Mikə 4:4).

 Yalnız Allahın Padşahlığı bu gün yaşadığımız qaçqın böhranını birdəfəlik həll etməyə qadirdir. Yehova insanların qaçqın düşməsinə səbəb olan problemləri Padşahlığı vasitəsilə aradan qaldıracaq. Məsələn:

 Müqəddəs Kitab qaçqınlara kömək edə bilər?

 Bəli. Müqəddəs Kitab evlərindən didərgin düşmüş insanlara həm gələcəyə dair ümid verir, həm də bu gün üzləşdikləri problemlərin öhdəsindən gəlməyə kömək edir.

 Müqəddəs Kitab prinsipi: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15).

 Mənası. Üzləşə biləcəyiniz təhlükə və özünüzü ondan necə qoruyacağınız barədə əvvəlcədən düşünün. Qaçqınların müdafiəsiz olmasından və təcrübəsizliyindən istifadə edən cinayətkarlardan özünüzü gözləyin.

 Müqəddəs Kitab prinsipi: «Yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:8).

 Mənası. Diqqətinizi maddi şeylərə cəmləməyin. Zəruri şeylərlə kifayətlənsəniz, daha xoşbəxt olacaqsınız.

 Müqəddəs Kitab prinsipi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12).

 Mənası. Səbirli və xeyirxah olun. Bu keyfiyyətlər sizə yerli sakinlərin hörmətini və rəğbətini qazanmağa kömək edəcək.

 Müqəddəs Kitab prinsipi: «Heç kimə pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17).

 Mənası. Ədalətsizliklə üzləşmisinizsə, qəzəbə qapılıb qisas almayın. Bu, vəziyyəti daha da ağırlaşdıracaq.

 Müqəddəs Kitab prinsipi: «Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

 Mənası. Qoy həyatınızda birinci yerdə Allah olsun və Ona dua edin. O sizə problemlərin öhdəsindən gəlmək üçün güc verəcək.

 Müqəddəs Kitab prinsipi: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq» (Filippililərə 4:6, 7).

 Mənası. Vəziyyətinizdən asılı olmayaraq, Allahdan sakitlik və qəlb rahatlığı istəyin. «Heç nəyə görə narahat olmayın (Filippililərə 4:6, 7)» (türk.) məqaləsinə baxın.

a Müharibə başlayandan bir gün sonra Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) böhrana ən yüksək fövqəladə vəziyyət səviyyəsi təyin etdi. Cəmi 12 gün ərzində iki milyondan çox insan Ukraynadan qonşu ölkələrə qaçıb, daha bir milyon insan isə ölkə daxilində digər ərazilərə köçüb.

b «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). Əlavə məlumat üçün «Yehova kimdir?» məqaləsinə baxın.