Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Narahatçılıq

Narahatçılıq

Narahatçılığın həm müsbət, həm də mənfi tərəfi var. Müqəddəs Kitab bizə onun hər iki tərəfini görməyə kömək edir.

Narahatçılıq keçirmək normaldır?

GERÇƏKLİK.

Narahatçılıq dedikdə təşviş, nigarançılıq və ya həyəcan nəzərdə tutulur. Gələcəyin özü ilə nə gətirəcəyini bilmədiyimiz üçün hər birimiz narahatçılıq keçirə bilərik.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Davud peyğəmbər demişdi: «Nə vaxtadək canım bu əzaba dözəcək, günbəgün bu dərdi qəlbimdə daşıyacağam?» (Zəbur 13:2). Bəs peyğəmbər bu hisslərin öhdəsindən necə gəldi? O, Allahın məhəbbətinə güvənərək dərdini Onunla bölüşdü (Zəbur 13:5; 62:8). Allah istəyir ki, biz ürəyimizi Ona boşaldaq. İncildə deyilir: «Bütün qayğılarınızı [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

Doğmalarımızın qeydinə qalmaqla qayğı yükümüzü azalda bilərik

Narahatçılığı azaltmaq mümkündür. Məsələn, həvari Bulus «günbəgün bütün yığıncaqların fikrini» çəkirdi və köməyə ehtiyacı olanları ruhlandırmaq üçün əlindən gələni edirdi (2 Korinflilərə 11:28). Bulusun keçirdiyi narahatçılıq faydalı idi, çünki bu, onu kömək etməyə təşviq etmişdi. Narahatçılıq hissi bizi də yaxşı əməllərə təşviq edə bilər. Ancaq laqeyd olsaq, deməli qəlbimizdə məhəbbət yoxdur (Məsəllər 17:17).

«Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

Hədsiz narahatçılığın öhdəsindən necə gəlmək olar?

GERÇƏKLİK.

İnsanlar keçmiş səhvlərinə, gələcəyə və pula görə narahat ola bilər *.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Keçmiş səhvlərə görə narahat olmaq. Birinci əsrdə yaşamış bəzi insanlar məsihi olmamışdan əvvəl içki düşkünü, soyğunçu, əxlaqsız və oğru olmuşdular (1 Korinflilərə 6:9—11). Daima keçmişləri barədə düşünmək əvəzinə, onlar pis əməllərindən əl çəkib Allahın comərdliklə göstərdiyi böyük mərhəmətinə sığındılar. Zəburda deyilir: «Sən həqiqətən bağışlayansan, ta ki ürəklərdə Sənin xofun olsun» (Zəbur 130:4).

Gələcəyə görə narahat olmaq. İsa peyğəmbər demişdi: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (Mətta 6:25, 34). O demək istəyirdi ki, hər günün öz çətinlikləri var. Sabahkı günə görə narahat olub yükümüzü daha da ağırlaşdırmamalıyıq. Həm də ki, keçirdiyimiz narahatçılıq çox vaxt yersiz olur.

Pula görə narahat olmaq. Bir müdrik insan duasında demişdi: «Məni nə kasıb elə, nə də varlı» (Məsəllər 30:8). Həmin insan əlindəkilərə qane olmaqla Allahın razılığını qazanmaq istəyirdi. İncildə deyilir: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”» (İbranilərə 13:5). Pul bu gün var, sabah yoxdur. Ancaq Allaha bel bağlayıb sadə həyat sürsək, O, həmişə bizə dayaq olacaq.

«Nə saleh adamın atıldığını, nə də övladlarının çörək diləndiyini görməmişəm» (Zəbur 37:25).

Narahatçılıqdan yaxa qurtarmaq mümkündür?

İNSANLARIN FİKRİ.

2008-ci ildə Hariyet Qrin adlı müxbir bir qəzetdə yazmışdı: «Biz narahatçılığın yeni əsrinə qədəm qoyuruq» («The Guardian»). 2014-cü ildə Patrik O’Konorun «Uoll-strit cornel» qəzetində dediyinə görə amerikalılar hələ heç vaxt bu qədər narahatçılıq keçirməyiblər.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məsəllər 12:25). «Xoş söz»ü Allahın Padşahlığı haqqında müjdədə tapmaq olar (Mətta 24:14). Bu Padşahlıq bizim bacarmadığımızı, yəni, xəstəlik və ölüm də daxil olmaqla, narahatçılığa səbəb olan hər şeyi tezliklə yox edəcək. «[Allah] onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

«Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun» (Romalılara 15:13).

^ abz. 10 Həyəcan pozuntusundan əziyyət çəkən insanlara həkimə müraciət etmək məsləhət görülür. «Oyanın!» jurnalı konkret hansısa müalicə üsulunu dəstəkləmir.