Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

Müqəddəs Kitabın başqa kitablardan fərqi nədir?

Müqəddəs Kitabın başqa kitablardan fərqi nədir?

Tövrat, Zəbur, İncil kimi tanınan Müqəddəs Kitab (Bibliya) iki min il öncə tamamlanıb. O vaxtdan bu yana saysız-hesabsız kitablar qələmə alınıb, amma bizim dövrə gəlib çatmayıb. Müqəddəs Kitab isə əsrləri ram edərək zəmanəmizə qədər gəlib çıxıb. Gəlin növbəti amillərə nəzər salaq.

  • Müqəddəs Kitab nüfuzlu insanların amansız hücumlarına sinə gərib. Məsələn, orta əsrlərdə elə xristian ölkələrinin özündə «Bibliyaya sahib olanları və onu doğma dildə [adi insanların danışdığı dildə] oxuyanları “kafir”, “üsyankar” hesab edirdilər» («An Introduction to the Medieval Bible»). Müqəddəs Kitabı doğma dilə tərcümə etmək və ya onu təbliğ etməklə alimlər həyatlarını təhlükə altına qoyurdular. Bəziləri hətta buna görə qətlə yetirilmişdi.

  • Müqəddəs Kitabın düşmənlərinin çox olmasına baxmayaraq, o, bütün dövrlərin ən geniş yayılmış kitabı olaraq qalır. Bu kitab tam və ya qismən 2800 dildə beş milyard tirajla nəşr olunur. Bəli, Müqəddəs Kitabı məhdud tirajı olan və tez dəbdən düşən fəlsəfə, elm və digər sahələrlə bağlı kitablarla müqayisə etməyə belə dəyməz.

  • Müqəddəs Kitab həmçinin tərcümə olunduğu bəzi dillərin qorunub saxlanmasına və həmin dillərin inkişafına böyük təkan verib. Martin Lüterin tərcüməsi alman dilinin inkişafında mühüm rol oynamışdır. «Kral Yakovun Müqəddəs Kitabı»nın birinci nəşri ingilis dilində «indiyə kimi çap olunan ən sanballı kitab» hesab olunur.

  • Müqəddəs Kitab Qərb mədəniyyətində «dini inanclar və adətlərdən əlavə, incəsənət, ədəbiyyat, qanun, siyasət və bir çox digər sahələrdə də dərin iz qoyub» («The Oxford Encyclopedia of the Books of the Bible»).

Bütün bunlar Müqəddəs Kitabı fərqləndirən amillərdən yalnız bir neçəsidir. Bəs görəsən, nəyə görə Müqəddəs Kitab bu dərəcədə məşhurdur? Nə üçün insanlar onun uğrunda həyatlarını təhlükəyə atıblar? Bunun bir sıra səbəbləri var. Bəziləri bunlardır: Müqəddəs Kitabda əxlaq qaydalarına və ruhani təlimlərə dair yazılanlar ali hikməti əks etdirir. Allahın Kəlamı iztirabların və münaqişələrin yaranma səbəbini başa düşməyə kömək edir. Bundan əlavə, Müqəddəs Kitabda problemlərin aradan qalxacağı vəd edilir və bu vədin necə gerçəkləşəcəyi izah olunur.

Əxlaqi və ruhani anlayışa yiyələnməyə kömək edir

Təhsil almaq vacibdir. Amma təhsilin sayəsində «qazanılan ad və titullar yaxşı əxlaqdan xəbər vermir» («Ottawa Citizen», Kanada qəzeti). Edelman adlı ictimai əlaqələr şirkəti tərəfindən nəşr edilən beynəlxalq araşdırmaya əsasən, əksər alitəhsilli insanlar, o cümlədən hökumət və biznes nümayəndələri fırıldaqçılıqla, yalan və oğurluqla məşğul olduqları üçün insanlarda «ciddi etibarsızlıq böhranı» yaranıb.

Müqəddəs Kitab isə əxlaqi və ruhani təhsilə önəm verir. Bu kitab bizə «doğruluğu, haqq-ədaləti, xeyrin bütün yollarını» dərk etməyə kömək edir (Məsəllər 2:9). Misal üçün, 23 yaşlı Stefan Polşada həbsdə idi. Həbsdə olarkən o, Müqəddəs Kitabı öyrənməyə və tədricən onun hikmətini görməyə başladı. Stefan deyir: «“Atana və anana hörmət et” əmrinin əslində nə olduğunu indi başa düşdüm. Həmçinin özümü ələ almağı, xüsusilə də, qəzəbimi cilovlamağı öyrəndim» (Efeslilərə 4:31; 6:2).

Stefanın əməl etdiyi məsləhət Məsəllər 19:11 ayəsində yerləşir. Orada yazılıb: «Anlayış hiddəti ləngidər, günahın üstündən keçmək insanın yaraşığıdır». İndi o, çətin vəziyyətlə üzləşəndə məsələni təmkinlə təhlil etməyə və Müqəddəs Kitabın müvafiq prinsiplərini tətbiq etməyə çalışır. Stefan bölüşür: «Doğrudan da, Müqəddəs Kitab ən gözəl bələdçidir».

Bir dəfə bir qadın səs-küy salıb hamının yanında Mariya adlı Yehovanın Şahidini təhqir etdi. Amma Mariya ona cavab vermədən sakitcə yoluna davam etdi. Sonradan həmin qadın öz hərəkətinə görə peşman olub Yehovanın Şahidlərini axtarmağa başladı. Nəhayət, təxminən bir ay sonra bu qadın Mariya ilə rastlaşanda onu qucaqlayıb üzr istədi. Bundan əlavə, o başa düşdü ki, Mariya dini inancından irəli gələrək özünü mülayim və təmkinlə aparmışdı. Nəticədə, Yehovanın Şahidlərinə qərəzli yanaşan bu qadın və onun beş ailə üzvü Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı.

Müqəddəs Kitabda deyilir ki, «hikmət əməlləri sayəsində haqlı çıxır» (Luka 7:35). Bəli, Allahın Kəlamındakı məsləhətlər həmişə işə yarayır! Bu məsləhətlər bizdə gözəl xüsusiyyətlər yetişdirir, «naşı adamı müdrik edir», «ürəyi sevindirir», həmçinin əxlaq və ruhani məsələləri aydın görmək üçün «gözlərə nur verir» (Zəbur 19:7, 8).

İztirab və münaqişələrin səbəbini açıqlayır

Tədqiqatçılar hansısa yoluxucu xəstəliyi araşdıranda çalışırlar ilk növbədə onun kökünü, yəni səbəbini tapsınlar. Eynilə, söhbət iztirab və münaqişələrdən gedəndə əvvəlcə onların haradan qaynaqlandığını bilmək lazımdır. Bu məsələdə köməyimizə Müqəddəs Kitab çatır. Çünki orada bəşər tarixinin ta başlanğıcından, problemlərin ilk yarandığı vaxtlardan bəhs olunur.

Müqəddəs Kitabın Yaradılış bölməsində deyilir ki, bəşəriyyətin əzab-əziyyəti Adəmlə Həvvanın Allaha qarşı çıxmasından sonra başladı. Onlar nəyin yaxşı, nəyin pis olduğunu özləri müəyyən etmək istədilər. Halbuki bu ixtiyar yalnız Yaradana məxsusdur (Yaradılış 3:1—7). Təəssüflər olsun, o vaxtdan bəri bütün bəşəriyyət üsyankarlıq ruhunu əks etdirir. Nəticə göz qabağındadır! Bəşər tarixi azadlıq və xoşbəxtliyi ilə yox, münaqişələr, zülm, habelə əxlaqi və ruhani iflası ilə yadda qalıb (Vaiz 8:9). Allahın Kəlamında əbəs yerə yazılmayıb: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Amma sizə xoş xəbərimiz var: bəşəriyyətdə hökm sürən özbaşınalığın ömrünə lap az qalıb.

Ümid bəxş edir

Müqəddəs Kitab əmin edir ki, Allah Onun hakimiyyətinə tabe olan və qayda-qanunlarına əməl edən insanlara görə pisliyi və onun nəticəsi olan iztirabları məhv edəcək. Zalım insanlar «əməllərinin bəhrəsini biçəcəklər» (Məsəllər 1:30, 31). Amma «həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11).

«[Allah] istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timutiyə 2:3, 4).

Allah Öz Padşahlığı vasitəsilə yer üzündə sülhü bərqərar edəcək (Luka 4:43). Bu Padşahlıq bütün dünyanı idarə edəcək və Allah bu Padşahlığın vasitəsilə bəşəriyyət üzərində qanuni hakimiyyətə sahib olduğunu göstərəcək. İsa peyğəmbər Padşahlığı yer üzü ilə əlaqələndirərək demişdi: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən... yerdə də yerinə yetsin» (Mətta 6:10).

Bəli, Allahın Padşahlığının vətəndaşları Allahın iradəsini yerinə yetirəcək və hansısa insanın yox, Yaradanın qanuni Hökmdar olduğunu qəbul edəcəklər. Korrupsiya, tamahkarlıq, iqtisadi bərabərsizlik, irqi ayrı-seçkilik və müharibə artıq olmayacaq. Sözün əsil mənasında, bir dünya, bir hökumət olacaq. Və həm əxlaq, həm də ruhani baxımdan bəşəriyyətdə bir qayda-qanun hökm sürəcək (Vəhy 11:15).

Amma belə bir dünyanı görmək üçün ruhani təhsil almaq gərəkdir. Müqəddəs Kitabın təbirincə desək, Allah «istəyir ki, hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timutiyə 2:3, 4). «Həqiqət» deyilərkən Müqəddəs Kitabdakı təlimlər, başqa sözlə, Padşahlığın konstitusiyası nəzərdə tutulur. Bu Padşahlıq həmin qanun və prinsiplər əsasında idarə olunacaq. Onların bəzilərini İsa peyğəmbərin Dağüstü vəzindən oxumaq olar (Mətta, 5—7 fəsillər). Bu üç fəsli oxuyarkən düşünün: hamı orada yazılanlara əməl etməyə başlayanda dünyada hansı şərait hökm sürəcək?

Bəs Müqəddəs Kitabın dünyada ən geniş yayılmış kitab olması bizi təəccübləndirməlidir? Əlbəttə ki, yox! Oradakı təlimlər bu kitabın Yehova Allahdan ilham aldığını sübut edir. Müqəddəs Kitabın bütün dünyaya yayılması isə göstərir ki, Allah dilindən, millətindən asılı olmayaraq, bütün insanların Onun haqqında öyrənməsini və Padşahlığının gətirəcəyi naz-nemətləri dadmasını istəyir (Həvarilərin işləri 10:34, 35).