Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Sağlamlıq

Sağlamlıq

Canımızın qeydinə qalıb-qalmamağımızın Allah üçün bir əhəmiyyəti varmı?

«Şərab düşkünü olan əyyaşlara, ət qapan qarınqululara qoşulma» (Süleymanın məsəlləri 23:20).

BU, NƏ ÜÇÜN VACİB MƏSƏLƏDİR?

Müqəddəs Kitab tibbi və ya insanın hər bir hərəkətini tənzimləyən kitab olmasa da, orada sağlamlığa dair Allahın baxışı əks olunub və bunu araşdırmağın sizə böyük xeyiri dəyə bilər.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Müqəddəs Kitabın bir çox ayələrində canımızın qeydinə qalıb-qalmadığımıza Allahın necə münasibət göstərdiyi yazılıb. Məsələn, orada ifratçılıq, yəni əyyaşlıq və qarınqululuq kimi zərərli vərdişlər mühakimə olunur (Süleymanın məsəlləri 23:20). Qədim israillilərə verilmiş Qanuna xəstəliklərin yayılmasının, hətta onların bəzilərinin yaranmasının qarşısını alan göstərişlər daxil edilmişdi. Qanunda həmçinin bədbəxt hadisələrin baş verməməsi üçün qabaqcadan görülə biləcək konkret təhlükəsizlik tədbirlərindən də bəhs edilirdi (Qanunun təkrarı 22:8). Aydındır ki, Müqəddəs Kitab bizi canımızın qeydinə qalmağa və sağlamlığımızı qorumaq üçün lazımi tədbirlər görməyə təşviq edir.

Müqəddəs Kitabda insanın xəstələnməsinin səbəbi necə izah edilir?

Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya [girdi]» (Romalılara 5:12).

İNSANLAR NƏ DEYİR?

Bir çoxları düşünür ki, xəstəliklər sadəcə olaraq təkamülün fəsadıdır. Digərlərinin zənnincə isə, xəstəlikləri törədənlər pis ruhlar kimi mistik qüvvələrdir.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Müqəddəs Kitaba əsasən, ulu valideynlərimiz Adəmlə Həvva Allaha qarşı üsyan qaldırdıqdan sonra insanlar xəstələnməyə başladılar (Romalılara 5:12). Lakin üsyandan öncə Adəmlə Həvva mükəmməl sağlamlığa malik idilər. Onlar yaxşı bilirdilər ki, qayğıkeş Allahın sözündən çıxsalar, öləcəklər (Yaradılış 2:16, 17). Ancaq onlar bilə-bilə Allahla bütün münasibətlərini kəsdilər və kamillikdən məhrum oldular *.

Allaha qarşı üsyan qaldıran ulu valideynlərimiz günahlı təbiəti irsən bizə ötürdülər. İnsanların xəstəliklərə birdəfəlik son qoymaq cəhdlərinə baxmayaraq, biz hələ də bu bəladan əziyyət çəkirik.

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Allahın Kəlamında deyilir ki, əgər siz Yaradanın müdrik prinsiplərinə uyğun davranaraq Onun iltifatını qazansanız, gələcəkdə yer üzündə Cənnət bərpa olunanda O, sizə mükəmməl sağlamlıq bəxş edəcək (Yeşaya 33:24). Allah ağrını, xəstəlikləri və ölümü həmişəlik aradan qaldıracağını vəd edir (Vəhy 21:3, 4).

Müqəddəs Kitab tibbi müdaxiləni mühakimə edirmi?

«Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır» (Matta 9:12).

İNSANLAR NƏ DEYİR?

Bəziləri həkimə müraciət etməkdənsə, özlərində Allah vergisi olduğunu iddia edən insanların yanına gedirlər.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allah qədim dövrlərdə xalqı arasında loğmanların, təbiblərin olmasına icazə verirdi (Yaradılış 38:28; Koloslulara 4:14). Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, müalicəvi bitkilərdən, mərhəmlərdən, həkimin təyin etdiyi pəhrizdən və digər müalicə üsullarından istifadə etdiyinə görə Allah kimisə mühakimə edib. İsa peyğəmbər qeyd etmişdi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır» (Matta 9:12).

Bununla belə, Müqəddəs Kitab heç də bütün müalicə üsullarını məqbul hesab etmir. Məsələn, bizim günlərdə geniş yayılmış vergili olduqlarını iddia edən insanların yanına getməyi, eləcə də spiritizmlə bağlı olan müalicə üsullarını Allah mühakimə edir (Qalatiyalılara 5:19—21). Müqəddəs Kitabda mühakimə olunan bu kimi üsulları çıxmaq şərtilə, xəstələnəndə, əgər mümkündürsə, vaxtında üstünə düşüb münasib metodla müalicə olunmaq ən müdrik hərəkətdir.

^ abz. 10 Bu məqalədə «mükəmməl», «kamil» və «kamillik» sözləri Allahın insanları yaradarkən onlara bəxş etdiyi sağlam (yəni xəstəliksiz və ölümsüz) vəziyyətlə əlaqədar istifadə olunur.