Kontentə keç

Dənizçilərə müjdə

Dənizçilərə müjdə

Bəzi hesablamalara əsasən, dünyada 1,5  milyon dənizçi var. Dənizçilər daima bir limandan digər limana səyahət edirlər. Bəs görəsən, Yehovanın Şahidləri müjdəni daha çox dənizçiyə necə çatdırır? Gəmi limana çatanda Şahidlər göyərtəyə qalxmağa icazə alır və bütün gəmi heyətinə, onların istədikləri dildə pulsuz Müqəddəs Kitab dərsi və ədəbiyyatlar təklif edir.

Bəs dənizçilər bu təşəbbüsə necə hay verir? Kanadanın Vankuver limanında təbliğ edən Stefano adlı Yehovanın Şahidi belə deyir: «Bəzi insanlar düşünür ki, bütün dənizçilər çox sərt və kobud insanlardır. Onlardan bəziləri belə olsa da, bizim qarşılaşdığımız dənizçilərin əksəriyyəti təvazökar və öyrənməyə həvəsli insanlardır». Stefano əlavə edir: «Dənizçilərin çoxu Allaha inanır və Onu razı salmaq istəyir, buna görə də, adətən, bizi xoş qarşılayırlar». 2015-ci ilin sentyabr ayından 2016-cı ilin avqust ayına kimi təkcə Vankuverdə Yehovanın Şahidləri 1600 dəfə gəminin göyərtəsinə dəvət olunublar. Dənizçilər müxtəlif dillərdə minlərlə nəşr götürmüş və 1100-dən çox dənizçi ilə Müqəddəs Kitab dərsi başlanmışdı.

Bəs görəsən, dənizçilərlə Müqəddəs Kitab əsasında söhbət necə davam etdirilir?

Dünyanın əksər limanlarında Yehovanın Şahidlərinə rast gəlmək olar. Odur ki, Müqəddəs Kitab haqqında daha çox öyrənmək istəyən dənizçi gedəcəyi növbəti limanda ona baş çəkilməsi üçün istəyini bildirə bilər. Məsələn, Vankuverdə 2016-cı ilin may ayında Yehovanın Şahidləri yük gəmisində baş aşbaz işləyən Varlito adlı bir nəfərlə tanış olurlar. Şahidlər ona «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videonu göstərir və «İlahi müjdə» broşüründən Müqəddəs Kitab dərsinə başlayır. Müqəddəs Kitabı öyrənmək Varlitonun xoşuna gəlir və o, dərsi davam etdirmək istədiyini bildirir. Lakin gəmi uzağa, Braziliyanın Paranaqua limanına yollanırdı.

Təxminən bir ay sonra gəmi Paranaqua limanına çatır. Varlitoya xəbər verirlər ki, göyərtəyə qalxan braziliyalı iki Şahid onu soruşur. O, bunu eşidəndə qulaqlarına inana bilmir. Şahidlər deyir ki, Varlitonun istəyini onlara Vankuverdəki dindaşları çatdırıb. Varlito braziliyalı Şahidlərlə görüşdüyünə şad olduğunu və onun istəyini nəzərə aldıqları üçün dərin minnətdarlığını bildirir. O, növbəti limanda Şahidlərlə Müqəddəs Kitab öyrənməsini davam etdirməyə böyük məmnuniyyətlə razılıq verir.