Kontentə keç

Ruanda jest dilinə tərcümə edən qrup tərcümə ofisində videonu yazıya alır

10 YANVAR 2019
RUANDA

Ruanda filialı Ruanda jest dilinə tərcüməyə başlayır

Ruanda filialı Ruanda jest dilinə tərcüməyə başlayır

Ruandadakı Yehovanın Şahidləri 2018-ci il sentyabr ayının sonunda Ruanda jest dilinə tərcümə işinə start verib. Bununla filialın nəzdində olan ərazilərdə danışılan dillərdə xoş xəbərin təbliğində daha böyük nailiyyət əldə edilib. Bu, təxminən 113 kar bacı-qardaşımıza fayda gətirməklə yanaşı, Ruandada yaşayan 30000-dən çox kar və eşitmə qabiliyyəti zəif olan insanlara təbliğ etməkdə təbliğçilərə böyük kömək olacaq.

Ruanda jest dilinə tərcümə edən qrup «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürünü, «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı qısa videonu, o cümlədən xidmət üçün vəsaitlərimizə daxil olan bukletlərin böyük qismini artıq tərcümə edib. Növbəti həftələrdə sözügedən nəşrlər rəsmi internet saytımızda dərc ediləcək.

Tərcümə qrupu Ruandanın Kiqali şəhərindəki filialımızdan piyada beş dəqiqəlik məsafədə yerləşən məkanda fəaliyyət göstərir. Qrup biri kar olan iki qardaşdan və iki bacıdan ibarətdir. Tərcümə qrupunun hər üzvü jest dili üzrə mütəxəssisdir. Üstəlik, onlar tərcümə işinin incəliklərinə yiyələnmək üçün dördhəftəlik təlim kursu keçiblər.

Ruanda jest dilinə tərcümə işinin həyata keçirildiyi ofis Ruanda filialının yaxınlığında yerləşir

Ruanda jest dilinə tərcümə edən Ruakibibi Jan Pyer jest dilinə tərcümə işinə xas olan çətinliklərin səbəblərindən danışdı, belə ki, bu çətinliklər yazılı dilə tərcümə zamanı rast gəlinmir. O deyir: «Kar insanlar fikirlərini vizual şəkildə, yəni əlləri və üz ifadələri ilə bildirirlər. Buna görə jest dilinə tərcümə edənlər mətni videoya çevirmək üçün xüsusi üsuldan istifadə edirlər. Biz lövhədə ingilis mətnindəki fikirləri göstərən şəkillər çəkirik. Bu şəkillər həmin fikirləri bizə jest dilində ifadə etməyə kömək edir. Tərcümənin aydın və dəqiq olmasına əmin olmaq üçün hazır videonu Yehovanın Şahidi olan eşitmə qüsurlu kənar izləyicilərə göstəririk, onlar da öz təkliflərini edirlər».

Ruanda Milli Karlar Birliyi şurasının sədri cənab Avqustin Munyanqyeyo

Eşitmə qabiliyyəti olmayan ruandalıların hüquqlarını müdafiə edən milli qeyri-hökumət təşkilatı olan Ruanda Milli Karlar Birliyi şurasının sədri cənab Avqustin Munyanqyeyo Şahidlərin Ruanda jest dilinə tərcümə işi barədə demişdi: «Müqəddəs Kitabın və Ruanda jest dilində hazırlanan videoların köməyilə dini təlim verdiklərinə görə Yehovanın Şahidlərinə ürəkdən minnətdarıq».

Hal-hazırda Yehovanın Şahidləri öz nəşrlərini 90-dan çox jest dilinə tərcümə edirlər. Onlar həmçinin pulsuz «JW Library Sign Language»® tətbiqetməsi buraxıblar. Orada 90-dan çox jest dilində Müqəddəs Kitab nəşrləri əldə etmək olar. Jest dilində olan çoxsaylı nəşrlərin köməyilə bacı-qardaşlarımız xoş xəbəri «hər xalqa, tayfaya, dilə və ümmətə» çatdırırlar (Vəhy 14:6).