Kontentə keç

18 AVQUST 2020
MOZAMBİK

Çanqana və makua dillərində İncil dərc edilib

Çanqana və makua dillərində İncil dərc edilib

15 avqust 2020-ci il tarixində Mozambikdə yaşayan təbliğçilərə çanqana və makua dillərində elektron formatda İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı elan olundu. Çanqana dilində danışan təbliğçilərin sayı 8000-dən çox, makua dilində danışan təbliğçilərin sayı isə 1700-dən çoxdur.

Kitabların təqdimatını Mozambik filialının komitə üzvü Deyvid Amorim edib. Təbliğçilər qabaqcadan yazıya alınmış proqrama internet vasitəsi ilə baxıblar. Bundan əlavə, proqramı bir televiziya kanalı və 30-dan çox radiostansiya yayımlayıb.

Çanqana dilində Mozambikin iki ən cənub əyalətində yaşayan 1,9 milyon insan danışır. Bu dil qonşu Cənubi Afrika Respublikasında yaşayan xalqın danışdığı tsonqa dilinə çox oxşayır.

Makua dilində danışan xalq isə Mozambikin şimal əyalətlərində yaşayır. Bu dildə təxminən 5,8 milyon insan danışır və bu, Mozambikin ən geniş yayılmış yerli dilidir.

Uzun illər təbliğçilər bu dillərdə Müqəddəs Kitab əldə etməkdə çətinlik çəkirdilər. Müqəddəs Kitab baha idi və bəzi mağazalar Yehovanın Şahidlərinə Müqəddəs Kitab satmaq istəmirdi. Bir tərcüməçi xatırlayır: «Bəzi yığıncaqlarda cəmi bir Müqəddəs Kitab var idi və onu ibadət evində saxlayırdılar. Ondan nitqlə çıxış edən qardaşlar və tapşırıqları olan bacı-qardaşlar istifadə edirdilər».

Çanqana və makua dillərində İncil alan bacı-qardaşlarımızın sevincinə şərikik. Biz bilirik ki, bu İncillər çoxlu sayda insana «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyə kömək edəcək (1 Timutiyə 2:3, 4).