Kontentə keç

4 noyabr 2023-cü ildə Hindistanın Kerala şəhərində keçirilən xüsusi proqramda bacı-qardaşlar bir-biri ilə görüşür

17 NOYABR 2023 | YENİLƏNİB: 8 DEKABR 2023
HİNDİSTAN

Hindistandakı faciədə ölənlərin sayı səkkizə çatdı | YENİLƏNİB

Hindistandakı faciədə ölənlərin sayı səkkizə çatdı | YENİLƏNİB

Şənbə günü, 2 dekabr 2023-cü il tarixində Keralada (Hindistan) baş verən partlayış zamanı yaralanmış 76 yaşlı qardaşımız vəfat edib. Qardaş ağsaqqal və öncül kimi xidmət edirdi. 7 dekabrda isə onun həyat yoldaşı, öncül bacımız həyatını itirib. Ümumilikdə bu faciə nəticəsində səkkiz dindaşımız həlak olub.

29 oktyabr 2023-cü il tarixində Hindistanın Kerala şəhərində keçirilən toplantıda bir neçə bomba partladı. Dərin kədər hissi ilə bildiririk ki, öncədən qeyd edilən üç nəfərdən başqa, daha bir qardaşımız və iki bacımız da həyatını itirdi. Onların arasında daha öncə həyatını itirən 12 yaşlı qızın anası və qardaşı da var. Bundan əlavə, 11 nəfər bacı-qardaşımız hələ də xəstəxanadadır.

Hindistan filialı faciədən zərər çəkənlərə təsəlli verib, ruhlandırmaq üçün xüsusi bir görüş keçirdi. 4 noyabr 2023-cü il tarixində keçirilən bu görüşə partlayışın baş verdiyi zaman iştirak edən 21 yığıncaq dəvət olunmuşdu. Görüş 200 nəfərin iştirak etdiyi ibadət evində keçirildi. 1300 nəfər isə proqramı videokonfrans vasitəsilə izlədi. Xəstəxanada yatanlar üçün isə proqram videoyazıya alındı. Filialdan gələn bir qardaş Zəbur 23:1 ayəsini müzakirə edirdi. O, Yehovanın hər bir xidmətçisinə necə qayğı göstərdiyini vurğuladı: «Bu ayədə məzmurçu demir ki, Yehova adi bir Çobandır, yaxud inanılmaz bir Çobandır. Məzmurçu “Yehova mənim Çobanımdır” deyir. Yehovanın hər birimizlə şəxsən maraqlandığını bilmək necə də təsəllivericidir!»

Bacılar bir-birinə təsəlli verir

Partlayış zamanı zalda olan bir qardaş deyir ki, hələ də gözünə yuxu getmir. Buna baxmayaraq, o, xəstəxanada yatanlara kömək etmək üçün könüllü kimi xidmət edir. Qardaş deyir: «Onların imanını və müsbət əhval-ruhiyyəsini görmək mənə içimdəki narahatlığı unutmağa kömək etdi. Yaralarına, ağrılarına rəğmən, onlar sevinclə Yehovaya həmd nəğmələri söyləyirlər». Başqa bir qardaş demişdi: «Bəzilərinin normal həyata qayıtması uzun çəkə bilər. Amma bilirəm ki, bu müddət ərzində bacı-qardaşlar onlardan sevgilərini əsirgəməyəcək. Əminəm ki, qayğıkeş Allahımız Öz güclü əli ilə onların hər birinin əlindən tutub. Bunu bilmək adama güc verir!»

Əminik ki, Allahımız Yehova Hindistandakı əziz bacı-qardaşlarımıza, eləcə də bütün «qəlbisınıqlara şəfa verir, sızıldayan yaralarını sarıyır» (Zəbur 147:3).