Kontentə keç

Rəhbərlik Şurasının üzvü Mark Sanderson qardaş rus jest dilində «Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan edir. Müxtəlif ərazilərdə təbliğçilər görüşə baxır: (yuxarıda soldan saat istiqamətində) Ukrayna, Latviya, Astana (Qazaxıstan) və Almatı (Qazaxıstan)

31 MAY 2023
DÜNYADAN XƏBƏRLƏR

Rus jest dilində «Yeni Dünya Tərcüməsi»nin tam versiyası işıq üzü gördü

Rus jest dilində «Yeni Dünya Tərcüməsi»nin tam versiyası işıq üzü gördü

27 may 2023-cü ildə Rəhbərlik Şurasının üzvü Mark Sanderson rus jest dilində (RJD) «Yeni Dünya Tərcüməsi»nin ilk tam versiyasının işıq üzü gördüyünü elan etdi. Görüşə canlı şəkildə ümumilikdə 148 nəfər gəlmişdi. 15 ölkədən isə 5000 nəfər proqrama ya canlı şəkildə, ya da videoyazısına baxıb. Bu yeni Müqəddəs Kitab jw.org saytında və «JW Library Sign Language» tətbiqində yerləşdirilib.

Bir eşitmə məhdudiyyətli qardaş belə deyir: «Müqəddəs Kitabın jest dilində nəşrinə baxanda sanki İsanın insanların əzablarına necə yanaşdığını görürəm. Bu mənə dərin təsir bağışlayır!»

Müqəddəs Kitabın rus jest dilindəki versiyası işıq üzü görməzdən əvvəl bir çox eşitmə məhdudiyyətli bacı-qardaş rus dilində çap olunmuş Müqəddəs Kitabı oxuyurdu. Rus jest dili çox təsviri dil olduğu üçün bəzi təbliğçilər müəyyən ifadələrin mənasını anlamaqda çətinlik çəkirdilər.

Məsələn, 1 Padşahlar 17-ci fəsildə sarfatlı dul qadın İlyasa deyir ki, oğlu ilə birlikdə yemək yedikdən sonra öləcəklər. Bəzi eşitmə məhdudiyyətli təbliğçilər bu parçanı oxuyanda elə başa düşürdülər ki, dul qadının yeməyi ya xarab, ya da zəhərlidir. Amma bu yeni tərcümədən aydın başa düşmək olar ki, dul qadın bu sözləri evdə yemək qurtardığına görə deyir.

Rus jest dilindən müxtəlif millətlərdən və mədəniyyətlərdən olan insanlar istifadə edir. Tərcüməçilər başa düşürdülər ki, bəzi jest işarələrinin mənası ərazidən əraziyə dəyişir. Bir tərcüməçi deyir: «Bir işarə hansısa bir ərazidə “günah”, başqa bir ərazidə isə “Allah” mənasını verə bilər. Buna görə də tərcümə qrupu hamının anladığı işarələrdən və ifadələrdən istifadə edib».

Rus jest dilindən istifadə edən bacı-qardaşlara görə çox sevinirik və bu gözəl hədiyyəyə görə Yehovaya minnətdarıq (Məsəllər 10:22).