Kontentə keç

Solda: 1948-ci ildən bəri papyamento dilində çıxan nəşrlərimiz. Sağda: Papyamento dilində danışılan adalardan biri Villemstaddakı (Kürasao) rəngli binalar

11 DEKABR 2023
DÜNYADAN XƏBƏRLƏR

Müqəddəs Kitab həqiqətlərinin papyamento dilinə tərcüməsinin 75 ili

Müqəddəs Kitab həqiqətlərinin papyamento dilinə tərcüməsinin 75 ili

2023-cü ildə Yehovanın Şahidlərinin nəşrlərinin papyamento dilinə tərcüməsinin 75 ili tamam oldu. Papyamento Niderland dili, portuqal və ispan dillərinə əsaslanan kreol dillərindən biridir. Bu gün Aruba, Bonayre və Kürasao adalarında yaşayan təxminən 350 000 nəfər papyamento dilində danışır.

Bu adalarda təbliğ işi 1920-ci illərin sonlarında başlayıb. 1946-cı ildə Kürasaoya Gilad məktəbi keçmiş xüsusi təyinatlı müjdəçilər gəlir. Həmin vaxt adada artıq bir neçə yığıncaq var idi. Lakin papyamento dilində heç bir nəşrimiz yox idi. Yığıncaqlar Niderland dili, ingilis və ispan dillərindəki nəşrlər vasitəsilə həm ingilis, həm də papyamento dilində keçirilirdi. Qardaşlar başa düşürdülər ki, papyamento dilində nəşrlərə ehtiyac var, sadəcə buna mane olan bəzi səbəblər var idi. Məsələn, papyamento dilində lüğət, qrammatika və orfoqrafiya qaydaları yox idi. Bill Yets qardaş adaya təyin olunmuş ilk xüsusi təyinatlı müjdəçi idi və tərcümə işinə o baxırdı. «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2002-ci il buraxılışında onun sözləri yer alır: «Nəşrlərimizi tərcümə edərkən biz papyamento dilində heç vaxt yazılmamış və istifadə olunmamış sözləri işlətməli idik. Qrammatika qaydaları və lazımi ifadələr yaratmaq çox çətin idi». Bütün bu çətinliklərə baxmayaraq, qardaşlar tərcümə işini davam etdirirdi.

Papyamento dilinə ilk tərcümə olunmuş nəşrimiz 1948-ci ildə dərc olunmuş «Bütün insanlara şad xəbər» adlı buklet idi. Get-gedə daha çox nəşrimiz, eləcə də «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları da bu dilə tərcümə olundu. Bu yaxınlarda «Yeni Dünya Tərcüməsi» papyamento dilində işıq üzü gördü. İlk olaraq Rut kitabı tərcümə olunmuşdu və 1 oktyabr 2021-ci ildə işıq üzü görmüşdü.

Bacılar Aruba adasında ictimai şahidlik verir

Adada təbliğçilərin sayının sürətlə artması görülən bütün bu işlərin bəhrəsidir. 1956-cı ildə ilk papyamentodilli yığıncaq təsis olunanda cəmi 16 təbliğçi var idi. Bu gün 25 papyamentodilli yığıncaqda 1600-dən çox təbliğçi xidmət edir. 2023-cü il ərzində 1200-dən çox insanla Müqəddəs Kitab dərsi keçirilib.

Əminik ki, Yehova bundan sonra da papyamentodilli sahədə xidmət edən bacı-qardaşların zəhmətinə bərəkət verəcək. Beləcə, nurumuz insanların qarşısında parlayacaq və gördüyümüz işlər sayəsində insanlar Yehovanı mədh edəcək (Mətta 5:16).