Kontentə keç

«Xeyirxah səməriyyəli» olmaq nə deməkdir?

«Xeyirxah səməriyyəli» olmaq nə deməkdir?

Müqəddəs Kitabın cavabı

Bəzi mədəniyyətlərdə dara düşənlərə əl tutan insanları «xeyirxah səməriyyəli» adlandırırlar. Bu ifadə İsanın danışdığı bir məsəldən qaynaqlanır. Məsəldə İsa milliyyətindən və mənşəyindən asılı olmayaraq, başqalarına mərhəmətlə əl tutmağın vacibliyini göstərmişdi.

Bu məqalədə

 «Xeyirxah səməriyyəli» məsəlində nədən danışılır?

İsanın danışdığı məsəlin qısa məzmunu belədir: bir yəhudi Yerusəlimdən Ərihaya gedirdi. Yolda o, quldurların əlinə düşür. Quldurlar onu qarət edib döyürlər və ölümcül halda qoyub gedirlər.

O yolla əvvəlcə bir kahin, sonra isə başqa bir din xadimi keçir. Amma onlar öz yaralı soydaşlarına əl tutmurlar.

Bir qədər sonra həmin yoldan başqa millətdən olan biri keçir. O, səməriyyəlidir (Luka 10:33; 17:16—18). Mərhəmət hissindən irəli gələrək səməriyyəli həmin yəhudinin yaralarını sarıyır. Sonra onu bir karvansaraya aparır və orada bütün gecəni onun qayğısına qalır. Ertəsi gün səməriyyəli karvansara sahibinə pul verib yəhudinin qeydinə qalmağı tapşırır və deyir ki, əgər əlavə xərci çıxarsa, qayıdanda ödəyəcək (Luka 10:30—35).

 İsa nəyə görə bu məsəli çəkmişdi?

İsa bu məsəli yalnız öz milliyyətindən və dinindən olanları sevməli olduğunu düşünən bir kişiyə çəkmişdi. İsa ona vacib bir fikri başa salmaq istəyirdi: o yalnız öz soydaşlarını deyil, bütün insanları sevməlidir (Luka 10:36, 37). Allahı razı salmaq istəyənlər Müqəddəs Kitaba daxil edilmiş bu məsəldən ibrət dərsi götürürlər (2 Timutiyə 3:16, 17).

 Məsəldən hansı ibrət dərsi götürürük?

Bu məsəldən öyrənirik ki, insanları həqiqətən sevənlərin mərhəməti əməllərindən görünür. Belə insanlar dara düşənlərin mənşəyindən, milliyyətindən və irqindən asılı olmayaraq, onlara kömək əllərini uzadırlar. Başqalarını sevən insan onlara özünə qarşı görmək istədiyi rəftarı göstərir (Mətta 7:12).

 Səməriyyəlilər kim olub?

Səməriyyəlilər Yəhudiyyədən şimalda yaşayırdılar. Onlar yəhudilərlə qeyri-yəhudilərin nikahlarından törəmişdilər.

Eramızın birinci əsrində səməriyyəlilərin artıq öz dini təriqəti var idi. Onlar İbranicə Müqəddəs Yazılara daxil olan ilk beş kitabı qəbul edirdilər, qalanlarını isə qəbul etmirdilər.

İsanın günlərində bir çox yəhudilər səməriyyəlilərə nifrət edirdilər və onlardan yan gəzirdilər (Yəhya 4:9). Bəzi yəhudilər «səməriyyəli» sözünü təhqir kimi istifadə edirdilər (Yəhya 8:48).

 «Xeyirxah səməriyyəli» məsəlində danışılan hadisə həqiqətən baş vermişdi?

Müqəddəs Kitabda deyilmir bu hadisə həqiqətən baş vermişdi, ya yox. Amma dinləyiciləri nə demək istədiyini başa düşsünlər deyə İsa məsəllərində onlara tanış olan adət-ənənələri və məkanları tez-tez nümunə gətirirdi.

İsanın məsəlindəki bir çox məqamlar tarixi baxımdan dəqiqdir. Məsələn:

  • Yerusəlimdən Ərihaya gedən yolun uzunluğu 20 kilometrdən çox idi və Yerusəlim Ərihadan 1000 metr hündürlükdə yerləşirdi. Ona görə də məsəldə düzgün qeyd olunur ki, səyahətçilər «Yerusəlimdən Ərihaya enirdi[lər]» (Luka 10:30).

  • Ərihada yaşayan kahinlər və lavililər tez-tez bu yolla Yerusəlimə gedib-gəlirdilər.

  • Az adamın gedib-gəldiyi bu yol boyu quldurlar pusqu qurub yoldan keçənləri, xüsusilə də tək səyahət edənləri qarət edirdilər.