Kontentə keç

Müqəddəs Kitabda iradə azadlığı haqda nə deyilir? Alın yazısı varmı?

Müqəddəs Kitabda iradə azadlığı haqda nə deyilir? Alın yazısı varmı?

Müqəddəs Yazıların cavabı

 Allah bizim əvəzimizə qərar vermək və ya nə edəcəyimizi əvvəlcədən təyin etmək əvəzinə, bizə iradə azadlığı verib. Gəlin Müqəddəs Kitabın bu haqda dediklərinə nəzər salaq.

  •   Allah insanları Öz surətində yaradıb (Yaradılış 1:26). İnstinktlə hərəkət edən heyvanlardan fərqli olaraq, biz Yaradanımızın məhəbbət və ədalət kimi xüsusiyyətlərini əks etdirə bilirik. Eləcə də, Yaradanımız kimi, biz də iradə azadlığına sahibik.

  •   Demək olar ki, gələcəyimizi özümüz müəyyən edə bilərik. Müqəddəs Kitab bizi Allahın əmrlərinə riayət etməklə həyatı seçməyə təşviq edir (Qanunun təkrarı 30:19, 20). Əgər bizim iradə azadlığımız yoxdursa, bu təklifin heç bir mənası olmazdı, hətta bunu qəddarlıq adlandırmaq olardı. Allah bizi Onun tələblərinə riayət etməyə məcbur etmir, əksinə, məhəbbətlə səsləyir: «Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı» (Yeşaya 48:18).

  •   Bizim uğurlu olub-olmayacağımızı alın yazısı həll etmir. Əgər biz nədəsə müvəffəqiyyət qazanmaq istəyiriksə, çox çalışmalıyıq. Müqəddəs Kitabda deyilir: «Çalışmaq üçün nə bacarırsan, var gücünlə et» (Vaiz 9:10). Həmçinin qeyd olunur: «Çalışqanın niyyəti xeyir gətirər» (Süleymanın məsəlləri 21:5).

     İradə azadlığı Allahın bizə verdiyi dəyərli ənamdır. Çünki bu, bizə Onu ürəyimizdən gəldiyi üçün sevdiyimizi sübut etməyə imkan verir (Matta 22:37).

Hər şey Allahın əlində deyil?

 Müqəddəs Kitabda açıqlanır ki, Allah Külli-İxtiyardır, heç kəs və heç nə Onun gücünün qarşısını ala bilməz (Əyyub 37:23; Yeşaya 40:26). Bununla belə, O, Öz gücündən hər şeyi Öz əlində saxlamaq üçün istifadə etmir. Məsələn, Müqəddəs Yazılarda deyilir ki, Allah xalqının düşməni olan qədim Babil şəhərinə qarşı böyük səbir göstərirdi (Yeşaya 42:14). Buna bənzər tərzdə, Allah iradə azadlığından sui-istifadə edərək başqalarına zərər vuran insanlara hələ ki dözür. Amma Haqq-Taalanın səbrinin bir həddi var (Məzmur 37:10, 11).