Kontentə keç

Allahın sözü kimdir və ya nədir?

Allahın sözü kimdir və ya nədir?

Müqəddəs Yazıların cavabı

 «Allahın sözü» ifadəsi, adətən, ilahi xəbər və ya xəbərlər toplusu mənasını daşıyır (Luka 11:28). Bir neçə yerdə «Allahın sözü» və ya «Söz» ifadəsi kiməsə aid işlənir (Vəhy 19:13; Yəhya 1:14).

 İlahi xəbər. Peyğəmbərlər tez-tez Allahın sözünü bildirirdilər. Misal üçün, Ərəmya peyğəmbər peyğəmbərliyə «Mənə Yehovanın sözü nazil oldu» sözləri ilə başlayır (Ərəmya 1:4, 11, 13; 2:1). İşmuil Taluta Allahın onu padşah seçdiyini deməzdən əvvəl söyləmişdi: «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim» (1 İşmuil 9:27).

 Ad. «Söz» ifadəsi Müqəddəs Kitabda həmçinin İsa Məsihə aid edilir. İsa Məsih yerdə insan kimi yaşayanda «Söz» adlanırdı. O, indi göydə ruhani varlıq kimi də «Söz» adlanır. Gəlin görək niyə bu qənaətə gələ bilərik.

  •   Hər şey yaranmazdan əvvəl Söz mövcud idi. «Başlanğıcda Söz var idi... O, başlanğıcda Allahla idi» (Yəhya 1:1, 2). İsa «bütün xilqətin ilkidir... O, hər şeyin əzəlidir» (Koloslulara 1:13—15, 17).

  •   Söz yer üzünə insan kimi gəldi. «Söz insan olub aramızda yaşadı» (Yəhya 1:14). İsa Məsih «özünü hər şeydən məhrum etdi və qul surətini qəbul edib insan oldu» (Filippililərə 2:5—7).

  •   Söz Allahın Oğludur. «Söz insan olub» dedikdən sonra həvari Yəhya əlavə etdi: «Biz onun calalını gördük. Bu, atanın yeganə oğluna verdiyi calala bənzəyirdi» (Yəhya 1:14). Həvari Yəhya həmçinin yazmışdı ki, İsa Məsih Allahın Oğludur (1 Yəhya 4:15).

  •   Söz Allaha xas xüsusiyyətlərə malikdir. «Söz ilahi varlıq idi» (Yəhya 1:1). İsa Məsih «Allahın calalını əks etdirir. O, Allahın varlığının dəqiq əksidir» (İbranilərə 1:2, 3).

  •   Söz padşah kimi hakimiyyət sürür. Müqəddəs Kitabda deyilir ki, Allahın Sözünün «başında çoxlu tac var» (Vəhy 19:12, 13). Söz həmçinin «padşahlar Padşahı və ağalar Ağası» adlanır (Vəhy 19:16). Müqəddəs Kitabda İsa Məsih haqda da «padşahlar Padşahı və ağalar [Ağası]» deyilir (1 Timutiyə 6:14, 15).

  •   Söz Allahın nümayəndəsidir. «Söz» Allahın Öz xəbərini və göstərişlərini çatdırmaq üçün istifadə etdiyi bir kəsə deyilir. İsa Məsih demişdi ki, o, bu rolu icra edir: «Məni göndərən Ata mənə nə haqda danışmağı, nə deməyi buyurub... Atam mənə nə deyibsə, mən də onu danışıram» (Yəhya 12:49, 50).