Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Valideynlər uşaq bağçası haqda nəyi bilməlidir?

Valideynlər uşaq bağçası haqda nəyi bilməlidir?

 Bəzi valideynlər işlədikləri üçün uşaqlarını bağçaya, yaxud sinif kimi fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına qoyurlar. Bəs görəsən, bu, uşağın xeyrinədir?

 Nələri nəzərə almalısınız?

 Bağça sizinlə övladınız arasındakı münasibətə pis təsir etməyəcək? Edə bilər. Körpəlik illərində uşağın beyni sürətlə inkişaf edir. Bu da onun başqaları ilə münasibətinə təsir edir. Bu inkişaf dövründə çalışın uşağınızla mümkün qədər çox vaxt keçirəsiniz (Qanunun təkrarı 6:6, 7).

  •    Övladını bağçaya qoymaq istəyən valideynlər onunla münasibətini necə sıx saxlayacağı barədə düşünməlidir.

 Bağça sizin nüfuzunuzu uşağınızın gözündə azaltmayacaq? Ola bilər. Bir kitabda deyilir: «Məktəbəqədər yaşda olan uşaqlar bir-biri ilə nə qədər çox vaxt keçirirsə, bir o qədər də yaşıdlarının təsirinə məruz qalır» («Hold On to Your Kids»).

  •    Övladını bağçaya qoymaq istəyən valideynlər övladının həyatına təsir edən əsas qüvvə olaraq qalıb-qalmayacağı barədə düşünməlidir.

 Bağçaya getmək uşağa məktəbdə dərslərini daha yaxşı öyrənməyə kömək edir? Bəzilərinin fikrincə, edir. Digərləri isə deyir ki, bağça uşağın inkişafına az təsir edir və ya heç təsir etmir. Uşaq psixoloqu Penelopa Liç yazır: «Düşünməyin ki, təhsil həyatda uğur qazanmaq üçün əsas amildir və uşağın biliyi nə qədər çox olarsa, həmçinin bilik almağa nə qədər tez başlayarsa, bir o qədər yaxşıdır. Belə düşünürsünüzsə, deməli, uşağa doğulan andan verdiyiniz təlim-tərbiyənin dəyərini bilmirsiniz».

  •    Övladını bağçaya qoymaq istəyən valideynlər bunun faydalı olub-olmadığı, yaxud ümumiyyətlə lazım olub-olmadığı barədə düşünməlidir.

 Özünüz, yaxud həyat yoldaşınız işləməsə, mümkündür? Bəzən hər iki valideyn sadəcə daha yaxşı yaşamaq üçün işləyir. Bəs buna dəyər?

  •    Övladını bağçaya qoymaq istəyən valideynlər düşünməlidir ki, bəlkə xərcləri azaltsalar, onlardan biri evdə uşağın yanında qala bilər.

 Uşağı bağçaya qoymaq qərarını verməzdən öncə bunun müsbət və mənfi tərəflərini hərtərəfli götür-qoy etmək lazımdır. Bəs əgər bundan sonra da uşağı bağçaya qoymağın ailəniz üçün ən yaxşı çıxış yolu olduğunu düşünürsünüzsə, onda necə?

 Nə edə bilərsiniz?

 Müqəddəs Kitabda deyilir ki, «uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Bunu yadda saxlayaraq, qərara gəlməzdən əvvəl valideynlər hər şeyi ölçüb-biçməlidirlər.

 Variantlar barədə məlumat toplayın

  •   Bəzi valideynlər şəxsi yaşayış evlərində açılan, bir və ya bir neçə dayəsi və qrupda az uşağı olan bağça tipli müəssisələri seçir.

  •    Bir başqaları isə uşağı qohumlarından birinə tapşırır, dayə yanına qoyur, yaxud dayəni öz evində saxlayır.

 Bu variantların hər birinin müsbət və mənfi cəhətləri var. Bunların hansındansa istifadə etmiş valideynlərdən məsləhət alın. Müqəddəs Kitabda deyilir: «Məsləhət axtaran... hikmətlidir» (Məsəllər 13:10).

 Əgər yenə də uşağı bağçaya qoymaq qərarına gəlsəniz, növbəti addımları unutmayın.

 Müəssisə barədə məlumat toplayın

  •   Lisenziyası var, yaxud qanuni fəaliyyət göstərir? Müəssisə barədə hansı rəylər irəli sürülüb və necə reputasiya qazanıb?

  •    Binanın təmizliyi və təhlükəsizliyi hansı səviyyədədir?

  •    Uşaqlar üçün hansı məşğuliyyətlər nəzərdə tutulub? a

 Dayələr barədə məlumat toplayın

  •   Onların bu sahə üzrə təhsili var? Bu təhsilə körpələrə bilik vermək, ilk yardım və ürək-ağciyər reanimasiyası daxildir.

  •   Uşağa baxacaq kəslərin hansınınsa kriminal keçmişi olmayıb?

  •   Bu müəssisədə işçilər tez-tez dəyişdirilir? İşçilərin tez-tez dəyişdirilməsi o deməkdir ki, uşaq həmişə yeni dayələrə alışmalı olacaq.

  •   Müəssisədə nə qədər dayə çalışır? Əgər dayə azdırsa, deməli, uşağa lazımından az diqqət göstəriləcək. Uşağın diqqətə olan ehtiyacı isə onun yaşından və bacarığından asılıdır.

  •   Dayələr sizi, yaxud özlərini narahat edən məsələlər barədə danışmağa meyillidirlər?

a Məsələn, uşaq vaxtının çoxunu televizor qarşısında keçirir, yoxsa uşağın əqli və fiziki inkişafı üçün hansısa məşğələlər keçirilir?