Kontentə keç

Mündəricatı göstər

Hekayə 3

İlk kişi və qadın

İlk kişi və qadın

BU ŞƏKİL əvvəlkindən nə ilə fərqlənir? Bəli, burada insanları görürük. Onlar ilk kişi və qadındır. Bəs onları kim yaradıb? Əlbəttə, Allah. Sən Onun adını bilirsən? Allahın adı Yehovadır. Kişinin adı Adəm, qadınınkı isə Həvvadır.

Yehova Allah Adəmi belə yaratdı: O, yerdən bir qədər torpaq götürdü və ondan kamil insan bədəni düzəltdi. Sonra Allah onun burnuna üfürdü və Adəm yaşamağa başladı.

Yehova Allah Adəmə bir iş tapşırdı. O, bütün heyvanlara ad verməli idi. Görünür, heyvanların hamısına uyğun ad seçmək üçün Adəm onları uzun müddət müşahidə etmişdi. O, heyvanlara ad verərkən bir şeyə diqqət yetirməyə başladı. Bilirsən nəyə?

Heyvanların hamısı cüt yaşayırdı. Bağda ata fil və ana fil, ata şir və ana şir vardı. Amma Adəmə bənzəyəni yox idi. Bunun üçün, Yehova Adəmi dərin yuxuya verdi, sonra onun qabırğalarından birini götürdü. Yehova həmin qabırğadan bir qadın düzəltdi və o, Adəmin arvadı oldu.

Adəm necə də xoşbəxt idi! Həvvanın da nə qədər xoşbəxt olduğunu təsəvvür et. Axı Yehova ona da gözəl bağda yaşamağa icazə verdi! İndi onların uşaqları ola bilərdi və onlar birlikdə xoşbəxt yaşaya bilərdilər.

Yehova istəyirdi ki, Adəmlə Həvva əbədi yaşasın və bütün yer üzünü Eden bağı kimi gözəl etsinlər. Yəqin Adəmlə Həvva bu haqda düşünəndə çox sevinirdilər. Sən də bütün dünyanı gözəl bir bağ halına salmaq istəməzdinmi? Lakin Adəmlə Həvvanın sevinci çox çəkmədi. Gəl bunun səbəbini öyrənək.