Kontentə keç

Mündəricatı göstər

FƏSİL 119

İsa Məsih — yol, həqiqət, həyat

İsa Məsih — yol, həqiqət, həyat

YƏHYA 14:1—31

  • İSA MƏSİH YER HAZIRLAMAĞA GEDİR

  • MƏSİH DAVAMÇILARINA KÖMƏKÇİ VERƏCƏYİNİ VƏD EDİR

  • ALLAH İSA MƏSİHDƏN BÖYÜKDÜR

İsa Məsih hələ də yuxarı otaqda həvariləri ilə bir yerdədir. Məsih onları ruhlandırır: «Qoy ürəyiniz narahat olmasın. Allaha da iman edin, mənə də» (Yəhya 13:36; 14:1).

İsa Məsih göyə qalxandan sonra həvariləri buna görə narahat olmamalıdırlar. Bunun səbəbini İsa Məsih onlara belə izah edir: «Atamın evində qalmağa yer çoxdur... Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız». Lakin həvarilər onun göyə gedəcəyindən danışdığını başa düşmürlər. Həvari Tomas deyir: «Ağa, biz sənin hara getdiyini bilmirik, yolu haradan bilək?» (Yəhya 14:2—5).

İsa Məsih cavab verir: «Yol, həqiqət və həyat mənəm». Bəli, yalnız İsa Məsihi və təlimlərini qəbul edən, həmçinin onun nümunəsini izləyən insan onun Atasının evinə girə bilər. O deyir: «Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).

Ona diqqətlə qulaq asan həvari Filip xahiş edir: «Ağa, bizə Atanı göstər, bəsimizdir». Qədimdə Allah Musa peyğəmbərə, İlyas peyğəmbərə və Əşiya peyğəmbərə görüntülərdə görünmüşdü. Yəqin, həvari Filip də istəyir ki, İsa Məsih onlara Allahı bu cür göstərsin. Lakin həvarilərdə bu görüntülərdən də yaxşı bir şey var. İsa Məsih bunu vurğulayaraq izah edir: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb». İsa Məsih Atasının xüsusiyyətlərini o dərəcədə mükəmməl əks etdirir ki, onunla olmaq və onu müşahidə etmək Allahı görməyə bərabərdir. Ancaq sözsüz ki, Ata Oğuldan qat-qat üstündür. İsa Məsih bunun doğruluğunu belə vurğulayır: «Sizə dediyim sözləri özümdən demirəm» (Yəhya 14:8—10). Bəli, o verdiyi təlimlərin Allahdan olduğunu göstərir və həvarilər də bunun şahididir.

Həvarilər İsa Məsihin möhtəşəm işlərini görüblər və onun Padşahlıq haqqında xoş xəbəri təbliğ etdiyini eşidiblər. İndi Məsih onlara deyir: «Mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək» (Yəhya 14:12). Bu, o demək deyil ki, həvarilər İsa peyğəmbərin möcüzələrindən də böyük möcüzələr göstərəcəklər. Xeyr, o demək istəyir ki, onlar ondan da çox müddət ərzində, daha çox ərazidə və daha çox insana təbliğ edəcəklər.

İsa Məsih gedəndən sonra həvarilərini başlı-başına buraxmayacaq. O vəd edir: «Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm». Bundan əlavə o deyir: «Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi verəcək. O, əbədiyyən sizinlə olacaq. Bu köməkçi həqiqət ruhudur» (Yəhya 14:14, 16, 17). Məsih davamçılarına zəmanət verir ki, onlar başqa bir köməkçi, müqəddəs ruh alacaqlar. Bu, Əllinci gün bayramında olur.

İsa peyğəmbər deyir: «Bir azdan dünya artıq məni görməyəcək, siz isə görəcəksiniz, mən yaşadığım üçün siz də yaşayacaqsınız» (Yəhya 14:19). Bəli, İsa peyğəmbər dirildikdən sonra onlara cismani bədəndə görünəcək və vaxtı çatanda göydə onunla birlikdə ruhani varlıqlar kimi yaşamaları üçün onları dirildəcək.

İndi isə İsa peyğəmbər sadə bir həqiqəti açıqlayır: «Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm». Bu zaman Taday ləqəbli Yəhuda soruşur: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?» Məsih cavab verir: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək... Məni sevməyən isə sözümə əməl etmir» (Yəhya 14:21—24). Məsihin itaətkar davamçılarından fərqli olaraq, dünya onun yol, həqiqət və həyat olduğunu qəbul etmir.

Bir azdan İsa Məsih onlardan ayrılacaq. Bəs onlar onun bütün öyrətdiklərini necə yada salacaqlar? Məsih izah edir: «Köməkçi, yəni Atanın mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq». Həvarilər müqəddəs ruhun gücünü görüblər və buna görə bu sözlər onlara təsəlli verir. İsa peyğəmbər deyir: «Sizə sülh verirəm, öz sülhümü sizə bağışlayıram... Qoy ürəyiniz narahat olmasın, qorxmayın» (Yəhya 14:26, 27). Həvarilərin narahat olmamaları üçün əsaslı səbəbləri var. Onlar Məsihin Atasının rəhbərliyi və müdafiəsi altında olacaqlar.

Allahın onlara sipər olduğunu tezliklə hiss edəcəklər. Peyğəmbər deyir: «Bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur» (Yəhya 14:30). İblis Yəhuda İskəryutun içinə girib onu öz təsiri altında saxlaya bilmişdi. İsa Məsihi isə Allahdan döndərə bilməz, çünki Məsihin zərrə qədər də olsun, günaha meyili yoxdur. İblis əbədiyyən İsa Məsihi ölüm buxovunda saxlaya bilməz. Nəyə görə? İsa Məsih deyir: «Hər şeyi Atamın mənə buyurduğu kimi edirəm». O əmindir ki, Yehova Allah onu dirildəcək (Yəhya 14:31).