Kontentə keç

Mündəricatı göstər

Nəyə inandığınızın əhəmiyyəti var?

Nəyə inandığınızın əhəmiyyəti var?

Sizcə, həyatın mənası var? Təkamülçü Vilyam Provayn deyir: «Təkamül prosesi haqqında öyrəndiklərimiz bizim üçün böyük əhəmiyyət kəsb etdiyinə görə həyatımızın mənasına təsir göstərir». O hansı nəticəyə gəlir? «İnsanların və ya Kainatın mövcudluğunda heç bir məna görə bilmirəm»32.

Gəlin bu sözlərin üzərində bir az dərindən düşünək. Əgər həyatın heç bir mənası yoxdursa, onda belə çıxır ki, həyatımızın məqsədi ancaq bəzi yaxşı işləri görməkdən və irsi xüsusiyyətlərimizi gələcək nəslə ötürməkdən ibarətdir. Öləndən sonra biz əbədilik yox olacağıq. Düşünmək, nəticə çıxarmaq və həyatda məna axtarmaq xüsusiyyəti olan beynimiz sadəcə təbiətin «təsadüfi» məhsuludur.

Bu hələ son deyil. Təkamülə inananların çoxu hesab edir ki, Allah mövcud deyil. Mövcud olsa da, insanlarla maraqlanmır. Belə olan halda, bizim gələcəyimiz siyasətçilərin, alimlərin və din rəhbərlərinin əlində olmuş olur. Onların əməllərini nəzərə alsaq, belə çıxır ki, xaos, ədavət və korrupsiya insan cəmiyyətinin ayrılmaz hissəsi olaraq qalacaq. Və əgər təkamül həqiqətdirsə, onda bizə növbəti sözlərlə razılaşmaqdan başqa bir şey qalmır: «Gəlin yeyib-içək, onsuz da sabah öləcəyik» (1 Korinflilərə 15:32).

Lakin bunun əksinə, Müqəddəs Kitabda deyilir ki, «həyat mənbəyi» Allahdır (Zəbur 36:9). Bu sözlərdə böyük məna var.

Əgər Müqəddəs Kitabın dedikləri həqiqətdirsə, deməli, həyat mənasız deyil. Yaradanımızın iradəsinə uyğun yaşamaq istəyən hər kəs üçün Onun gözəl niyyəti var (Vaiz 12:13). Allahın bu niyyətinə əsasən Onun quracağı yeni dünyada xaosun, ədavətin, korrupsiyanın, hətta ölümün belə əsər-əlaməti qalmayacaq (Zəbur 37:10, 11; Əşiya 25:6—8).

Buna görə də, bütün dünyada milyonlarla insan inanır ki, həyata məna qatan Allah haqqında biliyə yiyələnmək və Ona itaət etməkdir! (Yəhya 17:3). Bu, xülya deyil. Çünki hər şey tamamilə aydındır — həyatın Yaradanı var.