Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Həyatım getdikcə daha da betər olurdu»

«Həyatım getdikcə daha da betər olurdu»
  • DOĞULDUĞU İL: 1952

  • ÖLKƏ: AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI

  • KEÇMİŞDƏ: KOBUD, TEZ ÖZÜNDƏN ÇIXAN

KEÇMİŞİM.

Mən ABŞ-ın Los-Anceles şəhərində, narkotiklərə və küçə bandalarına görə pis ad çıxarmış məhəllələrdə böyümüşəm. Ailədə altı uşaqdan ikincisi idim.

Anam bizə dini tərbiyə verirdi, yevangelist kilsəsinin üzvləri idik. Ancaq yeniyetmə yaşında ikili həyat sürməyə başladım. Bazar günləri kilsə xorunda oxuyurdum, həftənin qalan günləri isə partilərdən çıxmırdım, narkotiklərə qurşanmışdım və əxlaqsız həyat sürürdüm.

Ümumiyyətlə kobud insan idim, tez özümdən çıxırdım. Qalib gəlmək istəyirdimsə, qabağımı heç nə kəsə bilməzdi. Kilsədə eşitdiklərimin mənə xeyri dəymirdi. Mən deyirdim: «Qisas Allahındır, mən də Onun əlində qisas alətiyəm!» 1960-cı illərin axırlarında yuxarı sinifdə oxuyan vaxt «Qara panteralar» adlı siyasi qrupun təsiri altına düşmüşdüm. Bu qrup qaradərililərin haqları üçün zorakı yollarla mübarizə aparırdı. Mən də vətəndaş hüquqları uğrunda mübarizə aparan tələbə birliyinə qoşuldum. Biz dəfələrlə etiraz aksiyaları təşkil edirdik və buna görə də məktəbimizi müvəqqəti bağlayırdılar.

Etiraz aksiyaları kobud və qaniçən istəklərimi qane etmirdi. Mən cinayət törətməyə başladım. Bir dəfə dostlarımla keçmişdə afrikalı qulların ABŞ-da çəkdiyi zülmlərə həsr olunmuş bir neçə filmə baxdıq. Bu haqsızlıqları görəndən sonra elə kinoteatrda oturan ağdərili cavanların üstünə hücum çəkdik. Sonra daha çox adam döymək üçün ağdərililər yaşayan məhəllələrə getdik.

İyirmi yaşına hələ çatmamış qardaşlarımla mən əməlli başlı «xuliqan» adı çıxarmışdıq. Hökumətlə başımız bəlada olurdu. Digər qardaşım pis ad çıxarmış bir bandanın üzvü idi, mən də onlara qoşuldum. Həyatım getdikcə daha da betər olurdu.

MÜQƏDDƏS KİTAB HƏYATIMI NECƏ DƏYİŞDİ.

Bir dostumun valideynləri Yehovanın Şahidi idi. Onlar məni yığıncaq görüşlərinə dəvət etdilər, mən də getdim. Şahidlərin başqa adamlardan fərqləndiyini o saat gördüm. Hamının əlində Müqəddəs Kitab vardı, görüş vaxtı ayələri açırdılar, gənclər belə, səhnədən çıxış edirdilər! «Yehova» adını ilk dəfə eşidəndə və biləndə ki, bu, Allahın adıdır, təsirləndim (Zəbur 83:18). Yığıncaq müxtəlif millətlərin nümayəndələrindən ibarət idi, amma onların arasında milli və ya irqi münaqişə yox idi.

Müqəddəs Kitabı hələ öyrənmək istəmirdim, amma yığıncaqlara məmnuniyyətlə gedirdim. Bir dəfə mən yığıncaqda ikən, dostlarım konsertə getdilər. Orada bir yeniyetmə oğlanı bərk döyüb öldürdülər, nə var nə var oğlan onlara öz dəri gödəkcəsini vermək istəməmişdi. Səhərisi dostlarım adam öldürdükləri ilə öyünürdülər. Hətta məhkəmədə belə cinayət törətdiklərinə gülürdülər. Onların əksəriyyətinə ömürlük həbs cəzası kəsildi. Sözsüz, o axşam onlarla olmadığıma çox sevinirdim. Həyatımı dəyişmək qərarına gəldim və Müqəddəs Kitabı öyrənməyə razılıq verdim.

Həyatımda insanların bir-birinə irqi zəmində qərəz bəslədiklərinin o qədər şahidi olmuşam ki, Yehovanın Şahidləri arasındakı münasibəti gördükcə gözlərimə inana bilmirdim. Misal gətirim: Ağdərili qardaş iş dalınca başqa yerə səfər etməli olanda uşaqlarını qaradərili ailəyə tapşırdı. Başqa bir ağdərili ailə evsiz bir qaradərili oğlana evlərində yaşamağı təklif etdi. Yehovanın Şahidləri doğrudan da İsanın Yəhya 13:35 ayəsində dediyi sözlərə uyğun yaşayırdılar: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz». Bunu öz gözümlə görüb əmin oldum ki, əsl ailə, qardaşlıq tapmışam.

Düşüncəmi dəyişməli idim ki, sadəcə sülhpərvər olmayım, bunun ən yaxşı həyat yolu olduğunu başa düşüm

Müqəddəs Kitabı öyrəndikcə başa düşdüm ki, mütləq düşüncəmi dəyişməliyəm. Yəni sülhpərvər davranmalı, həmçinin bunun ən yaxşı və düzgün həyat yolu olduğunu dərk etməli idim (Romalılara 12:2). Ruhani addımlar atmağa başladım. 1974-cü ilin yanvarında Yehovanın Şahidi kimi vəftiz olundum.

Vəftizdən sonra da xasiyyətim üzərində işləməyə davam etməli idim. Məsələn, bir dəfə xidmətdə ev-ev təbliğ edən zaman maşınımdan radio-maqnitofon oğurlandı. Mən hər şeyi atıb oğrunun dalınca qaçmağa başladım. Onu tutmağa az qalmış, o, radionu yerə atıb gözdən itdi. Bacı-qardaşlara radiomu necə geri aldığımı danışanda bir ağsaqqal soruşdu: «Stiven, bəs oğrunu tutsaydın, nə edəcəkdin?» Bu sual məni düşündürdü. Mən hələ tam olaraq sülhpərvər deyildim. Bunun üzərində işləməyə davam etməli idim.

1974-cü ilin oktyabrında tammüddətli xidmətə başladım. Hər ay insanları Müqəddəs Kitabla tanış etməyə 100 saat vaxt ayırırdım. Bir müddət sonra mənə hətta Yehovanın Şahidlərinin Nyu-Yorkdakı baş idarəsində könüllü kimi xidmət etmək şərəfi nəsib oldu. 1978-ci ildə xəstə anama baxmaq üçün Los-Ancelesə qayıtmalı oldum. İki ildən sonra Aronda ilə evləndik. Son nəfəsinə kimi anama qulluq elədik. Aronda mənə böyük dayaq oldu. Sonra onunla bir yerdə Gilad məktəbini bitirdik və Panamaya təyinat aldıq. İndiyədək burada xüsusi təyinatlı müjdəçi kimi xidmət edirik.

Vəftizdən sonra dəfələrlə məni özündən çıxaracaq vəziyyətlərlə üzləşmişəm. Belə hallarda məni qızışdırmaq istəyən adamlardan uzaqlaşmağı və ya gərginliyi digər yollarla azaltmağı öyrəndim. Çoxları, o cümlədən, arvadım bu cür vəziyyətləri yoluna qoya bildiyimə görə məni tərifləyir. Özüm də özümə təəccüb edirəm. Xasiyyətimdəki bu dəyişikliklərə öz gücüm sayəsində nail olmamışam. Onlar bir daha sübut edir ki, Müqəddəs Kitab insanları dəyişməyə qadirdir (İbranilərə 4:12).

MƏNƏ FAYDASI.

Müqəddəs Kitab həyatımı mənalı etdi və mənə sülhpərvər olmağı öyrətdi. Mən artıq insanları döymürəm. İndi onlara ruhani şəfa tapmağa kömək edirəm. Hətta məktəbdən mənə düşmən kəsilən bir oğlana Müqəddəs Kitabı öyrətmişəm. O, vəftiz olunandan sonra bir müddət bir evdə yaşamışıq. Bu günə kimi möhkəm dostuq. Həyat yoldaşımla 80-dən çox adamla Müqəddəs Kitabı öyrənərək onlara Yehovanın Şahidi olmağa kömək etmişik.

Yehova Allahımıza hədsiz dərəcədə minnətdaram. O, mənim həyatıma böyük məna qatdı, mənə sevinc, həqiqi dostlar bəxş etdi.