Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | KORRUPSIYASIZ HÖKUMƏT

Allahın Padşahlığı. Korrupsiyasız hökumət

Allahın Padşahlığı. Korrupsiyasız hökumət

Nikaraqua Respublikasının auditorlar palatasının sədri hökumətdə korrupsiyanın kökünü kəsməyin nəyə görə mümkün olmadığını belə izah edir: «Korrupsiyanın yaranmasının əsas səbəbi dövlət məmurlarının da ölkənin vətəndaşları olmalarıdır. Vətəndaşların hamısı isə cəmiyyətin məhsuludur».

Əgər cəmiyyət mənəvi cəhətdən pozulubsa, ondan yaranan hökumət də belə olacaq. Deməli, korrupsiyasız hökumət insan cəmiyyətinə aid olmayan bir hökumət olmalıdır. Müqəddəs Kitabda da məhz belə bir hökumət — Allahın qurduğu hökumət barədə danışılır. İsa peyğəmbər davamçılarına onun gəlməsi barədə dua etməyi buyurmuşdu (Matta 6:9, 10).

Allahın səmavi Padşahlığı real hökumətdir. O, bütün insan hökumətlərini əvəz edəcək (Məzmur 2:8, 9; Vəhy 16:14; 19:19—21). Allahın Padşahlığının görəcəyi işlərdən biri də korrupsiyanın məhvi olacaq. Gəlin bunu sübut edən altı amili nəzərdən keçirək.

1. DÖVLƏTİN GÜCÜ

PROBLEM. Bəşər hökumətləri, əsas etibarilə, vətəndaşlarından yığdığı vergilər hesabına maliyyələşir. Bu qədər pulu görən bəzi vəzifəli şəxslər oğurluq edir, digərləri isə kimlərinsə vergilərini və ya ödənişlərini azaltmaq üçün rüşvət alır. Dövlət isə, öz növbəsində, vurulan ziyanı aradan qaldırmaq üçün vergiləri qaldırır, bu da korrupsiya hallarının artmasına gətirib çıxarır. Bunun altını çəkən isə günahsız insanlar olur.

HƏLLİ. Səmavi hökumət gücünü Külli-İxtiyar Yehovadan * alır (Vəhy 11:15). Onun fəaliyyət göstərməsi üçün vergi yığılmasına ehtiyac yoxdur. Əksinə, qüdrətli və səxavətli Allah əmin edir ki, Onun hökuməti bütün təbəələrinin ehtiyaclarını ödəyəcək (Yeşaya 40:26; Məzmur 145:16).

2. DÖVLƏTİN RƏHBƏRİ

PROBLEM. Əvvəlki məqalədə adı çəkilən Syuzan Ros-Akermanın fikrincə, korrupsiyanı yox etmək üçün «yuxarıdan başlamaq lazımdır». Hökumətin polis və gömrük işçiləri arasında korrupsiyanın kökünü kəsməyə çalışdığı halda, yuxarıda oturan şəxslər arasında buna yol verməsi onu etibardan salır. Hətta etik qaydalarına riayət edən ən yaxşı rəhbər belə, səhvsiz deyil. Allahın Kəlamında yazılıb: «Yer üzündə elə saleh adam yoxdur ki, yalnız yaxşılıq edib heç bir günah etməsin» (Vaiz 7:20).

İsa peyğəmbər indiyə kimi təklif olunan ən böyük rüşvətdən imtina etdi

HƏLLİ. Allah Öz hökumətinə günahsız, pak rəhbər — İsa Məsihi təyin edib. Günaha meyilli insanlardan fərqli olaraq, bu rəhbər Allahın bəyənmədiyi işləri görməyə tamah salmır. İsa Məsih bunu ən böyük rüşvətdən — dünyanın bütün padşahlıqlarından və şan-şöhrətindən imtina etməklə sübut edib. Bu dünyanın hökmdarı İblis İsa Məsihə söz vermişdi ki, bütün bunları ona baş əyməyin qarşılığında verəcək (Matta 4:8—10; Yəhya 14:30). Üstəlik, ölüm ayağında əzab çəkəndə belə, İsa Məsih paklığını qorumaq istədiyi üçün uyuşdurucu maddədən imtina etdi. Çünki bu, ona hisslərini ayıq başla idarə etməyə mane olacaqdı (Matta 27:34). Bəli, Allahın dərgahına qaldırılan İsa Məsih sübut etdi ki, Padşahlığı idarə etməyə tam yararlıdır (Filipililərə 2:8—11).

3. DÖVLƏTİN SABİTLİYİ

PROBLEM. Əksər ölkələrdə müntəzəm olaraq seçkilər keçirilir. Bunun məqsədi xalqa korrupsioner məmurları vəzifələrindən uzaqlaşdırmağa imkan verməkdən ibarətdir. Amma inkişaf etmiş ölkələrdə belə, seçkiqabağı kampaniyalar və seçkilərin özü korrupsiyaya zəmin yaradır. Varlı insanlar bu cür kampaniyalara pul buraxıb öz adamlarını qabağa çəkir, sonra da onlardan istədiyi kimi istifadə edirlər.

Birləşmiş Ştatlar Ali Məhkəməsinin hakimi Con Pol Stivensin təbirinə görə, seçkilərin gedişatına təsirin olması «yalnız hökumətin qanunvericiliyini və vəziyyətini yox, insanların etibarını da təhlükə altına qoyur». Buna görə də əksər insanların korrupsiyanın ən çox yayıldığı qurumun siyasi partiyalar olduğunu hesab etməsi heç də təəccüblü deyil.

HƏLLİ. Allahın Padşahlığı sabit, əbədi hökumət olduğu üçün seçkiqabağı kampaniyalardan və səslərin saxtalaşdırılmasından söz gedə bilməz (Daniel 7:13, 14). Onun rəhbərini Allah seçdiyi üçün bu hökumət seçkilərdən asılı deyil. Onun sabitliyi zəmanət verir ki, gördüyü işlər insanlara əbədiyyən xeyir gətirəcək.

4. DÖVLƏTİN QANUNLARI

Allahın qurduğu səmavi hökumət uydurma deyil

PROBLEM. İlk baxışdan adama elə gələ bilər ki, yeni qanunların qəbul edilməsi vəziyyəti yaxşılaşdıra bilər. Lakin mütəxəssislər hesab edirlər ki, qanunların sayının artması çox vaxt korrupsiya hallarının artmasına şərait yaradır. Üstəlik, bu qanunların tətbiqi üçün küllü miqdarda pul lazımdır, amma bu, yaxşı nəticələr əldə olunacağına zəmanət vermir.

HƏLLİ. Allahın qurduğu hökumətin qanunları bəşər hökumətlərinin qanunlarından qat-qat üstündür. Məsələn, İsa Məsih qaydalardan ibarət uzun siyahı yox, Qızıl Qanun adlanan qanun verdi. Orada deyilir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Matta 7:12). Ən əsası isə, bu hökumətin qayda-qanunları insanın həm hərəkətinə, həm də niyyətinə təsir edir. Misal üçün, İsa Məsih: «Qonşunu özün kimi sev», — deyib (Matta 22:39). Əlbəttə ki, belə qanunlara riayət edib-etməməyimiz ürəklərə bələd olan Allahın gözündən yayınmır (1 Şamuel 16:7).

5. DÖVLƏTİN NİYYƏTİ

PROBLEM. İnsanları korrupsiyaya tamahkarlıq və xudbinlik kimi xüsusiyyətlər sövq edir. Məmurlarda da, sıravi vətəndaşlarda da bu keyfiyyətləri tez-tez görmək olar. Əvvəlki məqalədə qeyd olunan Seuldakı hadisədən görünür ki, podratçıların dövlət məmurlarına rüşvət vermələrinin səbəbi pullarına qənaət etmək idi. Çünki onlar bilirdilər ki, bu, keyfiyyətli tikinti materialları almaqdan və təhlükəsizlik qaydalarına riayət etməkdən daha ucuz başa gələcək.

Deməli, korrupsiyanın kökünü kəsmək üçün insanlar daxillərindəki xudbinliyi və nəfsi öldürməlidirlər. Bunu aşılamaq üçün insanlara təlim proqramları keçirilməlidir. Lakin hökumətin bu cür proqramları təşkil etməyə nə istəyi, nə də bacarığı var.

HƏLLİ. Allahın Padşahlığı korrupsiya məsələsini kökündən həll etməyə başlayıb. Bu hökumət insanlara buna gətirib çıxaran pis cəhətlərinin öhdəsindən gəlməyi öyrədir *. Bu təlim onlara «ruhən və əqlən» yeniləşməyə kömək edir (Efeslilərə 4:23). Onlar tamahkar və xudbin olmaq əvəzinə, nələri varsa, qane olmağı və başqalarını düşünməyi öyrənirlər (Filipililərə 2:4; 1 Timoteyə 6:6).

6. DÖVLƏTİN VƏTƏNDAŞLARI

PROBLEM. Hətta ən yaxşı mühit olsa belə, ən düzgün təlim-tərbiyə verilsə belə, bəziləri yenə də nadürüst və rüşvətxor çıxacaq. Mütəxəssislər etiraf edir ki, hökumət korrupsiyanı məhz bu səbəbə görə aradan qaldıra bilmir. Hökumətin ümidi ona qalır ki, heç olmasa, korrupsiyanın miqyasını və onun vurduğu zərəri minimuma endirsin.

HƏLLİ. BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında qeyd olunur ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün hökumət öz vətəndaşlarını «dürüst, vicdanlı və məsuliyyətli» olmağa təşviq etməlidir. Bu, gözəl məqsəddir. Amma Allahın Padşahlığı sadəcə buna təşviq etmir o, öz təbəələrindən bunu tələb edir. Allahın Kəlamında deyilir ki, tamahkarlar və yalançılar Allahın Padşahlığının təbəələri olmağa layiq deyillər (1 Korinflilərə 6:9—11; Vəhy 21:8).

Belə yüksək əxlaq normalarına riayət etməyi öyrənmək mümkündür. Allahın birinci əsrdəki sadiq bəndələri bunun mümkün olduğunu sübut etmişdilər. Məsələn, Şimon adlı bir nəfər həvarilərə pul təklif edib möcüzə göstərmək bacarığını almaq istəyəndə onlar rüşvətdən imtina edib demişdilər: «Bu pisliyin üçün tövbə et». Şimon niyyətinin pis olduğunu dərk edəndə həvarilərdən onun üçün dua etməyi xahiş etmişdi (Həvarilərin işləri 8:18—24).

PADŞAHLIĞIN VƏTƏNDAŞI NECƏ OLA BİLƏRİK?

Milliyyətindən asılı olmayaraq, hər bir insanın Allahın Padşahlığının vətəndaşı olmaq imkanı var (Həvarilərin işləri 10:34, 35). Allahın Padşahlığının təqdim etdiyi təlim proqramı sizə bunun yolunu göstərəcək. Bu təlimi dünyanın bütün yerlərində pulsuz-təmənnasız almaq mümkündür. Yehovanın Şahidləri böyük məmnuniyyətlə Müqəddəs Kitaba əsaslanan dərslərin necə keçirildiyini sizə göstərə bilərlər. Bu sizin həftə ərzində cəmi 10 dəqiqə vaxtınızı alacaq. Həmin dərslərdə siz bir çox şeylərlə yanaşı, Allahın Padşahlığı haqda xoş müjdəni öyrənəcəksiniz. Həmçinin onun korrupsiyanı necə aradan qaldıracağı barədə ətraflı məlumat alacaqsınız (Luka 4:43). Biz sizi ərazinizdə yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlamağa və ya jw.org adlı rəsmi veb-saytımıza daxil olmağa dəvət edirik.

Müqəddəs Kitabı pulsuz öyrənmək istəyərdiniz?

^ abz. 8 Müqəddəs Yazılara əsasən, Allahın adı.

^ abz. 22 Nümunə üçün «Gözətçi qülləsi» jurnalının 2012-ci il 1 oktyabr sayındakı «Dürüst olmaq mümkündürmü?» adlı məqaləyə baxın.