Kontentə keç

Mündəricatı göstər

MÜSAHİBƏ | FAN YU

Proqram tərtibatçısı imanı haqda danışır

Proqram tərtibatçısı imanı haqda danışır

DR. FAN YU öz karyerasına Pekin yaxınlığında yerləşən Çin Atom Enerji İnstitutunda riyaziyyat sahəsində elmi tədqiqatçı olaraq başlayıb. Həmin vaxt o, ateist idi və təkamül nəzəriyyəsinə inanırdı. Amma indi Dr. Yu inanır ki, dünya Allah tərəfindən yaradılıb. Dr. Fan Yu öz imanı haqda «Oyanın!» jurnalına müsahibə verib.

Bizə bir az özünüz haqda danışın.

Mən 1959-cu ildə Çinin Cianqşi əyalətinin Fuçjou şəhərində anadan olmuşam. Mənim haradasa səkkiz yaşım olanda «mədəni inqilab»ın təsiri bütün ölkəni bürümüşdü. Atam mühəndis idi. Onu ucqar əraziyə dəmir yolu salmağa göndərmişdilər. O, yalnız ildə bir dəfə bizi görməyə gələ bilirdi. Bu, illərlə belə davam elədi. Anam ibtidai sinif müəlliməsi idi. Biz elə onun işlədiyi məktəbdə qalırdıq. 1970-ci ildə biz Yüfanqa (Linçvan rayonu) köçməli olduq. Həmin illərdə bura ərzağın tapılmadığı ən kasıb kənd idi.

Valideynləriniz hansı dinə qulluq edirdi?

Atam nə din, nə də siyasətlə maraqlanmırdı. Anam isə buddist idi. Məktəbdə öyrənmişdim ki, həyat təbii proseslər nəticəsində meydana gəlib və mən müəllimlərimin dediyinə inanırdım.

Riyaziyyata olan marağınız haradandır?

Riyaziyyat fənninin vurğunu idim. Çünki bu fənn doğrunu axtarıb tapmaq üçün məntiq işlətməyi tələb edir. Mən 1976-cı ildə, inqilabın başçısı Mao Tszedun öləndən bir müddət sonra instituta daxil oldum. Əsas fənn kimi riyaziyyatı seçmişdim. Magistr dərəcəsi alandan sonra ilk işim nüvə reaktorlarının quruluşu üzrə riyazi araşdırma aparmaqdan ibarət idi.

Müqəddəs Kitabla ilk tanışlığınız necə olub?

1987-ci ildə Texas A&M Universitetində doktorantura təhsili almaq üçün Birləşmiş Ştatlara gəldim. Bilirdim ki, Amerikada insanların çoxu Allahın varlığına və Müqəddəs Kitaba inanır. Həm də eşitmişdim ki, Müqəddəs Kitabda çox gözəl məsləhətlər var. Odur ki, onu oxumağı qərara aldım.

Müqəddəs kitabın təlimləri praktiki səslənirdi. Ancaq kitabın bəzi hissələri mənə qəliz gəldi və tezliklə onu oxumağı dayandırdım.

Necə oldu ki, Müqəddəs Kitaba yenidən maraq göstərdiniz?

Yaradanın olması fikri mənim üçün yeni bir şey idi, odur ki, mən bu haqda şəxsən araşdırma aparmaq qərarına gəldim.

1990-cı ildə Yehovanın Şahidi olan bir nəfər qapımı döydü və mənə bəşəriyyəti gözləyən gözəl gələcək haqda danışdı. O, mənə Müqəddəs Kitab dərsi keçməyi bir ər-arvada tapşırdı. Daha sonra, həyat yoldaşım Lipinq Müqəddəs Kitabı öyrənməyə başladı. O, Çində orta məktəbdə fizika fənni üzrə dərs deyirdi və mənim kimi, o da ateist idi. Biz Müqəddəs Kitabın həyatın yaranması ilə bağlı nə dediyini öyrəndik. Yaradanın olması fikri mənim üçün yeni bir şey idi, odur ki, mən bu mövzuda şəxsən araşdırma aparmaq qərarına gəldim.

Araşdırmanı necə apardınız?

Bir riyaziyyatçı kimi, hadisələrin ola bilmə ehtimalını hesablamaq mənim peşəmdir. Mən həmçinin bilirdim ki, həyatın kortəbii şəkildə yaranması üçün zülallar artıq əvvəlcədən mövcud olmalı idi. Beləcə, bir zülalın öz-özünə yaranma ehtimalını hesablamağa çalışdım. Zülallar ən mürəkkəb quruluşa malik olan molekulların sırasındadır və canlı hüceyrələr bir-biri ilə çox nizamlı şəkildə qarşılıqlı təsirdə olan minlərlə müxtəlif zülallardan ibarətdir. Mən dərk etdim ki, zülalların kortəbii şəkildə əmələ gəlməsi mümkün olan şey deyil. Təkamül nəzəriyyəsində hələ bir dənə də olsun, kitaba rast gəlməmişəm ki, bu qədər mürəkkəb quruluşa malik molekulların öz-özünə yaranmasını məntiqli və qaneedici şəkildə izah edə bilsin. Qaldı ki, əsasən zülallardan ibarət olan canlı orqanizmlərin əmələ gəlməsini izah etsin! Bu faktlar açıq-aşkar Yaradanın olmasına işarə edirdi.

Müqəddəs Kitabın Allahdan nazil olduğuna sizi nə əmin etdi?

Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırdıqca öyrəndim ki, orada xırdalığına qədər yerinə yetmiş çoxlu peyğəmbərliklər qələmə alınıb. Müqəddəs Kitabdakı prinsiplərə uyğun davrandıqca onların xeyrini gördüm. Mən məəttəl qalırdım: Müqəddəs Kitabın min illər öncə yazılmasına baxmayaraq, necə olur ki, oradakı məsləhətlər bu gün də işə yarayır. Tədricən Müqəddəs Kitabın, doğrudan da, Allahın Kəlamı olduğuna əmin oldum.

Allahın varlığına indi sizi nə əmin edir?

Təbiətdəki bir çox elementlərə nəzər salanda Yaradanın varlığını qəbul etməkdən başqa çıxış yolum qalmır. Hal-hazırda mən kompüterlər üçün bir proqram yaradıram. Hər dəfə insan beyninin kompüterdən nə qədər üstün olduğunun şahidi olduqca məni heyrət bürüyür. Misal üçün, bizim beynimizin nitqi anlamaq bacarığı son dərəcə valehedicidir. Əksəriyyətimiz kimsə danışarkən hətta yarımçıq cümlələr qurursa, öskürürsə, kəkələyirsə, ləhcə ilə danışırsa, səsi əks-səda verirsə, danışarkən ətrafda əlavə səs-küy olursa və ya telefonda xışıltı yaranırsa belə, danışılanı asanlıqla başa düşə bilirik. Yəqin deyəcəksiniz bunda qeyri-adi nə var ki?! Ancaq proqram tərtibatçıları buna başqa cür yanaşır. Çünki, ən mükəmməl nitq anlama proqramı belə, insan beyninə çata bilməz.

Ən mürəkkəb quruluşa malik olan kompüterlərdən fərqli olaraq, beynimiz insanın emosiyalarını ayırd edir, ləhcəni seçir və səsinə əsasən insanın kim olduğunu müəyyən edə bilir. Proqram tərtibatçıları kompüterlər üçün insan beyninin nitq anlama qabiliyyətini təqlid edən proqramlar yaratmaq məqsədilə araşdırmalar aparırlar. Əminliklə deyə bilərəm ki, bununla onlar əslində Allahın əl işlərini araşdırırlar.