Kontentə keç

Mündəricatı göstər

Peyğəmbərlər Allahı bizə tanıtmışlar

Peyğəmbərlər Allahı bizə tanıtmışlar

Qədimdə Allah peyğəmbərlərə mühüm xəbərlər nazil etmişdi. Bu xəbərlər vasitəsilə biz Allahdan nemət almağın üsullarını öyrənə bilərik. Gəlin görək üç peyğəmbərdən nə öyrənirik.

İBRAHİM PEYĞƏMBƏR

Allah ayrı-seçkilik etmir, bütün bəşəriyyətə nemət vermək istəyir.

Allah İbrahim peyğəmbərə vəd edib demişdi: «Yer üzünün bütün xalqları sənin vasitənlə mübarək olacaq» (Yaradılış 12:3).

Nə öyrənirik? Allah insanları çox sevir və Ona itaət edən hər kəsi — kişiləri, qadınları, uşaqları mübarək qılmaq istəyir.

MUSA PEYĞƏMBƏR

Allah rəhmlidir və Onu tanımaq istəyənlərə yar olur.

Qadir Allah Musa peyğəmbərə böyük möcüzələr göstərmək qüdrəti vermişdi. Bununla belə, peyğəmbər Allaha dua edib demişdi: «Xahiş edirəm, yollarını mənə aç, qoy Səni yaxşı tanıyım və bundan sonra da Səni razı salım» (Çıxış 33:13). Allah Musa peyğəmbərin bu xahişindən razı qalmış və ona Öz yollarını, xüsusiyyətlərini əyan etmişdi. Məsələn, peyğəmbər Allahın «rəhmli və mərhəmətli» olduğunu öyrənmişdi (Çıxış 34:6, 7).

Nə öyrənirik? Allah Onu tanımaq istəyən kəslərə — kişi, qadın və ya uşaq olmasından asılı olmayaraq, hər kəsə Özünü tanıdır. Kəlamında düzgün ibadətin yolunu göstərir və insanlara lütf göstərməyə hazır olduğunu bildirir.

İSA MƏSİH

İsa Məsih şəfqətlə hər cür xəstəliyə şəfa verirdi

İsa Məsih haqda, gördüyü işlər və təlimləri barədə öyrənmək Allahın əbədi nemətlərinə qapı açır.

Allahın Kəlamında İsa Məsihin həyatı və təlimləri haqqında geniş məlumat yer alır. Məsih Allahın gücü ilə böyük möcüzələr göstərirdi. Məsələn, korların gözünü, karların qulağını açır, şikəstlərə şəfa verirdi. Hətta ölüləri də dirildirdi. Bütün bunlar Allahın gələcəkdə bəşəriyyətə verəcəyi nemətlərin kölgəsi idi. İsa Məsih bu nemətləri almağın yolunu göstərərək demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

İsa Məsih şəfqətli, mehriban və xeyirxah idi. O, insanları səsləyib deyirdi: «Məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mətta 11:29) Kişili-qadınlı, qocalı-cavanlı hər kəs onun bu dəvətinə hay verib yanına axışırdı. Baxmayaraq ki, o dövrdə qadınlarla adətən pis rəftar edirdilər, İsa Məsih qadınlara qarşı hörmətcil və xeyirxah idi.

Nə öyrənirik? İsa Məsih insanlara dərin məhəbbət bəsləyirdi. O, insanlarla rəftarda bizə gözəl nümunə qoymuşdu.

İSA MƏSİH ALLAH DEYİL

Müqəddəs Kitabda deyilir ki, «tək bir Allah var». İsa Məsih isə Allahın elçisidir (1 Korinflilərə 8:6). Məsih özü də birmənalı şəkildə bildirmişdi ki, Allah ondan üstündür və onu yer üzünə göndərən Allahdır (Yəhya 11:41, 42; 14:28) *.

^ abz. 17 İsa Məsih haqqında daha çox öyrənmək istəyirsinizsə, www.isa4310.com saytında yerləşən «Xoşbəxtlik gətirən həqiqi iman» adlı broşürün 89-cu bölmələrinə baxın.