Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Ayrılıq yarası

Ayrılıq yarası

Problem

«Fikirləşirdim ki, öz həmdəmimi tapmışam. Bütün ömrümü onunla keçirməyə hazır idim. Amma görüşəndən cəmi iki ay sonra münasibətlərimizə son qoymalı oldum. İnana bilmirdim ki, belə gözəl başlanğıc bu qədər tez sona çata bilər» (Anna *).

«Mənə elə gəlirdi ki, o, ikinci “mən” idi. Xəyalən artıq onunla evli idim. Vaxt keçdikcə gördüm ki, biz tamamilə fərqli insanlarıq. Nə qədər böyük səhvə yol verdiyimi dərk etdim və ondan ayrıldım» (Elan).

Bu hisslər sənə tanışdır? O zaman bu məqalə sənə olub-keçənləri götür-qoy edib hisslərinlə mübarizə aparmağa kömək edəcək.

NƏYİ BİLMƏLİSƏN?

Münasibətləri dayandıran tərəf sən olsan da, ayrılıq əzabı səndən də yan keçmir. Altı ay görüşəndən sonra sevgilisindən ayrılan Sara adlı bir qız bölüşür: «Özümü çox pis hiss edirdim. Bir vaxtlar həyatımı və gələcəyimi onunla görürdüm adam artıq mənim həyatımda yox idi. Həmin vaxtlar mən bizim üçün xüsusi olan mahnıları eşidəndə birgə keçirdiyimiz günləri xatırlayırdım. Birlikdə olduğumuz yerlərdə olanda onun yoxluğunu hiss edirdim. Düzdür, münasibətlərimizə özüm son qoymuşdum, amma yenə də əzab çəkirdim».

Ayrılıq ağrılı olsa da, bəzən faydalıdır. Elan deyir: «Düzdür, heç kimin qəlbini qırmaq istəmirsən, digər tərəfdən də anlayırsan ki, bu uğursuz münasibətlər davam etsə, əvvəl-axır hər ikiniz əzab çəkəcəksiniz». Sara da bu fikirlə razıdır: «Düşünürəm ki, bir insanla görüşən zaman xoşbəxt deyilsənsə, çox ehtimal ki, ailə qurandan sonra da xoşbəxt olmayacaqsan. Buna görə ən yaxşısı ayrılmaqdır».

Ayrılıq uğursuzluğun göstəricisi deyil. Oğlanla qızın görüşməsi mütləq deyil ki, nikahla nəticələnsin, görüşərkən məqsəd düzgün qərar vermək olmalıdır. Əgər səndə və ya görüşdüyün adamda münasibətlərinizlə bağlı şübhə varsa, bu zaman düzgün qərar ayrılmaq olardı. İşdir ayrılmalı olsanız, düşünmə ki, münasibətləriniz uğursuz olubsa, deməli, sən də uğursuzsan. Çalış irəli gedəsən! Bəs necə?

NƏ EDƏ BİLƏRSƏN?

Əzab çəkdiyini danma. «Mən ən yaxın dostumu itirdim», — deyə yuxarıda adı çəkilən Elan etiraf edir. Sənə çox yaxın olan bir adamla ayrılandan sonra bir müddət məyusluq keçirməyin normaldır. «Münasibətləri dayandırmağın ən düzgün qərar olduğunu bilsən də, istər-istəməz əzab çəkəcəksən», — deyə Adəm bölüşür. Ola bilsin, sən də Davud peyğəmbərin keçirdiyi hissləri keçirirsən. O, əzablı vaxtlarında belə sözlər yazmışdı: «Yatağım bütün gecəni ağlamaqdan yamyaş olub» (Zəbur 6:6). Bəzən əzabdan qurtulmağın ən yaxşı yolu ondan qaçmaq yox, onu yaşamaqdır. Keçirdiyin hisslərin normal olduğunu qəbul etmək sağalmaq üçün ilk addım ola bilər. (Müqəddəs Kitab prinsipi: Zəbur 4:4.)

Səni sevən insanların əhatəsində ol. Düzdür, bu, elə də asan deyil. «Əvvəl-əvvəl heç kimi görmək istəmirdim. Özümə gəlmək, baş verənlər haqda düşünüb-daşınmaq üçün mənə vaxt lazım idi», — deyə yuxarıda adı çəkilən Anna etiraf edir. Amma bir müddət sonra Anna ona ayağa qalxmağa kömək edən dostlarla vaxt keçirməyin xeyrini gördü. O deyir: «İndi əhvalım daha yaxşıdır və ayrılıq mənə əvvəlki kimi ağrı vermir». (Müqəddəs Kitab prinsipi: Məsəllər 17:17.)

Başına gələnlərdən ibrət götür. Özündən soruş: «Yaşadıqlarım nələrin üzərində işləməli olduğumu göstərdi? Gələn dəfə kiminləsə münasibət qurarkən nəyi başqa cür edəcəyəm?» Marsiya adlı bir qız deyir: «Bir müddət sonra mən olub-keçənləri daha yaxşı təhlil edə bildim. Amma vəziyyətə sağlam baxmaq üçün mənə öncə hisslərimi bir qırağa qoymaq lazım gəldi». Yuxarıda adı çəkilən Adəm də eyni fikirdədir. O deyir: «Ayrılandan bir il sonra ancaq özümə gəldim. Başıma gələnlərdən ibrət götürmək üçün isə daha çox vaxt lazım oldu. Özüm, əks cins və münasibətlər haqda çox şey öyrəndim. İndi ayrılıq mənə əvvəlki kimi əzab vermir».

Narahatçılıqların barədə dua et. Müqəddəs Kitabda yazılıb ki, Allah «qəlbisınıqlara şəfa verir, sızıldayan yaralarını sarıyır» (Zəbur 147:3). Allah aradüzəldən deyil, sevgilimizlə ayrılanda da Onu günahlandıra bilmərik. Allah sənin xeyrini düşünür. Duada ürəyini Ona boşalt. (Müqəddəs Kitab prinsipi: 1 Butrus 5:7.)

^ abz. 4 Adlar şərtidir.